Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycanda səfərdədir. Ərdoğan mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aviasiya, kosmik və texnologiya festivalında iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin rəsmi vebsaytında verilən məlumata görə, festivalda çıxış edənlər arasında Türkiyənin “Bayraktar şirkətinin” texniki direktoru Selçuk Bayraktar və Nobel mükafatı laureatı Əziz Sancar da olub.
Festivalda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətindən danışıb.
“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır,” o deyib.
Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iki ölkə arasındakı dərin münasibətləri vurğulayıb.
“Bu il biz fəxrlə diplomatik münasibətlərimizin bərpasının 30-cu ildönümünü qeyd edirik. Biz birliyimizi, həmrəyliyimizi daha da gücləndiririk. Diplomatik əlaqələrimiz 30 il əvvəl qurulsa da, tale birliyimiz tarixin dərinliklərinə gedib çıxır,” o deyib.
Çıxışlardan sonra festival çərçivəsində keçirilən müxtəlif müsabiqələrin qaliblərinə mükafatlar təqdim olunub.