Accessibility links

Azərbaycanın Energetika Nazirliyi Dağlıq Qarabağ və ətraf rayonlardakı enerji ehtiyatlarını açıqlayıb


“Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə işğala qədər 858,6 MVA gücündə 20 elektrik yarımstansiyası olub.”

Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.

Stansiyalar Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdamda yerləşib.

"Lakin, Ermənistanın işğalı nəticəsində infrastruktur ya tamamilə məhv edilib, ya da talan edilib," nazirlik bildirir.

Eyni zamanda, bu bölgədə 2 min kilometr uzunluğunda qaz xətləri və 34 qaz paylama stansiyası var idi.

Nazirlik ərazilərin azad edilməsindən sonra məhv və ya talan edilən infrastrukturun yenidən qiymətləndiriləcəyini qeyd edib.

Energetika Nazirliyi bəyan edib ki, Dağlıq Qarabağın və ətrafındakı bölgələrin müxtəlif enerji mənbələri üçün böyük potensialı var.

Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas iqtisadi rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kub metr su ehtiyatları bu ərazidə formalaşır.

İşğal olunmuş ərazilərdə üç iri su elektrik stansiyası olub. Bu stansiyalardan biri “Tərtər” SES 1976-cı ildə Tərtər rayonu ərazisində, Tərtərçayın üzərində Sərsəng su anbarı ilə birgə inşa edilib.

Bəndinin hündürlüyünə görə (125 metr) Sərsəng ölkədə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır.

Nazirlik qeyd edir ki, 2020-ci ilin oktyabr ayında Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılması baxımından da çox önəmli bir hadisədir.

“Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaqdır.”

Bundan əlavə, nazirlikdə hesab edirlər ki, bu bölgənin günəş və külək enerjisinin inkişafı üçün böyük potensialı var.

Kəlbəcər rayonu ərazisində və Şuşada termal su ehtiyatları var. Onların potensialı ərazilər tamamilə azad edildikdən sonra istifadə ediləcək.

Nazirlik Qarabağda kömür yataqlarının da olduğunu və xüsusilə Tərtər rayonunun Çardaqlı kəndində 8,5 milyon ton kömür ehtiyatının olduğunu bildirib.

XS
SM
MD
LG