Hazırda həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd saxlanıldığı 14 saylı cəzaçəkmə müəssəsindən köçürülüb.Onun səhhəti ilə əlaqədar Ədliyyə Nazirliyinin müalicə məntəqəsinə yerləşdirilməsi gözlənilsə də, bu, baş vermədi.
Bu barədə "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi " İctimai Birliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.
Məlumata görə, hüquq müdafiəçini 16 saylı cəzaçəkmə müəssəsinə aparılıb.
“Elçin Məmmədin köçürüldüyü həbsxana əvvəlkinə nisbətən yaxşı olsa da, onun səhhəti ağırdır və müaliəcəyə ehtiyyacı vardır. O hazırda risk altındadır və həyatı üçün problemlər qalmaqdadır. Qeyd edək ki, hüquq müdafiəçisi hepatit C xəstəsidir və həbsxana şəraiti onun səhhətinə mənfi təsir edir. O, uzun müddət saxlanıldığı 3 saylı istintaq təcridxanasında müalicə olunmayıb və fəsadları artmaqdadır. Artıq ayaqları da şişib, bronxlarında problem var və böyrəkləri normal funksiya yerinə yetirmir.”
Təşkilat hesab edir ki, Elçin Məmməd yeriməkdə və nəfəs almaqda çətinliklər çəkir. Bunun üçün Ədliyyə Nazirliyinin müalicə məntəqəsinə köçürülməlidir.
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ötən ay hüquq müdafiəçisi ilə həbsxanada görüşüblər və onun səhhətindən narahatçılıq keçirtdiklərini həbsxana rəhbərliyinə çatdırıblar”, məlumatda qeyd edilib.
Azərbaycan Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı hələlik şərh verməyib.
17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi "oğurluq" və "qanunsuz silah saxlamaq"da təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bundan öncə isə həmin qadın kriminal.az saytınını redaktoru Anar Məmmədovdan şikayət edib.
Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.