Accessibility links

Milli Şuranın daha bir üzvü prokurorluğa çağırılıb


El Hərəkatının sədri Eldar Namazov, müavinlər Köçəri Nağıyev və Eldəniz Quliyev
El Hərəkatının sədri Eldar Namazov, müavinlər Köçəri Nağıyev və Eldəniz Quliyev

Prokurorluq iğtişaşa hazırlıqla bağlı araşdırma aparır

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvü və EL hərəkatı sədrinin müavini Köçəri Nağıyev avqustun 30-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.

K.Nağıyev Amerikanın Səsinə bildirib ki, onu müstəntiq Orxan Dəmirov çağırıb. Belə ki, onun çağırışı ilə El hərəkatının lideri və DQMŞ icra aparatının rəhbəri Eldar Namazov da avqustun 29-da 4 saat ərzində prokurorluqda dindirilib.

E.Namazov dindirmənin yekunları ilə bağlı bildirib ki, onun prokurorluğa çağırılması Əflan İbrahimovun müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar olub. Ə.İbrahimov El hərəkatının və Milli Şuranın prezident seçkiləri zamanı kütləvi iğtişaslar hazırladığını bildirib. E.Namazov Ə.İbrahimovun fikirlərini uydurma adlandırıb.

Qeyd edək ki, özünü EL hərəkatı rəhbərinin müavini kimi təqdim edən Ə.İbrahimov bir həftə əvvəl hökumətyönlü KİV-ə bildirib ki, E.Namazov və AXCP lideri Ə.Kərimli seçki zamanı kütləvi iğtişaşlar hazırlayır. Guya buna etiraz olaraq o, istefa verib. Bundan sonra prokurorluq araşdırmaya başlayıb.

Son məlumatlara görə, Milli Şuranın üzvü, El Hərəkatının digər sədr müavini Eldəniz Quliyev isə avqustun 31-də prokurorluğa çağırılıb.

Bununla yanaşı, sentyabrın 2-də Eldar Namzov yenidən prokurorluqda izahat verəcək.
XS
SM
MD
LG