Accessibility links

Elmar Hüseynovun 48 yaşı - açılmayan qətl [Video & Fotoqalereya]


Elmar Hüseynovun 48 yaşı - açılmayan qətl
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Elmar Hüseynovun 48 yaşı - açılmayan qətl

Qətlə yetirilmiş jurnalistin məzarı ziyarət edilib

İyulun 17-də “Monitor” jurnalının 2005-ci il martın 2-də qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun doğum günüdür, onun 48 yaşı tamam olur.

Elmar Hüseynovun qətlindən 11 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də qətlin sifarişçiləri və icraçıları məhkəmə qarşısına çıxarılmayıb.

Ailə üzvləri, həmkarları, ictimai və siyasi xadimlər, ziyalılar jurnalistin ad günündə onun qəbri başına toplaşıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycan xalqı Elmar Hüseynovun arzuladığı media azadlığı olan açıq cəmiyyəti quracaq.

“Bir neçə gün sonra ölkə mətbuatı 140 illiyini qeyd edəcək. Həsən bəy Zərdabinin 140 il əvvəl qoyduğu azad mətbuat irsi bu gün Elmarın məzarından keçir. Elmar Hüseynov Həsən bəy Zərdabi, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Nəcəf Nəcəfov kimi simaların yolunu davam etdirib. Onun yaradıcılığı bizim üçün kifayət qədət böyük əhəmiyyət kəsb edir. Bu yol bu gün də davam edir. Onun davamçıları çoxdur, 8 nəfər jurnalist, 5 nəfər sosial şəbəkə fəalı həbsdədir”, o qeyd edib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, E.Hüseynov rejimin qurbanıdır.

“Biz hər il deyirik ki, Elmar Hüseynov bu hakimiyyətin qurbanıdır, Əliyev rejiminin, İlham Əliyevin qurbanıdır. İlham Əliyev on il əvvəl vəd etmişdi ki, bir həftəyə qətlin üstü açılacaq. Ancaq günlər aylara, illərə çevrildi. Bu məsələyə hələ də nöqtə qoyulmayıb. Bu həqiqətləri biz hər il söyləyəcəyik. Həqiqət gerçəkləşənə, tam hüquqi qiymətini alana qədər söyləyəcəyik”.

İ.Qəmbər həmçinin vurğulayıb ki, E.Hüseynovun ad günü bir qədər fərqli şəkildə qeyd olunmalıdır.

“Elmarın dünyaya gəlməyi Azərbaycan xalqının potensialından, xalqımızın gücündən xəbər verir. Biz iyulun 17-ni bayram kimi qeyd etməyi bacarmalıyıq”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hesab edir ki, bu gün Azərbaycanda media azadlığının qalib olması haqqında danışmaq mümkün deyil.

“Elmarın qətlindən keçən on il ərzində mətbuatımız bəlkə yüz il geri gedib. Hazırda ölkədə həqiqəti yazan 8 jurnalist belə yoxdur. Ancaq 800 jurnalist fəxri adalmaq üçün müraciət edib. Ölkənin mediası bu dərəcədə zəifləyibsə, 8 nəfərin həqiqəti yazmaq cəsarəti yoxdursa, ölkədə mətbuat azadlığından danışmağa dəyməz. Ancaq azad söz uğrunda mübarizə davam etməlidir. Biz itirilmiş mövqeləri bərpa edəcəyik”.

Müstəqil jurnalist Çingiz Sultansoy bildirib ki, Elmarın dərc etdirdiyi nəşrlər Azərbaycan jurnalistikasının cəsarət plankasıdır.

“Elmarın ölümündən sonra hakimiyyət jurnalistləri öldürmək yox, ələ almaq yolu tutub. Bu, o deməkdir ki, Elmar ölümü ilə də bizi qoruyur. Ümid edirəm ki, yaxın gələcəkdə qatillər cəzalandırılacaq. Bizim hakimiyyət qətlin üstünün açılmasında maraqlı deyil”.

Sultansoy həmçinin 2006-cı ilin payızında bir qrup Azərbaycan jurnalistinin Tbilisidə Elmarın qətlində günahlandırlılan Teymuraz Əliyevlə görüşdüyünü xatırladıb. O Əliyevlə görüşən jurnalistlərin arasında olub. Bundan sonra Sultansoy Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və görüşdükləri şəxsin Teymuraz Əliyev olmadığı bildirilib.

“Lakin Teymuraz Əliyevi tanıyan mərhum vəkil İsaxan Aşurov görüşdüyümüz şəxsin Teymuraz Əliyev olduğunu təsdiq etdi. Bu ondan xəbər verir ki, istintaq Teymuraz Əliyevin yaşadığı yeri bilir, lakin onu istintaqa cəlb etməyi lazım bilmir”, jurnalist qeyd edib.

XS
SM
MD
LG