Accessibility links

"Niyə özbaşınalıq 11 il davam etdi" - Eldar Mahmudovun ailəsinin xaricdəki mülkiyyətinə ekspert baxışları


Eldar Mahmudov (kollaj meydan.tv-dir)
Eldar Mahmudov (kollaj meydan.tv-dir)

Azərbaycanın keçmiş milli təhlükəsizlik nazirinin övladlarının Britaniyada dəbdəbəli daşınmaz əmlak əldə etməsi ilə bağlı məlumat Azərbaycanda yenidən rezonans doğurub. Aparılan jurnalist təhqiqatı nəticəsində məlum olub ki, bura Londonda 21 milyon dollara alınmış ev də daxildir.

Amma Azərbaycanın rəsmi qurumları, hələlik, bu barədə rəsmi məlumat verməyiblər.

Azərbaycanın bir sıra ekspertləri, hüquq müdafiəçiləri, ictimai-siyasi xadimləri və jurnalistlər keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun ailəsinin əmlaklarının qanuni yolla qazanılmasına birmənalı qarşılamır.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş başçısı Eldar Mahmudovun və onun ailəsinin əmlaklarının qanuni olmasına şübhə ilə yanaşır.

Məhkəmə istintaqı zamanı ittiham aktlarından oxuduğumuz, öyrəndiyimiz bu oldu ki, rüşvətlər, yeyintilər, yeyilən pulların hamısı Eldar Mahmudovun köməkçisinə, Eldar Mahmudova çatdırılmaq üçün verilib .
Xədicə İsmayıl


“Bu qədər pulun mənbəyinin qanuni olmasına mənim çox ciddi şübhələrim var. Belə ki, Eldar Mahmudov bütün ömrü boyu hüquq mühafizə orqanlarında işləyib. Hüquq mühafizə orqanlarında işləyən zaman onun bu qədər gəlirinin olması qeyri- mümkün idi. İkincisi, MTN-də korrupsiya hallarının olması və rüşvət zəncirinin birbaşa Eldar Mahmudovun üzərinə uzandığı barədə məhkəmə qərarları var. Məhkəmə istintaqı zamanı ittiham aktlarından oxuduğumuz, öyrəndiyimiz bu oldu ki, rüşvətlər, yeyintilər, yeyilən pulların hamısı Eldar Mahmudovun köməkçisinə, Eldar Mahmudova çatdırılmaq üçün verilib “.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayılova Eldar Mahmudovun və onun ailəsinin əmlaklarının onlara babasından miras qalmasına da münasibət bildirib. Jurnalist deyib ki ,o babasının xatirəsinə də kölgə salır.

“Onun guya babasından miras qaldığı barədə fikirləri olduqca şübhəli görünür. Onun babası hətta milyonçu olsa belə Azərbaycanda milyonçuların mülklərinin, əmlaklarının özünə qaytarılması ilə bağlı heç bir iş görülməyib. Bu məbləğlər qaytarılmayıb. Əslində çox acınacaqlıdır ki, o babasının xatirəsinə də kölgə salır. Çünki cümhuriyyətin başında olan adamların Avropada səfalət içində yaşadığı və ən adi təbliğata, ən adi işə belə pul tapa bilmədiyi vaxtı Aşurov bu pulları gizlətdiyi də olduqca şübhəlidir. İkinci izahları bu idi ki, onların bibilərinin biznesi var. O da bu pulu qazana bilərdi. Sadəcə varlı qohumların var, veriblər deməklə iş bitmir. Bunun sübutunu vermək lazımdır. Məsələ bundadır ki, onun bibisinin də həqiqətən bu pulları qazanıb- qazanmadığı araşdırma mövzusu ola bilər. Başqa bir məlumat da var ki, onun bibisi də uzun müddət dövlət xidmətində işləyib. Onun da biznesə hansı sərmayə ilə başladığı sual altındadır.”

"Niyə Azərbaycan hüquq mühafiə orqanları Azərbaycan cəmiyyətinə bu korrupsiya faktları ilə bağlı açıqlama vermir" - sualına cavabda Xədicə İsmayılova deyib ki, korrupsiya zənciri yuxarıdan idarə olunur.

“Ölkənin bütün rəhbərliyi, prezidentdən başlayaraq korrupsiya zəncirinin içindədir. Aşağıdan başlayaraq yuxarıya gedir demək olmur. Korrupsiya zənciri yuxarıdan idarə olunur. Görünür ki, ölkənin lap yüksəkliyində olan şəxslər Eldar Mahmudovun yanında gözü kölgəlidirlər və yaxud onun onlara təsir göstərmək üçün hansısa vasitələri var ki, onlar Eldar Mahmudovun özünə, əmlakına kifayət qədər ciddi şəkildə toxuna bilmirlər. Bu məsələləri araşdırmaq hüquq mühafizə orqanlarının işidir. Məsələ bundadır ki, MTN ölkənin milli təhlükəsizliyi ilə bilmirəm məşğul olub, yoxsa yox. Onların əsas işləri müxalifətin, tənqidçi jurnalistlərin izlənməsi, onların cəzalandırılması olub. MTN dövründə də, ondan sonra da aktiv şəkildə bu işlərə yönəldilib.Əllərində müstəsna səlahiyyətlər, texniki imkanlar olan antiterror qanunvericiliyi ilə ört -basdır edilmiş bir sistem içində texniki imkanlar olan qurum çox ciddi cinayətlərə imza atdı. Korrupsiya işləri ilə məşğul oldu. İnsanları oğurlayıb onlardan bac almaqla məşğul oldular. Bunlar hətta məhkəmə qərarlarında yer alsa belə onlar yüngül cəzalarla canlarını qurtara bildilər. Ağır cəza alanların da sonradan cəzaları yüngülləşdirildi. Sonra başqa şəkildə azadlığa buraxıldılar. O sistemin başında durana isə ümumiyyətlə toxunulmadı. Cəzasızlıq mesajı verdi. Mən əminəm ki, MTN nazirliyinin varisi həmin işlərlə məşğul olur," o qeyd edib.

Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl Amerikanın Səsinə şərhində deyib ki, keçmiş nazir Eldar Mahmudov Azərbaycanın “milli təhlükəsizliyi ilə məşğul olmayıb.

İlham İsmayıl
İlham İsmayıl

“Sadəcə MTN adlanan xüsusi xidmət orqanının rəhbəri olub və işlədiyi 11 il 3 ay ərzində dövlətin təhlükəsizliyindən başqa hər işlə məşğul olub. Onun komandasının məhkəmə prosesləri də sübut etdi ki, nazir və tabeçiliyindəkilər ölkənin dövlət strukturlarının rəhbərlərindən və bizneslə məşğul olanlardan şantaj yolu ilə rüşvət alıblar. Üstəlik qohumu Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevlə əlbir olub, büdcə vəsaitini mənimsəməklə məşğul olublar. Yəni, Londonda Mahmudovlar ailəsinə mənsub milyonlarla ölçülən pulun mənbəyi onun aylıq maaşı deyil, qeyd etdiyim fəaliyyətlə bağlıdır.

Bu hadisələrin ölkənin insan hüquqlarına, ölkənin təhlükəsizliyinə təsirlərinə gəldikdə İlham İsmayıl deyir ki, insan hüquqları Eldar Mahmudova qədər də Azərbaycanda bərbad vəziyyətdə olub, indi də pisləşməyə doğru davam edir.

Əgər Mahmudov azadlıqdadırsa, deməli belə bir açıqlamanı gözləmək sadəlövhlük olar. Cinayətkar o vaxt həbs edilmir ki, bütün sübutlar ortada olsa da, onu ittiham edənlər bu cinayətlərə ya şərikdirlər, ya da əvvəldən xəbərləri olub.
İlham İsmayıl


“Ölkənin təhlükəsizliyinə isə birbaşa təhdiddir. Yəni, rüşvətlə bu dövlətin ən müqəddəs sahələrinə də təsir etmək mümkündür. Sərhədçiyə rüşvət ver, sərhədi poz, ordunun əsgər və zabit heyətinə pul ver, satqınçılıqda, casusluqda istifadə et və sairə. Bunun qarşısını kim almalıdır? İlk növbədə xüsusi xidmət orqanı. O isə adı çəkilən qurumların özündən rüşvət alaraq təhlükəsizliyə zərbə vuran əməllərin qarşısını almayıb, ona şərait yaradıb. 2015-ci ilin oktyabrından məlum olan bu cinayətlərin başında duran Mahmudov istintaq prosesinə ifadə vermək üçün dəvət olunub, amma hansı keyfiyyətdə heç bilinməyib. Əgər Mahmudov azadlıqdadırsa, deməli belə bir açıqlamanı gözləmək sadəlövhlük olar. Cinayətkar o vaxt həbs edilmir ki, bütün sübutlar ortada olsa da, onu ittiham edənlər bu cinayətlərə ya şərikdirlər, ya da əvvəldən xəbərləri olub. Və yaxud, ola bilsin ki, Mahmudov da belə bir perspektivin olacağına hazırlıq görüb. Hazırlıq isə yuxarıda qeyd etdiyim kimi, bəzi şəxslərə qarşı ifşaedici materiallara malik olması ilə bağlı ola bilər və belə söz-söhbət cəmiyyət arasında geniş yayılıb. Tutulan və tezliklə azadlığa buraxılan generalların qanunsuz topladıqları əmlaklarının müsadirə olunub-olunmaması cəmiyyətə açıqlanmadı, bu işdə şəffaflıq yoxdur. Belə bir hal başqa müsadirə proseslərində də müşahidə olunur. Təhlükəsizlik orqanı bu sistemin bir parçasıdır və korrupsiyaya uğramış bütün strukturlardan fərqli olaraq onu təmiz, saf bir ada kimi qorumaq mümkün olmazdı. Əksinə, öz imkanlarına, xidməti fəaliyyətinin metod və vasitələrinə görə MTN-nin bu korrupsiya və digər cinayətlərin başında gəlməsi qanunauyğunluq kimi xarakterizə olunmalıdır. Təəssüf," İlham İsmayıl bildirib.

AXCP sədr müavini Seymur Həzi Eldar Mahmudovun bu əmlakı korrupsiya yolu ilə əldə etdiyini deyir.

Seymur Həzi
Seymur Həzi
MTN işini araşdırsanız hər şey çıxacaq ortaya. Əgər xəfiyyə orqanları korrupsiyaya qarışıbsa, deməli ölkə təhlükə içindədir.
Seymur Həzi


"MTN işini araşdırsanız hər şey çıxacaq ortaya. Əgər xəfiyyə orqanları korrupsiyaya qarışıbsa, deməli ölkə təhlükə içindədir. Çünki, onu qoruyanların gözü başqasının pulundadır. Deməli, pul alıb istənilən antimilli addımı ata bilərlər. Hüquq mühafizə orqanları İlham Əliyevin barmaq tuşladığı işlərlə bağlı addım atırlar. Bu məsələni xarici araşdırmaçılar açıblar. Deməli Əliyevin belə bir marağı yoxdur. Əksinə, Əliyev bunu istəmir. Ona toxunmaq istəmirlər. Çünki onun vasitəsiylə xeyli iş görürlər və müəyyən mənada asılılıqları var,” AXCP sədrinin müavini belə hesab edir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Eldar Mahmudovun sərvətinin, pulunun mənbəyi onun milli təhlükəsizlik naziri vəzifəsində olduğu dövrdə törətdiyi yüzlərlə və bəlkə də minlərlə cinayətkar əməllərdədir.

Ərəstun Oruclu
Ərəstun Oruclu

“Eldar Mahmudov həmin vəzifəyə yalnız iki məqsədlə gətirilmişdi: İlham Əliyevin hakimiyyətini qorumaq və onun iqtisadi, maliyyə maraqlarını təmin etmək. Həmin dövrdə MTN səviyyəli dövlət orqanından faktiki quldur, reket dəstəsinə və cəza maşınına çevrildi, çünki yuxarıdan verilən kurs bu idi, nazirliyin təyinatı belə müəyyənləşdirilmişdi. İndi çoxları sual verirlər ki, niyə onlar zamanında dayandırılmırdı, niyə bu özbaşınalıq, quldurluq 11 il davam etdi, niyə İlham Əliyev dövlətin həyati əhəmiyyətli orqanının quldur yuvasına çevrilməsinin qarşısını almırdı, onun dağıdılmasına göz yumurdu? Bu sualların cavabı çox sadədir: Çünki Mahmudovun həmin posta təyin olunması Rusiyadan tapşırılmışdı və o, Rusiyadan himayə olunurdu, belə vəziyyətdə İlham Əliyevi tam qane edirdi. Çox sadə səbəbdən: İlham Əliyev bilirdi ki, hakimiyyətdə ilk növbədə Rusiyanın maraqlarını tam təmin etməklə qala bilər. Bütün bunların insan haqlarına təsirindən danışsaq, hansı insan haqlarından danışmaq olar ki, MTN ölkə vətəndaşlarına qarşı minlərlə cinayət törədib, onun fəaliyyətində çoxsaylı insan oğurluğu, kütləvi işgəncələr, çoxsaylı qətllər və hətta terror adi bir hal olub. Hansı təhlükəsizlikdən söhbət gedə bilər ki, bu qurum ölkənin təhlükəsizliyini təmin etməli olan həyati əhəmiyyətli dövlət institutundan adi bir cinayətkar dəstəyə çevrilib. Ən dəhşətlisi də odur ki, bütün bu əməllər siyasi hakimiyyət tərəfindən sanksiyalaşdırılıb. İndi belə bir tendensiya var ki, hər kəs mövzunu Eldar Mahmudovun üzərində qapamağa çalışır, amma onun və rəhbərlik etdiyi qurumun bütün əməllərinə görə məsuliyyəti bütövlükdə hakimiyyət və şəxsən İlham Əliyev daşıyır.

"Niyə Azərbaycan hüquq mühafizə orqanları Azərbaycan cəmiyyətinə bu faktları ilə bağlı açıqlama vermir?"- sualına cavabda Ərəstun Oruclu vurğulayıb ki, korrupsiya Azərbaycanda siyasi idarəçilik sisteminin əsası və onun işləmə metodudur.

Bir çox hakimiyyət nümayəndələri xalqa aşağı təbəqə kimi baxır, ona nifrət edir, ona qarşı düşmənçilik siyasəti yürüdür.
Ərəstun Oruclu


"Bugünkü siyasi hakimiyyətin dövründə o, heç vaxt aradan qaldırılmayacaq. Azərbaycanı idarə edənlər özünü hakimiyyət deyil, ölkənin sahibi hesab edirlər və belə də davranırlar. Onlar nəinki xalqa nəyəsə görə açıqlama verməyi özlərinə borc bilmirlər, bunu heç ağıllarına da gətirmirlər. Bir çox hakimiyyət nümayəndələri xalqa aşağı təbəqə kimi baxır, ona nifrət edir, ona qarşı düşmənçilik siyasəti yürüdür. Əksəriyyəti azərbaycanlı olmağı özünə ar bilir. Problemin başlıca səbəbi də elə bundadır. Heç bu günkü korrupsiya ilə mübarizə tamaşaları da ölkə əhalisi üçün nəzərdə tutulmayıb. Bunların əsas səbəbi dünyada Azərbaycanla bağlı korrupsiya ifşalarının artıq gündəmə çevrilməsidir. Dünyaya göstərmək istəyirlər ki, sanki bunlar da korrupsiya ilə mübarizə aparırlar, amma bunu da çox primitiv və qeyri-peşəkar səviyyədə həyata keçirirlər.”

Keçmiş MTN rəhbəri Eldar Mahmudovun indiyədək cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəblərinə gəldikdə politoloq deyir ki, o, törətməli olduğundan fərqli nəsə eləməyib, verilən tapşırıqları yerinə yetirib.

“Hansısa məqamlarda özbaşınalıq edib, pul məsələsində aldadıb, nəyisə gizlədib, amma buna görə də işdən çıxarılmaqla cəzalandırılıb. Qalan bütün məsələlərdə, əməllərdə şərik olub və bu, şəriklik də onu qoruyur. Tutulan generalların məhkəmənin hökmü əsasında müsadirə olunan əmlaklarının həcmi onların taladıqlarının real miqyası ilə müqayisədə sadəcə gülüncdür. Kimsə böyük həcmdə rüşvət verib qalan əmlakını siyahıdan çıxardı, kimsə xaricdə gizlətdi, kimsə də bölüşdü. Onlara qarşı atılan addımlar da buna adekvat oldu. Məsələn, Akif Çovdarov və Sübahir Qurbanov Mahmudova qarşı ifadə vermədilər deyə bu gün əfv olunaraq azadlığa çıxıblar, Elçin Quliyev istintaqda susub məhkəmədə danışdı deyə hələ də həbsxanadadır, onun müavini İlqar Əliyev isə istintaqa ifadə verməyə başlayanda istintaq təcridxanasında “intihar elədi”. Hər şey bu qədər sadədir. Qaldı MTN-nin niyə bu vəziyyətə düşməsinin səbəblərinə, bunu mən artıq yuxarıda qeyd eləmişəm. Qısaca onu əlavə edə bilərəm: ona görə ki, belə “təhlükəsizlik orqanı” lazım idi," Oruclu bildirib.

Millət vəkili Zahid Oruc Amerikanın Səsinə deyib ki, Azərbaycan sadiq məmurları ilə bağlı hər hansı bir ölkədə onların malik olduqları böyük sərvətlərlə bağlı məlumatların yayılması bütün hallarda ölkənin beynəlxalq imicinə təsir göstərir.

Zahid Oruc
Zahid Oruc

“Onun incəliyini biz hələ qiymətləndirməsək də, öncə onu deməliyik ki, istənilən bir dövlət onun nəzəriyyəsində o xarici informasiya məkanında, beynəlxalq aləmdə çalışır ki, partniyorlarını artırsın, daha artıq dərəcədə xarici məşhur kompanyalarda iştirak eləsin və s. Belə olduğu halda, əgər o, korrupsiya cinayətləri ilə bağlı materiallar daha çox kütləviləşirsə, bu onun mütləq xarici məkanda mənafelərinə zərbə vurur. Bu, açıq şəkildə belədir. Təəssüf olsun ki, Azərbaycanın idarəçiliyində 2015-ci ilə qədər yer tutan müxtəlif ranqı nazirlərin adı ilə bağlı ayrı-ayrı ölkələrdə onların malik olduqları, daşınan və ya daşınmaz əmlak, külli miqdarda vəsait haqqında məsələlər yer alır. Bununla bağlı, biz çox arzulayırıq ki, prokurorluq orqanlarında baş verən bu son dəyişikliklər fonunda yeni yanaşmalar ortaya gəlsin. O zaman məqsəd ondan ibarətdir ki, həmin məsələlərlə bağlı Azərbaycanın tamamilə ratifikasiya eldiyi məlum sənədlərə söykənərək həmin vəsaitlərin Azərbaycana qaytarılması uğrunda hüquqi dava açsın və bu, şəffaf, açıq qaydada aparılsın. Belə olan halda Azərbaycan xalqı da bu mübarizənin yanında olacaq. Eldar Mahmudova gəlincə, milli təhlükəsizlik orqanırın rəhbəri kimi ciddi şəkildə özünün və çevrəsinin Azərbaycan sahibkarlarına, xüsusilə vətəndaşlarımıza qarşı qəddar cinayətləri inkar olunmazdı. Bu səbəbə görə yüksək çinli generallar həbsə məruz qalmışdılar. Onların bir hissəsi bu gün də dəmir barmaqlıqlar arxasındadır. O cümlədən, Eldar Mahmudovun stratejisi altında Azərbaycan xalqının küllü miqdarda vəsaitlərini Beynəlxalq Bank vasitəsilə oğurlayaraq xarici ofşor zonalara keçirməsi də bir sirr deyil və məhz buna görə həmin bankın rəhbəri Cahangir Hacıyev 4 milyardan artıq vəsaitin mənimsənilməsi cinayətlərinə cəlb olunaraq bu gün cəza çəkir. Lakin son informasiyalarla bağlı mən ayrıca qeyd etmək istəyirəm. O da həmin o 100 təşkilatın, xüsusilə də jurnalist adı ilə adlanan qurumların xətti ilə baş verən hissələrə yer vermık istəyirəm. Bu da ondan ibarətdir ki, bu təşkilat bizim nəzərimizdə qətiyyən jurnalist qurumlarını təmsil etmir. Bu daha çox kəşfiyyat sturukturlarının çətiri altındadır. Əksər hallarda sivil sistemlə bu beynəlxalq maliyyə əməliyyatlarının özündə bir ehtiva eləyən bank sirrlərinin qorunmasını cavabdehlik daşıyan bir sistemdir. Onun informasiyalarına hər hansı jurnalist araşdırması ilə əl uzatmaq ondan məlumatlar almaq qeyri-mümkündür. Burada, yalnız müxtəlif dövlətlərin çətiri altında həmin informasiyaların ictimaiyyətləşdirilməsindən söhbət gedə bilər. Bu isə qeyd etmiyimiz, Avropada və digər məkanlarda formalaşan bu cür çətirlərin əli ilə baş verir. Sonuncu hadisənin mötəbərliyinin nə dərəcədə olmasını şərh eləmək istəmirəm. Lakin, bir daha vurğulayıram ki, Eldar Mahmudovun özü ilə və övladları ilə bağlı 100 milyonluq funt və ya bundan artıq və ya əskik London və ya onun çevrəsində oğurladıqları vəsaitlərin gizlədilməsi sirr deyil. Düşünürəm ki, Azərbaycan üçün bu yöndə ciddi sistemli mübarizələr aparılmalıdır ki, ölkədən çıxarılmış vəsaitlər, oğurlanmış vəsaitlər geri qaytarılsın.

Millət vəkili məmurların gəlirlər bəyannamələri ilə bağlı məsələyə də toxunub. O bildirib ki, həmin qanunun işlək mexanizminin tapılması üçün hökümətə verilən tapşırığın icra olunması üçün tamamilə əlverişli bir zəmin var.

Söhbət yeni dövrə qədəm qoymaqdan gedirsə, yeni hökümətin formalaşmasından, o cümlədən, artıq siyasi sistemdə aparılan dəyişiklərdən və yeni kadr islahatlarından və bunu ümumiləşdirsək İlham Əliyev tərəfindən qoyulan yeni hakimiyyətdən bəhs ediriksə, bu halda biz deməliyik ki, gəlirlərin deklorasiyası ilə bağlı məsələ məmur fəliyyətinin şəffaflığı üçün çox önəmlidir
Zahid Oruc


“Söhbət yeni dövrə qədəm qoymaqdan gedirsə, yeni hökümətin formalaşmasından, o cümlədən, artıq siyasi sistemdə aparılan dəyişiklərdən və yeni kadr islahatlarından və bunu ümumiləşdirsək İlham Əliyev tərəfindən qoyulan yeni hakimiyyətdən bəhs ediriksə, bu halda biz deməliyik ki, gəlirlərin deklorasiyası ilə bağlı məsələ məmur fəliyyətinin şəffaflığı üçün çox önəmlidir. Düşünürəm ki, 2001-ci ildə qəbul olunmuş həmin qanunun işlək mexanizminin tapılması üçün hökümətə verilən tapşırığın icra olunması üçün tamamilə əlverişli bir zəmin var. Bir tərəfdən qeyd etdiyimiz kimi indi hökümətdə kifayət qədər yeni simalar çalışırlar. Onlar məmur burjasiyasını təmsil eləmirlər. Adları ilə bağlı ictimai rəydə və ya media məkanında gündəlik olaraq dövrüyəyə mənfi xəbərlər tirajlanmır.Tamamilə realdır ki, dediyimiz kimi ölkədə prezident tərəfindən formalaşan yeni münasibətlər sistemi ələlxüsus da cəmiyyət qarşısında hesaabtlılığın, fəaliyyətin şəffaflığın tələb olunduğu bir dövrdə, ən mühüm məsələ bunu hüquqi müstəvidə həll etməkdir.”

Xatırlatma

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib. Nazirliyin bir sıra vəzifəli şəxsləri həbs olunub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun tələblərini pozma, mənimsəmə və başqa əməllərdə təqsirli biliniblər. Həbs olunanların bir qismi artıq azadlıqdadır. Keçmiş MTN generallarından Akif Çovdarov, Elçin Quliyev, Sübahir Qurbanov, Teymur Quliyevə isə 14 ilə qədər həbs cəzası verilib. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisləri Akif Çovdarov və Sübahir Qurbanov bu il aprelin 6-da prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamilə azadlığa buraxılıb.

Qeyd: Məqalədə ekspertlərin irəli sürdüyü fikirlərlə bağlı hüquq mühafizə orqanları, keçmiş nazir Eldar Mahmudov, onun vəkilləri, ailə üzvləri hələ açıqlama verməyib. Dövlət rəhbərləri nəzarət orqanları ilə bağlı deyilənlərə gəlincə, ölkə rəhbərləri bir qayda olaraq korrupsiyaya qarşı davamlı mübarizə aparıldığını bildirir. Hazırki hakimiyyətin dövründə iqtisadiyyat, səhiyyə, rabitə, milli təhlükəsizlik nazirliklərinin, dövlət sərhəd xidmətinin rəhbərləri, həmçinin 5 rayon icra hakimiyyəti başçısı korrupsiya ittihamı ilə həbsə məruz qalıb.

XS
SM
MD
LG