Accessibility links

“ABŞ Azərbaycanın dünya enerji təhlükəsizliyində əsas rolunu dəstəkləməkdə davam edir”


Robert Sekuta
Robert Sekuta

Səfir Robert Sekuta AÇG üzrə bağlanmış müqaviləyə Amerikanın mövqeyini açıqlayıb

“Amerika Birləşmiş Ştatları Azəri, Çıraq və Günəşli (AÇG) layihəsi üçün Hasilatın Paylaşdırılması haqqında Sazişin müddətinin uzadılması münasibəti ilə təbrik edir. Bu, Azərbaycan və onun, Birləşmiş Ştatlar daxil olmaqla, dənizdəki AÇG neft yataqlarını inkişaf etdirən tərəfdaşları üçün möhtəşəm bir gündür”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sentyabrın 14-də Bakıda Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilənin imzalanma mərasimindən sonra jurnalistlərə bildirib.

Onun fikrincə, 1994-cü ildə imzalanmış və “Əsrin Müqaviləsi” adını almış hasilatın pay bölgüsü (HPS) və bugünki yeni sazişin imzalanması eyni dərəcədə vacibdir.

“Dənizdə Azəri, Çıraq və Günəşli neft yataqlarını inkişaf etdirmiş AÇG HPS və daha sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) formalaşması neft və qazın beynəlxalq inkişafında əsas mərhələ, o cümlədən beynəlxalq enerji təhlükəsizliyi və Azərbaycan üçün böyük uğurdur".

O bildirib ki, Birləşmiş Ştatlar neft və qaz ehtiyatlarının iqtisadi çiçəklənmə və dünya enerji təhlükəsizliyinin artırılması məqsədilə əsas faktor qismində inkişafını və onların Avropa və digər bazarlara təhlükəsiz tədarükünü müşahidə edərək, neft və qaz ehtiyatlarının Azərbaycanda və Xəzər dənizi hövzəsində inkişafını 1990-cı illərin əvvəlindən başlayaraq aktiv şəkildə dəstəkləyir.

“Bu karbohidrogen ehtiyatlarının inkişafının və onların beynəlxalq təhlükəsizlik fonunda oynadığı rolun vacibliyi bu gün də Birləşmiş Ştatlar tərəfindən tanınır və xüsusi olaraq vurğulanır. Bu reallıq aydın şəkildə prezident Trampın 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının keçirilməsi münasibətilə ən xoş arzularını ifadə etdiyi 28 may tarixində yazdığı məktubda və dövlət katibi Tillersonun fevral ayında keçirdiyi Müşavirə Şurasında Birləşmiş Ştatların Cənub Qaz Dəhlizini dəstəkləməsi haqqında səsləndirdiyi bəyanatında nümayiş etdirilir”.

Səfir deyib ki, Amerikanın neft şirkətləri ABƏŞ konsorsiumunda əzəli iştirakçılar sırasında qalmaqdadır və 1990-cı illərin sonlarında Birləşmiş Ştatlar AÇG və Xəzər dənizi hövzəsindəki digər regionlardan dünya bazarlarına neft daşıyan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinə güclü siyasi və maddi dəstək verib.

“Amerikanın neft-mədən avadanlıqları və xidmət şirkətləri həmçinin bu layihələrin həyata keçirilməsində əsas rol oynayıb. BTC boru kəmərindən sonra bizim əməkdaşlığımız hazırda Xəzər qazını Gürcüstan və Türkiyəyə çatdıran Cənubi Qafqaz Boru kəmərinin tikintisinə gətirib çıxarıb”.

R.Sekuta xatırladıb ki, yaxınlarda Birləşmiş Ştatlar qaz təchizatını Avropa istehlakçılarına çatdırmaq üçün yeni mənbə və marşrut yaratmaqla Avropa enerji təhlükəsizliyini gücləndirən Cənub Qaz Dəhlizinin inkişafında Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrlə yaxından əməkdaşlıq edib.

“Bütün bu layihələr nəinki Xəzər dənizi ehtiyatlarını dünya üçün açmış, həm də Azərbaycanın iqtisadi artımına təkan verib.

Azərbaycan enerji inkişafının yeni və daha da çox ümidlər verən mərhələsinə qədəm basdığı üçün biz yeni neft və qaz ehtiyatlarının inkişaf etdirilməsi və onların bazara çıxarılması məqsədilə sizinlə əməkdaşlığımızı davam etdirmək istəyirik”.

O vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycanın ümumi inkişafında, onun qeyri-neft sektorlarının artmasında və yeni İpək Yolunun reallaşdırılmasında çoxdankı tərəfdaşı olduğu üçün uzun müddətdir ki, neft və qaz sektorunda baş verən iri həcmli strateji layihələrdə Azətbaycanın tərəfdaşı olub və tərəfdaşı olaraq qalmaqdadır. Prezident Tramp bu ilin əvvəlində söylədiyi kimi: “Mən Birləşmiş Ştatlarla Azərbaycanın son 25 ildə birlikdə qurduğu əməkdaşlığı dəyərləndirirəm və bu əməkdaşlığın davamlı inkişafını gözləyirəm”, səfir ABŞ prezidentinin fikirlərinə istinad edib.

XS
SM
MD
LG