Accessibility links

Emin İsayev: Uşaq hüquqları sahəsində ixtisaslaşmış məhkəmələr qurulmalıdır


Emin İsayev
Emin İsayev

İyunun 1-i Beynəlxalq Uşaq Hüquqları Günüdür. Bu gün Azərbaycanda da qeyd edilir. Vəkil Emin İsayev Amerikanın Səsinə müsahibəsində ölkədə uşaq hüquqlarının durumu, 2019-cu ilin aprelində intihar etdiyi iddia edilən məktəbli Elina Hacıyevanın məhkəməsi və uşaq hüquqları sahəsində qanunvericilikdən danışıb.

Amerikanın Səsi: Bu gün Beynəlxalq Uşaq Hüquqları Günüdür. Ötən il Azərbaycanda uşaq hüquqlarının qorunması məsələsi Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmələrlə yaddaşlarda qaldı. Azərbaycan məhkəmələrinin Elina Hacıyevanın ölümü ilə bağlı qəbul etdiyi qərarlar sizi qane edirmi?

Elina Hacıyevanın işində dövlətin öhdəliyinin pozulması hallarını açıq və faktlarla sübut etmişdik. Amma, məhkəmələr bu məsələyə qanunvericiliyə uyğun yanaşmayıb.

Emin İsayev: Xeyr, məhkəmələrin qəbul etdiyi qərarlar bizi qane etmir. Qane etmədiyi üçün də biz yuxarı instansiya məhkəmələrə şikayət etdik. Burada iş tamamlandıqdan sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik. Qane etməməsinin səbəbi də, yəni birbaşa həm konvensiya ilə qorunan hüquq idi, həm də “Uşaq hüquqları haqqında” qanunun 9-cu maddəsində birbaşa uşaqların həyat və sağlamlığının təminatı dövlətin öhdəliyi kimi müəyyən edilib. Bu işdə isə biz o öhdəliyin pozulması hallarını açıq və faktlarla sübut etmişdik. Amma məhkəmələr bu məsələyə qanunvericiliyə uyğun yanaşmayıb.

Emin İsayev: Uşaq hüquqları sahəsində ixtisaslaşmış məhkəmələr qurulmalıdır
please wait

No media source currently available

0:00 0:05:23 0:00

Amerikanın Səsi: Məhkəmələrin belə yanaşmasının səbəbi nə idi?

Uşaq və ailə hüquqlarının qorunması məsələsi ilə bağlı xüsusi ixtisaslaşmış məhkəmələrin qurulması, hakimlərin yetişdirilməsi hələ də öz həllini tapmayıb.

Emin İsayev: Mən belə hesab edirəm ki, uşaq hüquqlarının qorunması ilə bağlı bizdə xüsusi məhkəmələrin təşkilinin artıq vaxtı çoxdan çatıb. İxtisaslaşmış məhkəmələr, bəli, Azərbaycanda həm kommersiya, həm inzibati məhkəmələr kimi strukturlar quruldu. Amma bundan daha vacib olan, uşaq və ailə hüquqlarının qorunması məsələsi ilə bağlı xüsusi ixtisaslaşmış məhkəmələrin qurulması, hakimlərin yetişdirilməsi təəssüf ki, hələ də öz həllini tapmayıb.

Amerikanın Səsi: Təbii ki, Azərbaycanda ölkə əhalisinin böyük bir qismini uşaqlar təşkil edir. Bu istiqamətdə ixtisaslaşmış hakimlər və vəkillər varmı?

Emin İsayev: Bir az əvvəl qeyd etmişdim ki, ixtisaslaşmış məhkəmələr və hakimlər təəssüf ki, yoxdur. Təəssüf ki, belə vəkillər də yoxdur. Mən bildiyim, bu sahə üzrə hüquq müdafiəçisi Nazir Quliyev var idi. O da rəhmətə getdi. Yeganə şəxs kimi mən onu tanıyırdım. Hal-hazırda bu sahədə ixtisalaşan vəkil və hakim korpusu təəssüf ki, yoxdur.

Amerikanın Səsi: Amma icra strukturlarında kimsəsiz, valideyni olmayan uşaqlarla əlaqədar komissiyalar fəaliyyət göstərir. Belə olan halda kimsəsiz uşaqların hüquqları məhkəmələrdə necə müdafiə olunur?

Bu sahədə ixtisaslaşmış qeyri hökumət təşkilatlarına da çox böyük ehtiyac var.

Emin İsayev: Birbaşa bu halla tanış deyiləm. Əvvəllər məhkəmə işçisi, indi vəkil olaraq işlərə çox çıxmışam. Amma sırf uşaqların hüquqlarının pozulması və bu barədə məhkəmə praktikasının formalaşması ilə rastlaşmamışam. Bəlkə də belə işlər olub. Çox zəruri hesab edirəm ki, uşaq hüquqlarının tənzimlənməsi üçün bu sahə üzrə vəkillərə və hakim korpusuna çox ehtiyac var. Bu sahədə ixtisaslaşmış qeyri hökumət təşkilatlarına da çox böyük ehtiyac var. Dünyanın inkişaf etmiş, inkişaf etməkdə olan hər bir ölkəsində bu problem var. Amma problemin həlli üçün peşəkarlara ehtiyac var.

Amerikanın Səsi: Ölkədə uşaq əməyinin istismarı ilə bağlı faktlar varmı? Belə faktlar məhkəmələrdə mübahisələndirilirmi?

Emin İsayev: Dediyim kimi, mənim praktikamda, həm məhkəmədə işlədiyim dövrdə, həm vəkil kimi belə hallarla rastlaşmamışam. Amma bu, o demək deyil ki, belə fakt yoxdur. Böyük ehtimalla belə faktlar var. Dünyanın hər tərəfində oldğu kimi, bizim ölkəmizdə də var. Ümid edirəm ki, bu faktların üzə çıxarılması üçün gələcəkdə bu işlərlə məşğul olan qeyri hökumət təşkilatları, dövlət idarələri daha çox çalışacaq ki, bu hüquqlar pozulmasın.

Amerikanın Səsi: Azərbaycan BMT-nin Uşaq hüquqlarının qorunması üzrə konvensiyasına qoşulub. Ölkənin qanunvericiliyi beynəlxalq praktikaya nə qədər uyğundur?

Hüquqi baza baxımından bizim kifayət qədər möhkəm qanunvericiliyimiz var. Əsas məsələlər icra məsələləridir.

Emin İsayev: Bu məsələdə çox əminliklə deyə bilərəm ki, 1989-cu ildə Azərbaycanda uşaq hüquqları üzrə qəbul edilmiş qanunda BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqlarının qorunması üzrə” konvensiya cümlə-cümlə tətbiq edilib. Bu sahədə problem yoxdur. Yəni, hüquqi baza baxımından bizim kifayət qədər möhkəm qanunvericiliyimiz var. Əsas məsələlər icra məsələləridir. Bu məsələdə, bir az əvvəl qeyd etdiyimiz hallar ortadan qalxarsa, dövlət məsələyə daha qayğıkeş yanaşarsa, məncə ciddi bir sıxıntı olmayacaq.

Amerikanın Səsi: Uşaq hüquqları ilə bağlı qanunvericiliyin tətbiqi sahəsində vəziyyət necədir? Real durum necədir?

Bütün qəbul edilmiş qanunvericilik aktları uşaqların hüquqlarının üstünlüyü üzərində qurulmalıdır.

Emin İsayev: Təbii ki, pozuntular var. Pozuntular nəticəsində məhkəmə qərarları, digər hallar ortadadır. Sadəcə, əvvəl də qeyd etdiyim kimi, bu məsələyə dövlət xüsusilə qayğı ilə yanaşmalıdır. Hətta “Uşaq hüquqları haqqında” qanunda birbaşa göstərilir ki, uşaqların hüquqları üstündür. Bütün qəbul edilmiş qanunvericilik aktları uşaqların hüquqlarının üstünlüyü üzərində qurulmalıdır. Əgər, qanunlar bu hüquqları pozursa birbaşa həmin aktlar etibarsızdır. Yəni, qanunumuz bunu birbaşa tənzimləyir. Amma icra məsələsində, məhkəmə qərarlarında və digər hallarda bu halın tətbiqi varmı-yoxmu, bu, mübahisəli məsələdir.

XS
SM
MD
LG