İlham Əliyevin prezident seçkilərini aprelin 11-də keçirilməsinə dair sərəncamını Vaşinqtonda yaşayan siyasi ekspert Ərəstun Oruclu şərh edib.
Amerikanın Səsi: Ərəstun bəy, seçkilərin konstitusiyada nəzərdə tutulduğu kimi oktyabrın 17-də deyil, aprelin 11-də keçirilməsinə münasibətiniz nədir?
Ərəstun Oruclu: Birincisi, seçki proseduru olaraq əlbəttə ki, bu, heç də ürəkaçan vəziyyət deyil. Azərbaycadan seçkilərlə bağlı vəziyyət onsuz da ildən ilə, seçkidən seçkiyə daha da acınacaqlı olubdur. Birdən iki ay sonraya seçkilərin vaxtını dəyişib, gününü təyin etmək və bununla da faktiki olaraq hakimiyyətə opponent ola biləcək - zəif, güclü fərq etməz - bütün siyasi qrupları, partiyaları, qüvvələri, pat qarşısında qoymaq, bu, artıq bir daha göstərdi ki, Azərbaycan hakimiyyətinin azad, şəffaf, ədalətli seçki keçirmək fikri nəinki yoxdur, o, ümumiyyətlə bunun üçün ən cüzi imkanları belə qapamaqla məşğuldur.
Azərbaycan hakimiyyətinin azad, şəffaf, ədalətli seçki keçirmək fikri nəiki yoxdur, o ümumiyyətlə bunun üçün ən cüzi imkanları belə qapamaqla məşğuldur.
Qaldı ki, seçkilərin indi keçirilməsinə, bu, mənim üçün şəxsən bir yenilik olmadı, çünki dekabr ayında artıq Rusiya seçkilərin keçirilmə vaxtını dəyişdikdən sonra Azərbaycanda buna hazırlıqlar görülməyə başlamışdı. Qanunvericiliyə dəyişikliklər olundu qısa müddətdə və artıq müəyyən məlumat dövrəyə buraxıldı. O zaman mən də öz Twitter hesabımda yazmışdım ki, seçkilərin zamanının dəyişdirilməsinə hazırlıq gedir. Və bu gün bu baş verdi. Yəni ki, bunun sadəcə olaraq nə zaman baş verəcəyi gözləntisindəyim, amma baş verəcəyini ehtimal edirdim, yüksək ehtimalım var idi.
Amerikanın Səsi: Bunun səbəbi nə idi? Bir neçə versiya var. Bunlardan biri odur ki, iqtisadiyyat tənəzzülə doğru gedir və devalvasiya baş verəcək. Bəs siz nə düşürsünüz?
Ərəstun Oruclu: Səbəblər çoxdur. Mən onları bir neçə qrupa bölərdim. Birinci, daxili siyasi səbəbdir, hakimiyyət daxili deyək daha çox. Bilirsiniz ki, hakimiyyətin daxilində çox ciddi diskussiyalar gedirdi, baxmaraq ki, bunu ictimai rəydən tamamilə gizlədirdilər. Amma orada-burada məlumat sızırdı, görünürdü dolayı əlamətlərindən ki, Mehriban Əliyevanın namizədliyini vermək cəhdləri var yenə də 2013-cü ildə olduğu kimi. Amma hakimiyyətin daxilində digər iki qruplaşma, biri Ramiz Mehdiyevin qruplaşması, digəri də ilk baxışdan nəzərə çarpmayan, amma kifayət qədər nüfuzlu olan və getdikcə nüfuzu artan Bəylər Əyyubovun, şərti olaraq, xalq arasında “kürd qruplaşması” adlanan qruplaşması təbii ki, buna qarşı idi, çünki Mehriban Əliyeva onlar üçün birləşdirici fiqur deyil və o bugünkü hakimiyyətin hətta fəlsəfəsini dəyişə bilərdi. Bu baxımdan da bunlar gözlənilən idi və anons da əslində YAP icra katibi, baş nazirin müavini Əli Əhmədovun bəyanatı ilə verildi bir neçə gün bundan əvvəl. Və o zaman bu siqnal idi və bu siqnalın ardınca da bu hadisə oldu. Birinci səbəb bu idi, başlıca səbəb, çünki Azərbaycan hakimiyyəti üçün prioritet hakimiyyətin qorunmasıdır.
Yaxın Şərq bölgəsində hər hansı kataklizmlər baş verərsə, Rusiya üçün ən yaxın yol məhz Azərbaycan-İran yoludur.
İkinci səbəb regional və geo-siyasi səbəb idi. Rusiya seçkilərin müddətini məhz elə buna oxşar səbəblərdən dəyişdi. Amma eyni zamanda bilirsiniz ki, Yaxın Şərq bölgəsində bu dəqiqə bir qədər mürəkkəb, bir qədər qarışıq, dolaşıq proseslər gedir ki, bu, son nəticədə bölgədə daha miqyaslı hərbi qarşıdurmalara gətirib çıxara bilər. Rusiya da həmin bölgəyə öz marağını artırmaqla, öz mövqeyini orada möhkəmləndirməklə bir növ iddialı geo-siyası oyunçuya çevrilməkdədir. Bu baxımdan Rusiyaya Azərbaycanın daxilində loyal hakimiyyətin olması vacibdir. Amma Paşayevlərin adı, Mehriban Əliyevanın adı daha çox qərbpərəst kontekstdə hallandırılır. Hərçənd mən özüm elə hesab etmirəm. Amma hər halda, belə kontekstdə hallandırılırdı. Digər tərəfdən bilirik ki, Rusiyanın Azərbaycanın daxilindəki əsas dayağı məhz Ramiz Mehdiyevin qruplaşmasıdır. Belə olduğu halda siyasi hakimiyyətin əsas vasitələrini əlində cəmləmiş qrupu itirmək Rusiyanın təbii ki, marağında deyildi və Rusiya Azərbaycana daim bir yol kimi baxır. İrana çıxış yolu kimi, İran vasitəsilə Yaxın Şərqə və s. Ola bilər bir az mücərrəd görünsün, amma yenə də deyirəm ki, Yaxın Şərq bölgəsində hər hansı kataklizmlər baş verərsə, Rusiya üçün ən yaxın yol məhz Azərbaycan-İran yoludur.
Bundan başqa bölgədə son dövrlərdə formalaşmış Türkiyə-Rusiya-İran triosunun təsiri və ya nüfuzunun artması fonunda Azərbaycan, faktiki olaraq, Bermud üçbucağına düşmüş vəziyyətdə idi. Mən düşürəm ki, hətta bu təklifmi, diktəmi Rusiyadan gəlib. Mən bunu istisna etmirəm.
Nəhayət iqtisadi səbəb. Bu gün müxtəlif məlumatlar ortaya atılır hakimiyyət və hakimiyyətə yaxın media tərəfindən bu gün artıq güya iqtisadiyyatın, manatın mövqeyinin yaxşı olması ilə bağlı. Güya manat hələ növbəti iki ildə də öz gücünü saxlayacaq. Amma bunun üçün heç bir iqtiadi səbəb yoxdur ortada. Azərbaycan iqtisadiyyatı kiçilməkdə davam edir. Ən optimist proqnozlara görə, bu il Azərbaycanın ümumdaxili məhsul artımı -2 faiz olacaq, yəni ÜDM kiçiləcək həcmdə. Bu isə o deməkdir ki, bu, özünü insanların həyatında da göstərəcək, milli valyutanın alıcılıq qabiliyyətində də göstərəcək. Daxili istehsal prosesi yoxdur. Azərbaycanda faktiki olaraq, heç bir iqtisadi islahatlar aparılmayıb. Ona görə, əlbəttə ki, o problemlər böyüməmiş, seçkini keçirib, bir az da şəraiti kəskinləşdirmək, bir qədər də mümkün imkanları qapatmaq və cəmiyyəti yumruq altında saxlamaq. Bu amilin də rolu var, birmənalı olaraq.
Sabah Rusiyanın özündə destabilizaiya olarsa, İlham Əliyevə öz hakmiyyətini bir növ legitimləşdirmək lazım idi.
Və nəyahət dediyim kimi, bu gün dünyada çox qeyri-müəyyən geo-siyasi durum mövcuddur. Bu gün iki il qabaqkı kimi mülahizə yürütmək, təhlil etmək mümkün deyil ki, gücllər, nisbətlər, münasibətlər, mövqelər nədən ibarətdir. Ona görə də, yaranmış vəziyyətdə, məsələn sabah Rusiyanın özündə destabilizaiya olarsa, İlham Əliyevə öz hakmiyyətini bir növ legitimləşdirmək lazım idi. Belə bir səbəb də var idi. Yəni hadisələrin quyruğunda, arxasında getməmək üçün məhz onu önləmək. Bu addım da atıldı. Və nəzərə alsaq ki, Azərbaycan cəmiyyətində ciddi müqavimət göstərə biləcək, mübarizə apara biləcək qüvələr faktiki yoxdur, Azərbaycanda bir ovuc orada, bir ovuc burada müxalifət qrupları var ki, onlara partiya da demək çətindir artıq (yenə deyirəm bunun obyektiv və subyektiv tərəfləri var). Bu qruplar da öz aralarında, bilirik ki, rəqabət, dava, mübarizə aparırlar. Belə olan şəraitdə nə qədər ki, sakitlikdir, nə qədər ki, əmin-amanlıqdır siyasi mənada, seçkiləri keçirib istənilən şəkildə, legitimlik təmin etmək zəruri idi hakimiyyət üçün və onlar da bu addımı atdı.
Amerikanın Səsi: Bu qərarın ATƏT-in müşahidəçi göndərməsinə nə cür təsiri olacaq. Yəni onlar qısa və uzunmüddətli müşahidəçilər göndərirlər. Amma indi artıq seçkiyə az vaxt qalır. Sizcə müşahidəçi göndərməmələri mümkündürmü?
Ərəstun Oruclu: Əlbəttə, hakimiyyət çalışacaq ki, bütün şəraiti yaratsın ki, mütləq gəlsinlər. Ona görə ki, legitimlik çox vacibdir. Ən əsası da düşünürəm ki, legitimliyin təmin olunması üçün bəzi müxalifət partiyalarına da şərait yaradacaqlar ki, onlar iştirak etsinlər, baxmayarq ki, iki ay çox qısa müddətdir.
Əslində bu qərar ATƏT-dən və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan asılı olacaq. Onlar gedəcəkmi şahidliyə, yoxsa imtinamı edəcək? Əslində normal meyarlarla götürdükdə ATƏT imtina etməlidir bundan. Uzunmüddətli müşahidə artıq alınmır, bu, 100 faiz faktdır. Qısamüddətli müşahidənin isə nə mənası var. Heç bir mənası yoxdur. Yəni ATƏT bu seçkiləri legitim olaraq tanımaq istəyəcəksə, gedib müşahidə edəcək. Çox təəssüf ki, biz beynəlxalq aləmdən bu cür yanaşmalar da görmüşük ki, müşahidənin məqsədi məhz seçkiyə legitimlik donu geyindirmək olub. Ümid edək ki, bu dəfə bu olmayacaq. Ən azından Əliyev höküməti özünü tam rahat hiss etməyəcək və beynəlxalq faktorun da dəstəyi ilə spekulyasiya etməyəcək.
Amerikanın Səsi: Beynəlxalq icitmaiyyətin, məsələn Qərb ölkələrinin hər hansı reaksiyası gözlənilirmi bu məsələ il bağlı?
Ərəstun Oruclu: Mən o barədə pessimistəm. Mən ciddi reaksiya gözləmirəm. Düşünürəm ki, hansısa bəyanatlar, çağırışlar ola bilər, amma seçkinin nəticələrini tanımamaq və ya bundan daha az ciddi, məsələn çox sayda pozuntuların olduğuna dair kimi bəyanatlar gözləmirəm. Mən düşünürəm ki, hal-hazırkı dünyamızda geo-siyasi faktor, iqtisadi faktor daha vacibdir, nəinki seçki, demokratiya, insan haqları faktoru. Bu baxımdan mən optimist deyiləm, gözləmirəm belə dəyərləndirmələr.