Accessibility links

Ermənistan-Azərbaycan sərhədində artan gərginlik, Minsk Qrupunun həmsədrlərinin bəyanatı və rəsmi baxışlar


Ermənistan və Azərbaycan sərhədi
Ermənistan və Azərbaycan sərhədi

Son günlər Azərbaycan-Ermənistan sərhədinfəki gərginlik artan xətlə inkişaf etməkdədir. Hər iki ölkənin rəsmi qurumları qarşılıqlı atışmalar barədə məlumatlar yaymaqda davam edir. Tərəflər atəşkəsin pozulmasında bir-birini günahlandırır.

ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

Minsk Qrupunun həmsədrləri tərəfləri birbaşa dialoqu davam etdirməyə çağırır

Noyabrın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri - Endrü Şofer (ABŞ), İqor Xovayev (Rusiya Federasiyası) və Bris Rokfeyl (Fransa) Ermənistan-Azərbaycan sərhədində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıb.

Sənəddə deyilir ki, həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşırlar.

Həmsədrlər tərəfləri 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır

“Həmsədrlər tərəfləri vəziyyətin dərhal deeskalasiyası üçün konkret addımlar atmağa çağırır. Həmsədrlər həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.”

Həmsədrlər son zamanlar gərginliyin artması fonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır.

“Həmsədrlər regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, birbaşa dialoqu davam etdirməyə çağırır,” sənəddə qeyd edilir.

Cəbhə xətti
Cəbhə xətti

Ermənistan Rusiyaya müraciət edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün, noyabrın 16-da yerli televiyaya müsahibəsində bildirib ki, Ermənistanla ilə Rusiya arasında mövcud olan 1997-ci il müqaviləsi çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Rusiya müraciət edilib.

Biz Rusiyanın yardım göstərəcəyini gözləyirik və Ermənistanın ərazi bütövlüyünü bərpa etmək imkanımız olacaq.
Armen Qriqoryan, Ermənistan Təhlükəsizlik Şurasının katibi

“Biz Rusiyanın yardım göstərəcəyini gözləyirik və Ermənistanın ərazi bütövlüyünü bərpa etmək imkanımız olacaq,” Təhlükəsizlik Şurasının katibi bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi isə bildirib ki, son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir.

“Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır", Mətbuat xidməti idarəsi bildirib.

"Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan Silahlı Qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir. Bütün bunlar onu göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycan ilə sərhədlərin delimitasiyasında maraqlı deyil. Vurğulayırıq ki, bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür," Xarici İşlər Nazirliyi qeyd edib.

Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Öz növbəsində Prezidenti İlham Əliyev noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Dövlət başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.

Sərhəddə intensiv atışmaların dairəsi genişlənir

Gərginliyin artması ATƏT-in Minsk Qrupunun birgə bəyanatından sonra da davam etməkdədir. Belə ki, əvvəlki günlərdə qarşılıqlı atışmalar iki ölkə sərhədinin iki istiqamətində baş verirdisə, dünəndən, noyabrın 15-dən başlayaraq artıq Ermənistan-Azərbaycan sərhədinin əsas istiqamətlərini əhatə edir.

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 16-da bildirib ki, Ermənistan Silahlı Qüvvələri dörd istiqamətdən Azərbaycanın Kəlbəcər, Tovuz, Gədəbəy, Tovuz rayonunun iyirmiyədək yaşayış məntəqələri istiqamətində intensiv atəş açıb.

"Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır," Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Cəbhə xətti
Cəbhə xətti

Nazirlik həmçinin qeyd edir ki, bu gün, noyabrın 16-da erməni tərəfi Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar, artilleriya və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarına atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

“Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib,” Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanla “sərhəddə növbəti təxribat törədib”.

“Noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın şərq istiqamətində növbəti təxribata başlayıb və Ermənistan tərəfini atəşə məruz qoyub. Erməni bölmələri düşmənin irəliləməsinin qarşısını almaq üçün cavab addımlarına əl atıb. Müdafiə Nazirliyi vaxtaşırı vəziyyətlə bağlı açıqlama verəcək,” Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Noyabrın 15-də Ermənistan Təhlükəsizlik Şurasının yaydığı bəyanatda isə deyilir ki, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətindəki sərhəd hissələrindən birində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri zirehli texnikanın dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrinin 4 döyüş mövqeyini mühasirəyə alıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirirb ki, Azərbaycan hərbçiləri ölkənin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirir.

İki ölkənin sərhədlərində gərginliyin artması Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun noyabrın əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağı ilə bağlı yaydığı məlumatdan sonraya təsadüf edir.

Müşahidəçilərin firkincə, liderlərin görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın yaradılması, həmçinin Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək Meğri dəhlizi də daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılacağı barədə sənəd imzalanacağı gözlənilir.

Rəsmi məlumatlara görə, noyabrın 13-də Azərbaycan hərbçilərinin və Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığında keşik çəkdiyi buraxılış məntəqəsində erməni əsilli bir mülki şəxs qumbara atıb.

Putin
Putin

Vladimir Putin: Rusiya vasitəçiliyi ilə əldə edilən üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməkdə davam edəcək

Son gərginliklə bağlı siyasi baxışlara gəlincə, noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasındakı telefon danışığı zamanı Dağlıq Qarabağ nizamlanması müzakirə olunub.

Vladimir Putin qeyd edib ki, vəziyyətin sabitləşməsinə kömək etmək üçün addımlar atmaqda və Rusiya vasitəçiliyi ilə əldə edilən üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməkdə davam edəcək.

Vəziyyətin sabitləşməsinə kömək etmək üçün addımlar atmaqda və Rusiya vasitəçiliyi ilə əldə edilən üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməkdə davam edəcəm.
Vladimir Purin. Rusiya prezidenti

Elə həmin gün, noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Baramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib ki, dayanıqlı sülh, inkişaf və tərəqqi Azərbaycanın gələcək vizyonunun əsasını təşkil edir və bu xüsusda, üçtərəfli bəyanatların tam icrası mühümdür.

“Azərbaycan tərəfi bu istiqamətdə atılan addımlara Ermənistanın qarşılıq verməsini gözləyir”.

Nazir bildirib ki, bölgədə bütün kommunikasiyaların açılması “Ermənistan və Azərbaycan ərazisindən keçməklə həm bu iki ölkə, həm də bütün bölgə ölkələri, eləcə də tərəfdaşlarımızın xeyrinə ticarət və nəqliyyat daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək”.

“Bu xüsusda Zəngəzur dəhlizi önəmli təşəbbüsdür. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda etibarlı və təhlükəsiz logistik dəhizləri təmin etmək səylərinə töhfə verəcək,” o qeyd edib.

Öz növbəsində, Ermənistan Təhlükəsizlik Şurasının noyabrın 15-də yaydığı bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə nizamlanmasının, yəni qoşunların Sovet Ermənistanı ilə Sovet Azərbaycanının de-yure sərhədindən çıxarılmasının və sərhədin demarkasiyası və delimitasiyasına başlanılmasının zəruriliyini vurğulamaqda davam edir.

“Biz həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərini Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli həlli üçün səyləri gücləndirməyə çağırırıq,” Təhlükəsizlik Şurasının Ermənistan mediasında yayılan bəyanatında qeyd edilir.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında qısa məlumat

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Regionun xəritəsi
Regionun xəritəsi

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG