Accessibility links

İranda 5 türk fəala 30 şallaq vurulub


Şallaq hökmü Ərdəbil zindanında icra edilib

İran İnqilab Məhkəməsinin “ümumi intizam və asayişi pozmaq” ittihamı ilə 3 ay həbs və 30 şallaq cəzasına məhkum etdiyi 5 milli fəalın 30 zərbə şallaq cəzası keçən günlərdə Ərdəbil zindanında icra edilib.

Bu haqda İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi məlumat verib.

Mustafa Pərvin, Saleh Piçqanlı, Tovhid Əmir Əmini, Murtaza Pərvin və Meysəm Colani həbs və şallaq cəzasının icrası üçün aprel ayının ilk günlərində Ərdəbil zindanına göndəriliblər.

Ərdəbilli fəallar
Ərdəbilli fəallar

Məhkəmə qurumundan Ərdəbil zindanına unvanlanmış sənədin surətinə əsasən, 30 şallaq zərbəsinin 3 aylıq həbs müddətinin bitdiyi gündə vurulmasına əmr edilmiş olmasına baxmyaraq, hökm fəalların zindana daxil olduğu ilk günlərdə icra edilib.

HRA-nın məlumatına görə, məhkəmə təmsilçiləri şallaq hökmünün icrasına nəzarət ediblər.

5 fəal ötən il sentyabr ayının 10-da Ərdəbilin Təxti Stadionunda futbol matçı zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar. Onlar bir neçə ay sonra “futbol stadionunda etnik və millətçilik məzmunlu şüarlar” səsləndirdikləri üçün “ümumi intizam və asayişi pozmaq” ittihamı ilə mühakimə edildilər.

Güney Azərbaycan Televiziyasının yaydığı məlumata görə, həmin matç zamanı stadiondakı azarkeşlər tanınmış siyasi məhbus Abbas Lisani və digər siyasi məhbuslara dəstək bildirən ifadələr yazılmış plakatlar qaldırıb və milli şüarlar səsləndirmişdilər.

Tovhid Əmir Əmini, Saleh Piçqanlı və Meysəm Colani həmçinin keçən ilin noyabr ayında Azərbaycan vilayətlərində keçirilən kütləvi “anti-irqçilik” aksiyalarına qatıldıqları üçün əlavə olaraq 3 ay və 1 günlük həbsə məhkum olunublar. Onların həbs müddəti cəmi 6 ay və bir gündür.

XS
SM
MD
LG