Accessibility links

Ərdəbil məhkəməsi Abbas Lisanini “sekular rejim” təbliğatında günahlandırır


Abbas Lisani
Abbas Lisani

Tanınmış fəala bir il həbs cəzası verilib

Ərdəbil İnqilab Məhkəməsi keçmişdə də uzun müddət müxtəlif şəhərlərin zindanlarında həbsdə saxlanılmış tanınmış güneyli fəal Abbas Lisaniyə qarşı yeni hökm çıxararaq onu bir il həbs cəzasına məhkum edib.

“Xaricdə yaşayan separatçı qruplar və Günaz TV” ilə mütəmadi şəkildə əməkdaşlıq etməkdə günahlandırılan sabiq siyasi məhbus həmçinin 2011-ci ildə Urmiyə gölü ilə bağlı keçirilən kütləvi etirazlarda iştirakı və saytlarda nəşr etdiyi bir məqaləsində “laik və sekular rejim”in zərurətindən bəhs etdiyi üçün “rejimə qarşı təbliğat” ittihamı ilə üzləşib.

Ərdəbil İnqilab Məhkəməsinin çıxardığı hökmün təsviri
Ərdəbil İnqilab Məhkəməsinin çıxardığı hökmün təsviri

Ərdəbil İnqilab məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Əsədpur tərəfindən çıxarılan hökmün təsviri Günaz TV və Oyan News veb səhifələrində nəşr edilib.

Məhkəmə sənədində Əsəd oğlu Abbas Lisani 2011-ci ildə Urmiyə Gölü ilə bağlı bir layihənin [İran Parlamenti tərəfindən] rədd edilməsindən sonra Ərdəbil vilayətində əhalini şəhər meydanlarında etiraz aksiyası təşkil etməyə çağıran “separatist qrupların əsas ünsürü” kimi təqdim edilib.

Hökmdə milli fəal tərəfindən nəşr edilən Tarixin çölündə bir ilğım (sərab) adlı məqaləsində dərc olunmuş bəzi bölümlərin İran İslam Respublikasına qarşı təbliğat mahiyyəti daşıdığı irəli sürülüb.

“Müttəhim hazırlayıb yaydığı Tarixin çölündə bir ilğım adlı məqalədə laik və sekular bir rejimin təsis edilməsinin gərəkli olduğunu və [İran] 30 illik dini hökümət üzündən gənclərin dindən uzaqlaşdığını qeyd edib,” deyə hakim Əsədpurun imzaladığı sənəddə yazılıb.

Abbas Lisani bundan əvvəl də İranın müxtəlif məhkəmələri tərəfindən həbs cəzası alaraq dəfələrlə Ərdəbil, Təbriz, Yəzd və Əhər kimi şəhərlərin Ettelaat həbsxanaları və mərkəzi zindanlarında saxlanıb. Amnesty International həmin illərdə onu vicdan məhbusu adlandırıb.

XS
SM
MD
LG