"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 15 il keçir. Hüseynov 2005-ci il martın 2-də evinin astanasında güllələnib.
Hər il olduğu kimi bu il də ölkənin azad mediasını təmsil edən bir qrup jurnalist, ictimai-siyasi xadimlər jurnalistin məzarı başında onun xatirəsini yad edib. Çıxışlarda hakimiyyətin söz azadlığını boğması siyasətinə etiraz bildirilib.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Elmar Hüseynovun qətlinin ölkədə azad mətbuata qarşı atılan atəş olduğunu deyib.
Müsavat Partiyasının başqanı Arif Hacılı 15 il keçməsinə baxmayaraq, hələ də baş redaktorun qətlinin sifarişçiləri və icraçılarının tapılmadığını deyib.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Elmar Hüseynovun fəaliyyətini azad sözün önündə gedən şəxs kimi xarakterizə edib.
Videobloger Mehman Hüseynov jurnalistləri həbs etməklə və ya öldürməklə azad mətbuatı boğmağın mümkün olmadığını deyib.
Elmar Hüseynov 2005-ci il martın 2-də odlu silahla qətlə yetirib. Hadisənin üstündən 15 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıb.
Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.
E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub.
O, 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. Hüseynov həmçinin, "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.
2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmamasına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilirdi ki, hökumət Elmar Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.
Azərbaycan hüquq-mühafizə orqanları bəyan edib ki, onlar bu qətlinin açılması üçün bütün lazımı səyləri göstəriblər.