Accessibility links

Elmar Məmmədyarov: Avropa İttifaqı ilə hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üçün müəyyən vaxt lazımdır


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 2019-cu ildə Bakı və Avropa İttifaqı arasında hərtərəfli tərəfdaşlıq haqqında sazişin imzalanmasının mümkünlüyü barədə suala birbaşa cavabdan yayınıb.

"Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı səmərəli tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Avropa İttifaqı ilə əməkdaşlıq gündəliyinin təşviqi nöqteyi-nəzərdən kifayət qədər səmərəli olub", Məmmədyarov 2018-ci ilin yekunları ilə bağlı bir sıra KİV-lərə müsahibəsində bildirib.

Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Bu zaman o, iyulun 11-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqşı Şurasının sədri Donald Tuskun iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetləri haqqında sənədin paraflandığını qeyd edib.

Bu sənəd oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələri nazirlərinin Lüksemburq görüşü çərçivəsində yekun şəkildə rəsmiləşdirilib.

Danışıqlar prosesi hələ də davam etdirilir. Təbii ki, buna müəyyən vaxt lazımdırş
Elmar Məmmədyarov

Nazir qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda "mühüm mərhələ" açacaq yeni hərtərəfli saziş üzrə danışıqlar davam edir.

"Danışıqlar prosesi hələ də davam etdirilir. Təbii ki, buna müəyyən vaxt lazımdır, çünki bizə də, Avropa İttifaqından olan tərəfdaşlarımıza da ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsaslarını yaradacaq, Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif istiqamətlərdə uzunmüddətli qarşılıqlı tərəfdaşlığı möhkəmləndirəcək. Güman edirik ki, o, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan strateji sənəddir. Həm də bu saziş təkcə bizə deyil, Avropa İttifaqına üzv olan ölkələrə də lazımdır", Məmmədyarov bildirib.

Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlara 2017-ci ilin fevralında start verilib.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldava Avropa İttifaqı ilə assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb.

XS
SM
MD
LG