Accessibility links

Emin Hüseynov: "Mehmana həbsxanada təzyiq olunur ki, o, aclıqdan imtina etsin"


Emin Hüseynov
Emin Hüseynov

Artıq 12 gündür ona qarşı irəli sürülən ittihamlara etiraz olaraq aclıq edən bloger Mehman Hüseynovun durumu haqda qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstutunun rəhbəri Emin Hüseynovla əlaqə saxladıq.

Emin Hüseynov Mehman Hüseynovun aclıq aksiyasını davam etdirdiyini təsdiq edib və bildirib ki, qardaşı ilk olaraq etiraz aksiyasına quru aclıqla başlasa da, hazırda su və süd içir və etirazını bu şəkildə davam etdirir.

Mehmana deyirlər ki, qol çək ki, aclığı dayandırmısan.
Emin Hüseynov

“Biz aclıq üzrə bir neçə beynəlxalq ekspertlə əlaqə saxlamışıq. Ondan öncə Mehmanla görüşən həkimlər xaricdən olub, çünki ona birinci dəfə işgəncə vermişdilər. İstanbul protokoluna görə, işgəncə qurbanlarının müayinəsi zamanı görüblər ki, onun qan damarları partlayır. Əgər, məsələn, bir həftə ərzinə, aclıq edirsinizsə, bəndəndə ən tez sink ilə kalsium itirilir və bu kalsiumun bərpa olunması üçün ya banan yeməlisən, ya da süd içməlisən. Mən də Mehmana demişəm ki, süd qəbul etsin”, o deyib.

Emin Hüseynov həmçinin bildirib ki, həbsxanada Mehman Hüseynova aclıq aksiyasının dayandırması üçün təzyiqlər olunur:

“Mehmana həbsxanada təzyiq olunurdu ki, o, aclıqdan imtina etsin. Deyirdilər ki, qol çək ki, aclığı dayandırmısan. O isə imtina edir və deyir ki, mən onsuz da quru aclıq etmirəm artıq. Quru aclıq barədə də o vaxtı ərizə yazmışdı. İndi isə deyir ki, mən bundan sonra su qəbul edəcəm.”

Emin Hüseynovun sözlərinə görə, atası Mehman Hüseynova sovqat aparır, lakin Mehman aclıq etdiyi üçün bu sovqat onun həbsxana yoldaşlarına verilməlidir. Lakin həbsxana rəsmiləri bundan istifadə edərək, Mehmana yemək göndərildiyini və onun aclığı dayandırdığını iddia edirlər.

Mehman Hüseynov
Mehman Hüseynov

“Bu aclığın məqsədi ictimaiyyətin diqqətini etiraza cəlb etməkdirsə, bu aclıq uzun müddətli olmalıdır. Məsələn Oleq Sentsov 145 gün aclıq edirdi, amma ilk gündən məhdud şəkildə qidalandırıcı maye qəbul edridi. Azərbaycan həbsxanası buna hazır deyil. Atamdan sovqatı alırlar, deyirlər ki, ‘bizdə şəkil var ki, sən sovqat gətirdin’. Biz demirik ki, gətirmir. Mehmanla zatən mən danışanda, Mehman bildirib ki, hər məhbusun yanına tez-tez gələ bilmirlər. Sənin yanına kimsə gəlirsə, xahiş edirlər ki, ona da nə isə gətirsinlər. Bunlar da başqa məhbusa göndərilmiş paya da deyirlər ki, ‘Bax, Mehmana yemək gəlir’”.

Ombudsman Aparatı artıq 15 ildir fəaliyyət göstərir, amma bir dəfə də olsun deməyiblər ki, Azərbaycanda kiməsə işgəncə verilib. İndi də onlara təsdiq mənbəyi kimi baxmaq mənə görə qeyri-peşəkarlıqdır.
Emin Hüseynov

Emin Hüseynov həmçinin deyib ki, Ombudsman Aparatı yanlış məlumat yayır. Onlar bu gün Mehmanın yanına getdiyini və Mehmanın aclığı dayandırdığını bildirib. Lakin Hüseynovun sözlərinə görə, o, cümə günü Mehmanla telefonla danışıb və Mehman Ombudsman Aparatı nümayəndəsinin cümə günü onun yanına gəldiyini söyləyib.

“Ombudsman Aparatı artıq 15 ildir fəaliyyət göstərir, amma bir dəfə də olsun deməyiblər ki, Azərbaycanda kiməsə işgəncə verilib. İndi də onlara təsdiq mənbəyi kimi baxmaq mənə görə qeyri-peşəkarlıqdır”.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloger həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Rəsmi məlumata görə, Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və blogerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

XS
SM
MD
LG