Accessibility links

Ermənistan Azərbaycanla sərhədin demarkasiyasında Putindən kömək istəyir


Ermənistan prezidenti Armen Sarkisyan dekabrın 8-də Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Ermənistan prezidenti bu məktubda Putindən Azərbaycan və Ermənsitan arasında sərhədin demarkasiyasında köməklik göstərməsini istəyib.

Sarkisyan vurğulayır ki, demarkasiya ətrafında mübahisələr tərəflər arasında yeni qarşıdurma təhlükəsi yaradır.

Prezident administrasiyasından bu məktub barədə məlumat verilib:

“Bu məsələnin müstəsna mühümlüyü və aktuallığını nəzərə alan prezident Sarkisyan bundan sonra yarana biləcək gərginliyin və hadisələrin neqativ inkişafının qarşısının alınması məqsədilə Ermənistan və Azərbaycan arasında demarkasiya prosesinin yekunlaşrılmasında kömək etməsi üçün Rusiya prezidentinə müraciət edib”.

Nikol Paşinyan demişdi ki...

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 27-də xalqa müraciətində Kəlbəcər rayonu ərazisindəki Zod-Söyüdlü qızıl yatağı ətrafında yaranmış situasiyaya da toxunmuşdu.

O sərhədin GPS sistemləri vasitəsilə delimitasiya olunduğunu demişdi.

Bundan başqa Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Bu xəbərlə bağlı Azərbaycan tərəfindən hələki rəsmi açıqlama olmayıb.

Xatırlatma

Söyüdlü – Zod yatağı Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu yatağın ehtiyatları 112,5 ton, Ağduzdağ və Tutxun yataqlarının ehtiyatları isə 13 tondan çoxdur.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bir neçə dəfə Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib.

Müraciətdə vurğulanıb ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb.

Ermənistan 1998-ci ildə Kanadanın "First Dynasty Mines Ltd" şirkəti ilə müqavilə imzalayıb və təkcə Zod yatağından 5 ton qızıl çıxarılıb. Daha sonra həmin yataqların işlənməsi üçün Hindistanın "Sterlite Gold Ltd" şirkəti ilə birgə müəssisə yaradıb.

Sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar. Adam rayonu noyabrın 20-də, Kəlbəcər isə noyabrın 25-də Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun da Azərbaycana təhvil verilməsi nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

AzadlıqRadiosu

XS
SM
MD
LG