Amerikanın Səsinin türk xidmətinin müxbiri, prezident seçkiləri ilə əlaqədar hazırda Türkiyədə olan Mehtab Çolak Yılmaz seçkisonrası durumla bağlı sualları cavablandırıb.
Türkiyənin prezident seçkilərində qələbə çalan Rəcəb Tayyib Ərdoğanın zəfərinin, xalqın dəstəyini əldə etməsinin əsas faktorlarından danışan Mehtab Çolak Yılmaz burada bir çox faktorun olduğunu deyib. “Ən önəmlisi müxalifətin təsirsizliyi, müxalifətin son 12 ildə yeni siyasət aşılamaması, seçkiqabağı kampaniyalarının zəifliyidir Ərdoğan xalqın dilindən istifadə edən güclü bir siyasətçidir. Digər bir faktor media idi. Ərdoğanın nəzarətində olan dövlət mediasının ona saatlarla vaxt verməsi, digər namizədlərə isə saniyələr ayırması da güclü faktorlardan biridir.”
Konstitusiyada dəyişiklik, prezidentə icraçı səlahiyyət verilməsinin ölkədə necə qarşılandığına dair sualın cavabında Mehtab Çolak Yılmaz deyib ki, bu, mübahisəli bir məsələdir. “Ərdoğanın siyasi kimliyindən uzaqlaşmayan bir prezident olacağı məlumdur. Onun idarəçilikdə daha çox yer almaq niyyəti daha artıq mübahisələrə yol acacaq.”
"Yeni baş nazir kim ola bilər?" sualını cavablandıran Mehtab Çolak Yılmaz deyib ki, çox ad çəkilir. “Abdulla Gül, xarici işlər naziri Əhməd Davutoğlu, Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri Mehmet Şahin və baş nazir yardımçısının belə adları hallanır. Kim olursa olsun, Ərdoğanla yollarının ayrılmayacağı birinin olacağı bəllidir. ”