Accessibility links

İlham Şaban: 2018-ci il enerji sahəsində irimiqyaslı layihələrlə yadda qalacaq [Video-müsahibə]


İlham Şaban: 2018-ci il enerji sahəsində irimiqyaslı layihələrlə yadda qalacaq
please wait

No media source currently available

0:00 0:07:11 0:00

Neft Araşdırmaları Mərkəzinin rəhbəri Amerikanın Səsinə müsahibəsində neft-qaz strategiyasından danışıb

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Azərbaycanın neft-qaz strategiyası və tranzit imkanlarından danışıb.

Amerikanın Səsi: 2017-ci ildə Azərbaycanın neft-qaz strategiyasının əsas istiqamətləri necə olub? Neft-qaz gəlirləri ölkənin iqtisadi-sosial inkişafında hansı rol oynayıb?

2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycan dövlətinin mənfəəti təqribən 1,2 milyard dollar çox olub.

İlham Şaban: 2017-ci ildə ölkənin neft-qaz strategiyası əsasən gəlirlərin artmasına yönəlib. Bu yönümdə kapital xərclərinin azaldılmasını müşahidə etmişik. Azəri-Çıraq-Günəşli layihəsi üzrə təqribən 1 milyard dollar kapital xərclərinin azaldılması baş verib. Baxmayaraq ki, bu layihə çərçivəsində neft hasilatı 2 milyon ton azalıb. Hansı ki, bu 2012-ci illə müqayisədə son beş ildə ən yüksək hasilat azalmasıdır. 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycan dövlətinin mənfəəti təqribən 1,2 milyard dollar çox olub. Yəni, bu hökumətin strategiyasının düzgün istiqamətdə yönəldiyinin göstəricisidir. İkinci tərəfdən, hasilatın aşağı düşməsi qış aylarında Azəri-Çıraq-Günəşlidən daha çox səmt qazının Azərbaycan tərəfinə yönəldilməsi ilə müşayiət olunub. Nəticə etibarı ilə Azərbaycan tərəfi öz yataqlarında hasilatın aşağı düşməsi fonunda Azəri-Çıraq-Günəşlidən qaz aldı və neft gəlirlərini artıra bildi.

Amerikanın Səsi: 2018-ci ildə neft-qaz yataqlarının istismarı və kəmərlərin tikintisi sahəsində hansı işlər görüləcək?

Azərbaycanın Türkiyədəki ən böyük investisiya layihələrindən olan “Star” Neft Emalı Zavodu 2018-ci ildə işə salınacaq.

İlham Şaban: Ümumiyyətlə neft-qaz strategiyamıza baxsaq, 2018-ci il çox yaddaqalan bir il olacaq. Nəyə görə? Çünki həm Azərbaycan Respublikasının daxilindəki layihələr, həm də Azərbaycan Respublikasından kənarda Azərbaycanın həyata keçirdiyi layihələr çərçivəsində bir sıra obyektlərin istismara verilməsi planlaşdırılır. Bunlar əsasən qaz layihələridir. Cənub Qaz Dəhlizinin birinci hissəsi istismara veriləcək. Bu ilin ortalarından başlayaraq Şahdəniz-2 layihəsi qurğuları istismara veriləcək. Sonra Cənub Qaz Dəhlizi boru kəmərinin genişləndirilməsi və nəhayət TANAP layihəsi işə düşəcək. Bununla da Azərbaycan qazı Şahdəniz-2 layihəsi ilə Türkiyə bazarına nəql ediləcək. Bundan əlavə, Azərbaycanın Türkiyədəki ən böyük investisiya layihələrindən olan “Star” Neft Emalı Zavodu 2018-ci ildə işə salınacaq. Ölkə daxilində isə 2018-ci il daha masştablı layihələrlə yadda qalacaq. Bu il Sumqayıtda Dövlət Neft Şirkətinin “SOCAR-Karbamid” Zavodunun açılışı planlaşdırılır. Yəni bu, ilk zavod olacaq. Sonra SOCAR-Polimer layihəsi çərçivəsində daha iki zavodun işə düşməsi gözlənilir. Bu layihələr artıq 2019-cu ildə tam gücü ilə işləyəcək. Bu layihələr Dövlət Neft Şirkətinin artıq yeni bir seqmetidir ki, onun ənənəvi biznesindən əlavə gəlir gətirməyə imkan yaradacaq.

Amerikanın Səsi: Azərbaycanın hazırki strategiyası gələcəkdə özünü enerji tranziti mərkəzi kimi təsdiq etməsi üçün zəmin yaradırmı?

2017-ci ilin 11 ayının yekunlarına görə, tranzit həcmləri 5 milyon tondan çox olub.

İlham Şaban: Əlbəttə, Azərbaycan təqribən 10 il əvvəl neft boru kəmərləri vasitəsi ilə, yəni masştablı şəkildə Xəzəri dünya bazarı ilə birləşdirən Bakı-Tbilisi-Ceyhanla buna start verdi. 2010-cu ildə artıq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Xəzərin o tayından (şərq istiqaməti, söhbət Qazaxıstan və Türkməinstandan gedir-red) ilk tranzit nefti nəql edilməyə başladı. 2017-ci il nə ilə yadda qaldı? 2017-ci ilin 11 ayının yekunlarına görə, tranzit həcmləri 5 milyon tondan çox olub. Yəni, bu həcmlər get-gedə artan istiqamətdə inkişaf edəcək. Nəyə görə? Çünki, əgər bizdə neft həcmləri azalmağa doğru gedirsə Xəzərin sağ sahilində, əsasən də Qazaxıstanda bu həcmlər 2035-ci ilədək artan templə inkişaf edəcək. Bunun da bir qismi Azərbaycan üzərindən nəql olunacaq. Uzaq perspektivdə qaz həcmlərinin də Azərbaycan üzərindən nəql edilməsi imkanları var. Eyni zamanda Azərbaycandan elektrik enerjisinin tranziti məsələləri də gündəmdədir. Biz bunu əsasən şimal-cənub istiqamətində, yəni Rusiya elektrik enerjisinin İranın şimal bölgələrinə nəql edilməsi sayəsində tranzit ölkə kimi çıxış edə bilərik.

Amerikanın Səsi: Ölkənin neft və neft-kimya sənayesinin inkişafı perspektivlərini necə görürsünüz?

Gələn on illiyin ortasınadək Azərbaycanın bu sahədən 1 milyard dollardan artıq gəlir götürmək perspektivi var.

İlham Şaban: Bu Azərbaycan üçün tamamilə yeni bir sahədir. Azərbaycan son illər bu sahəyə diqqət yetirir və investisiyalar qoyur. Əvvəl Azərbaycan bu sahədən cəmi 70-100 milyon dolar arasında gəlir götürürdüsə, indi get-gedə bu sahə çox perspektivli olur. Gələn on illiyin ortasınadək Azərbaycanın bu sahədən 1 milyard dollardan artıq gəlir götürmək perspektivi var. Həm də bir şeyi qeyd etmək lazımdır ki, neft-kimya sənayesi həm ixrac yönümlüdür, həm də ölkənin daxili bazarı üçün cəlbedicidir. Azərbaycanda yaradılan kimya parkı çox faydalı bir sənaye-investisiya yönümlü layihədir. Yəni, bunun Azərbaycan bazarı üçün multieffektiv təsiri ola bilər.

XS
SM
MD
LG