Accessibility links

Emin Hüseynzadə: Sürətli internet üçün mobil operatorlar 3G, 4G texnologiyalarına keçməlidir


Emin Hüseynzadə: Sürətli internet üçün mobil operatorlar 3G, 4G texnologiyalarına keçməlidir
Emin Hüseynzadə: Sürətli internet üçün mobil operatorlar 3G, 4G texnologiyalarına keçməlidir

Azərbaycanda internet azadlığı, əhalinin sürətli internetdən istifadə vəziyyəti, hökumətlə yazışmalarda internetin rolu barədə Transitions təşkilatının layihə koordinatoru ilə müsahibədə oxuya bilərsiniz.

Transitions təşkilatının layihə koordinatoru Emin Hüseynzadə Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda internet azadlığı sahəsində mövcud durum, əhalinin sürətli internetdən istifadə vəziyyəti, hökumətlə yazışmalarda internetin rolundan danışıb.

Sual: Azərbaycanda internet azadlığı var?

Cavab: Bu sahədə beynəlxalq təşkilatların hesabatları var. Ekspertin yox, bir neçə beynəlxalq təşkilatın, məsələn AİREX, Freedom House kimi təşkilatların, hesabatlarında deyilir ki, Azərbaycan internet azadlığı sahəsində qismən azad ölkədir. İnsanlar texniki problemlər üzündən internetdən davamlı informasiya əldə edə bilmir.

Sual: Əsas problemlər nədir?

Cavab: İnternetin texniki cəhətdən çatdırılmasında iki problem var. Birincisi, texniki olaraq əksər insanlara sürətli internet çatdırılmır, ikincisi isə Azərbaycanda internetin qiymətləri digər ölkələrlə müqayisədə həddən çox bahadır. Yəni, internetin sürəti aşağıdır, qiymətlər bahadır, xüsusilə multimedia,- şəkil, video, səs və s. əldə etməkdə problemlər yaşanır. Digər problem özünü senzura ilə bağlıdır. Belə ki, bu bütövlükdə insanların problemidir, Azərbaycanda da insanlar fikirlərini internet vasitəsi ilə axıradək ifadə etmir. Bununla yanaşı, ölkədə media təşkilatları həddən artıq zəif olduğundan on-layn mediası da zəifdir. Media təşkilatlarının zəif olmasına görə, yerli məzmunlu saytların sayı da azdır, cəmiyyətin kifayət qədər məlumat alması üçün siyasət həyata keçirilmir.

Sual: Azərbaycan əhalisinin internetə əlçatımlılığı necədir? Ölkə əhalisinin neçə faizi internetdən, o cümlədən sürətli internetdən istifadə edir?

Cavab: Bu çox çətin sualdır. Çünki, müxtəlif statistikalar var və bunlar bir-birinə ziddir. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi bir məlumat verir, Beynəlxalq Telekommunikasiya Birliyi başqa məlumat verir, Azərbaycan Dövlət Statistika Komitəsi tamamilə başqa məlumat verir. Statistika Komitəsinin son məlumatına görə, əhalinin 36 faizi internetdən istifadə edir. Bunların nə qədərinin sürətli internetdən istifadə etdiyi barədə məlumat verilmir. Amma, təxmini demək olar ki, internet istifadəçilərinin 60-70 faizi sürətsiz internetdən istifadə edir. Azərbaycanda çox az insan fibrooptik və ya ayrılmış xətlə internetə qoşulub. Digər ölkələrdə olduğu kimi kabel televiziyaları vasitəsi ilə internetə qoşulmalar yoxdur. Hər il deyirlər olacaq, amma bu baş vermir. Nə qədər ki, Azərbaycanda kabel televiziyaları internet verməyəcək, mobil telefon operatorları 3G, 4G texnologiyaları ilə insanlara internet çatdırmayacaq sürətli internet də olmayacaq.

Sual: Azərbaycan əhalisinin internet üzərindən hökumətlə yazışmaları sahəsində vəziyyət necədir? Bank ödənişlərində, sosial tələblərin yerinə yetirilməsində internetdən nə qədər istifadə olunur?

Cavab: Azərbaycanda çox uzun müddətdir ki, elektron hökumətə keçid baş verir. 2005-ci ildə ölkə əhalinin cəmi 1,2 faizi internetlə hökumət saytlarına baxır, məlumat əldə edib, yazışmalar edirdisə, 2010-cu ildə bu rəqəm 9 faizə yaxınlaşıb. Bu yaxşı inkişafdır, amma çox az insanı əhatə edir. Amma, hələ də bir çox dövlət agentlikləri elektron hökumət layihəsinə qoşulmayıb. Bu ilin sonunadək prosesin sürətləndiriləcəyi gözlənilir.

Sual: İnsanların internetdən, xüsusilə sosial şəbəkələrdən siyasi məqsədlərlə istifadə vəziyyəti necədir?

Cavab: Burada, müxtəlif qruplar var. Məsələn, bu ilin yaz aylarında müxalifət mitinqlərə çağırışlar, iqtidar isə mitinqlərə gəlməmək çağırışları ilə insanlarla internet vasitəsi ilə ünsiyyət qurdu. Sosial şəbəkələrdə siyasi məqsədlərlə kifayət qədər çox yazışmalar aparılır, qruplar yaradılır. Bunun on-layn aləmində hansısa üsulla qarşısının alınmasını deyə bilmərik. Amma, of-layn başqa bir sahədir və bu insan hüquqları ilə bağlıdır. Problemlər beynəlxalq təşkilatların hesabatlarında yer alıb. Sosial şəbəkələrdə on-layn aləmində hər hansı problem yoxdur. İnsanlar siyasi mövzularda bütün fikrilərini ifadə edə bilirlər.

Sual: Amma, bu ad altında olmasa da, başqa adlar altında həbs edilənlər də var?

Cavab: Bu, başqa problemdir və birbaşa internetlə bağlı deyil. Bu, cəmiyyətin problemidir və internetlə həll edilməsi mümkün deyil. Söz və fikir azadlığına qarşı hökumətdə, cəmiyyətdə, müxtəlif qruplarda mövqe dəyişdikdən sonra, əlbəttə ki, bu sahədə də dəyişikliklər baş verəcək.

XS
SM
MD
LG