Artıq 3 ildən artıqdır fəaliyyət göstərən Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda təşkilatının sədri Elmar Şahtaxtinski Amerikanın Səsinə müsahibə verib. Müsahibədə cənab Şahtaxtinski Azərbaycandakı demokratiyanın vəziyyətini dünyaya çatdırılması üçün Eurovision-nun əla fürsət olduğunu bildirib. Ancaq o deyib ki, müxalif qüvvələrin hökumətin sərhədləri çərçivəsində aksiyalar keçirməsi onları zəif göstərə bilər. Elmar Şahtaxtinski ilə müsahibəni sizə təqdim edirik.
Sual: Qarşıdan gələn Eurovision mahnı müsabiqəsi avropalıları Azərbaycana gətirəcək, Azərbaycanı onlara göstərəcək. Azərbaycandakı real vəziyyətin onlara çatdırılmasında Eurovision nə kimi rol oynaya bilər.
Cavab: Eurovision-un Azərbaycanda keçirilməsi ölkəyə qeyri-adi diqqətin yönəlməsi baxımından böyük bir fürsətdir. Azərbaycanın demokratiya, insan haqları və azadlıqlar mənasında Avropa standartlarına və hətta minimal dünya standartlarına uyğun olmadığına görə, korrupsiyaya uğrayan rejimin ifşa olunması Azərbaycana dair musiqidən kənar maraq yaradır. Yalnız Avropa festivalı olmasına, ABŞ-ın burada iştirak etməməsinə baxmayaraq, bu maraq Amerikada da hiss olunur. Demokratiyaya, Azərbaycandakı insan haqlarının qorunması, azadlıqların bərpa olunması bizim təşkilatın əsas missiyası olduğu üçün biz burada müxtəlif dairələrlə əlaqələr saxlayır, müzakirələr aparır, mətbuatı izləyirik və görürürük bu diqqət özünü göstərir.
Demək istərdim ki, bu, fürsətdən başqa həm də Azərbaycan üçün böyük gözlənti, məsuliyyət gətirir. Azərbaycan hakimiyyətinin üzü açıldıqca, həm daxildə, həm də xaricdə onların totalitar rejim olması, korrupsiyalar barədə şübhə qalmır. Ancaq Azərbaycan hakimiyyətinin özünə bəraət qazandırdığı yeganə məqam ondan ibarətdir ki, bütün bu nöqsənlara baxmayaraq onlar hazırda nəzərə alınmalı yeganə qüvvədirlər. Çünki Azərbaycanda etirazları ifadə etmək istəyən və ya ifadə etməyi bacaran, ciddi mübarizə aparan qüvvə yoxdur. Hökumət göstərmək istəyir ki, hətta bu müxalif qüvvələr belə bizim qoyduğumuz sərhəd çərçivəsində fəaliyyət göstərməyə razıdır. Buna görə də, İlham Əliyev Almaniyada da, daxildə də dedi ki, Azərbaycanda kütləvi etiraz aksiyaları mümkün deyil, hər şey bizim nəzarətimiz altındadır. Məncə Eurovisiondan bir fürsət kimi istifadə olunması məsələsində bu məqam çox vacibdir. Müxalif qüvvələrin və ictimai qrupların məsuliyyəti hökumətin yaratdığı bu şəkli dağıtmaqdır. Onlar göstərməlidirlər ki, xeyr, insanlar bu haqsız, qanuna, Konstitusiyaya uyğun olmayan təhqiredici sərhəddə yaşamaq istəmir və bu qüvvələr xalqın önündə getməyə qadirdirlər.
Eurovision vaxtı Azərbaycanda etirazlar olsa, hökumət çox çətin vəziyyətə düşəcək. Çünki onların qarşısı almaq hökumətin dediklərinə, qarşısını almamaq isə planlarına ziddir. Hökumət siyasi mənada bu mərhələdə məğlub ola bilər.
Cavab: Mənim ifadə etdiyim bu fikir əlbəttə ki, təşkilat olaraq bizim fikrimizdir və həm də, müşahidə etdiyimiz fikirlərdir. Müxalifətin hər bir imkandan istifadə etməsi müsbət haldır. Razılıqlı, razılıqsız insanların öz konstitusion hüququndan istifadə etməsinə cəhd etməsi yaxşı bir göstəricidir. Ancaq mən deyərdim ki, sonuncu mitinqlərdə bir məqam var. Azərbaycanda siyasi mübarizə və sərbəst toplaşmaq mübarizəsi şəhərdən kənarda, təhqiredici mövcudiyyətlərlə - uşaqlar gəlməsin, hamı yoxlanılsın, hansısa bir uzaq yerdə keçirilsin, generatorlar gətirilməsin, yəni belə mənasız qanuna zidd məhdudiyyətlərlə keçirmək uğrunda deyildi. Azərbaycanın hər bir nöqtəsi, o cümlədən, adı Azadlıq olan meydan, və başqa meydanlar xalqındır. Müxalifətin yalnız belə bir çərçivədə mitinqlər etməsi müxalifətin zəifliyi kimi görünə bilər və hökumətin dediklərinə sübut kimi istifadə oluna bilər.
Sual: Azərbaycandakı siyasi vəziyyət diaspora təşkilatlarına xaricdən necə görünür?
Cavab: Son illərdə Azərbaycanla maraqlanan dairələr müşahidə edirlər ki, ölkədə siyasi aktivləşmə gedib və bunun da əsas səbəbi əvvəllər elə də fəal olmayan təbəqələrin, xüsusilə gənclərin və ziyalıların aktivləşməsidir. Həmişə eşitdiyimiz etirazlar özünü daha güclü ifadə etmək nöqtəsinə yaxınlaşıb. Buna nail olmaq içəridə mübarizə aparan qüvvələrin əlindədir və bu onların gələcək fəaliyyətindən çox asılıdır.