Accessibility links

Ərdoğan İsraili Əl-Aqsa məscidi ətrafında məhdudiyyətlərə görə tənqid edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qüdsdə Əl-Aqsa məscidi, yəhudilərin də Dağ Məbədi adlandırdığı məbəddə təhlükəsizlik tədbirlərinə görə tənqid edib. Məscid ətrafında gərginliklərin artması Türkiyə və İsrail arasında münasibətlərin yaxşılaşdırılması səyləri qarşısında təhlükə kimi qiymətləndirilir.

Ərdoğan partlament üzvlərinə müraciətində İsrailin müsəlmanların üçüncü müqəddəs məbəd hesab etdikləri Əl-Aqsa məscidi ətrafında təhlükəsizlik tədbirlərini kəskin tənqid edib.

Türkiyə prezidenti deyib ki, məscid ətrafında məhdudiyyətlər təhlükəsizliklə bağlı narahatlıqlarla əlaqədar deyil və İsrail Əl-Aqsa məscidini müsəlmanların əlindən əks-terror səyləri pərdəsi atında almağa çalışır.

İsrail polisi Əl-Aqsa məscidinin girişində tətbiq edilmiş məhdudiyyətlərə etiraz edən gənc nümayişçini saxlayır
İsrail polisi Əl-Aqsa məscidinin girişində tətbiq edilmiş məhdudiyyətlərə etiraz edən gənc nümayişçini saxlayır

İsrail Əl-Aqsa məscidinin girişində hündür metal detektorları yığışdırıb və onların yüksək keyfiyyətli izləmə kameraları ilə əvəz edilməsi barədə qərar qəbul edib. Metal detektorların yerləşdirilməsi qərarı silahlı ərəblərin bu ayın əvvəli İsrail polisinin iki zabitini öldürməsindən sonra verilmişdi.

Ərdoğanın Ədalət və İnkişaf partiyasının tərəfdarlarının böyük hissəsini dindar seçicilər təşkil edir. Türkiyə prezidenti eyni zamanda, özünü daha geniş mənada müsəlmanların lideri kimi göstərməyə çalışır.

Keçən həftənin cümə günü İstanbulda minlərlə insan İsrailin məhdidyyətləri və Əl-Aqsa məscidi ətrafında nəzarət tətbiq etməsinə etiraz edib. Buna oxşar nümayişlər Türkiyənin başqa şəhərlərində də keçirilib.

Türkiyədə İsrailə qarşı qəzəb İstanbulun yəhudi icmasına qarşı zorakılıqlarla nəticələnib. İslamçılar İstanbulun baş sinaqoqu olan Neve Şaloma hücum edib. Hücum nəticəsində xəsarət alan olmayıb və sinaqoqa az zərər dəysə də, tənqidçilər sinaqoqu mühafizə edən polisin müdaxilə etmədiyini bildirib.

Ərdoğan çərşənbə axşamı parlamentdə çıxışı zamanı sinaqoqa hücumu qınayıb.

XS
SM
MD
LG