Accessibility links

Eldar Həsənov səfir vəzifəsindən geri çağırılıb


Prezident İlham Əliyev avqustun 17-də Eldar Həsənovun Serbiya, Monteneqroda və Bosniya və Herseqovinada səfir vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Eldar Həsənov avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

DTX-nin məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçib.

Vəkil Adil İsmayılov Amerikanın Səsinə bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

“Eldar Həsənov ona qarşı irəli sürülən ittihamla razı olmadığını məhkəmənin diqqətinə çatdırdı. Dedi ki, hər hansı cinayət etməyib və hesab edir ki, ədalət bərqərar olunacaq,” vəkil qeyd edib.

İsmayılov məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Həsənov 2013-cü ildən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfiri olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

XS
SM
MD
LG