Accessibility links

Elmar Məmmədyarov: Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil


Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici İşlər Naziri amerikalı həmsədrin nizamlanma ilə bağlı təklifinə münasibət bildirib. ATƏT Dağlıq Qarabağa Suriya ermənilərinin köçürülməsini araşdıracaq

“Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarılsa, bütün məsələlər həll oluna bilər”.

Trend agentliyinin məlumatına görə bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqladığı altı təklifi şərh edərkən deyib.

Nazir bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün sülh sazişi üzərində işlərə başlamağa razılığını verib.

Elmar Məmmədyarov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində sülhməramlı qoşunlar həmin əraziyə yerləşdirilməlidir. Çünki münaqişə tərəfləri arasında inam yoxdur və məcburi köçkünlərin təhlükəsizliyi üçün sülhməramlılar yerləşdirilməlidir: “Siyasi baxımdan razılığa gəlsək, bu məsələni həll edə bilərik”.

Nazir həmçinin bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Suriyadan köçmüş ermənilərin yerləşdirilməsi məsələsini araşdıracaq.

APA agentliyinin məlumatına görə Məmmədyarov deyib ki, may ayının ortalarında həmsədrlər Ermənistana, işğal altındakı Dağlıq Qarabağa və Azərbaycana səfər edəcək: “Həmsədrlər Dağlıq Qarabağdakı vəziyyətlə tanış olmaq istəyirlər. Bilirsiniz ki, Suriyadakı xoşagəlməz hadisələrə görə oradakı bəzi ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşıblar. Mən ATƏT sədrinə bununla bağlı rəsmi məktub ünvanladım və xahiş etdim ki, fakt araşdırıcı missiya bu məsələni araşdırmaq üçün Qarabağa səfər etsin", o qeyd edib.
XS
SM
MD
LG