Accessibility links

Güneydə türk şairənin ölümü sosial mediada əks-səda doğurub


Elmira Kərimi xərçənglə 2 il mübarizədən sonra həyatla vidalaşıb

Şeirlərində qadınların üzləşdiyi bərabərsizlik və Türk dilinə tətbiq edilən qadağalara qarşı etiraz edən türk şairə Elmira Kəriminin xərçənglə iki il mübarizədən sonra 32 yaşında həyatla vidalaşması İran Azərbaycanında sosial medianın gündəmini dəyişib.

Əslən Qərbi Azərbaycan vilayətinin Salmas şəhərindən olan feminist şairə bir neçə gün öncə Təbrizdə vəfat edib.

Elmira Kərimi insan haqları, bərabərlik, barış və ədalət kimi mövzularda yazdığı türkcə şeirlərini sosial mediada paylaşırdı. Bu günlərdə həmin şeirlər sadəcə onun sosial media dostları deyil, yüzlər Facebook, Twitter və Instagram istifadəçisi tərəfindən yenidən paylaşılır.

Gənc şairə şeirlərində “kişilərin beyinlərində qurulmuş dünya”ya qarşı üsyan edib:

Yasaq bir yaşam
Qutsal bir torpaq
Fərq etməz
Nərəli olursan ol
Dünya sadəcə kişilərin beyinlərində qurulur
O zaman
Qadın olmaq
Böyük bir savaş tanrıyla!


O, qadının üzləşdiyi bərabərsizliyə etirazını türk dili yasağına etirazı ilə birləşdirir:

Ana dilim
Bəlkə atamın olsaydın
Yasaqlanmazdın

Elmiranın Facebookda paylaşdığı son şeiri eyni zamanda onun həyata vida şeiridir:

...
Ay... Günəş... Özləyəcəyəm bütün varlığını
Bir daha görə bilməyəcəyim çox şey var
Toxunuram hər bir yerə
Bir anlıq olmalı olsa da
İzi qalsın məndə həyatın
İçimə çəkə-çəkə baxıram
Sanki içimdə qazılır varlıq
Biz bu dünyadan gedəndə
Yoxluq bizi qucaqlayıb
Göməcək əbədiyyətə
Düşünürəm, bütün insanlar dünyadan gedəndə
Dünyasını da gömsələr
Necə olar dünya!
Tanrı nə olar?

XS
SM
MD
LG