Accessibility links

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın terrorizmə qarşı mübarizədə "fəal" səyləri qeyd olunur


Polis
Polis

2020-ci ildə Azərbaycan hökuməti insanları, pulları və materialları quru və dəniz sərhədləri boyunca və Cənubi Qafqaz daxilində daşımaq üçün terrorçuların səylərinin qarşısını almaq, aşkar etmək və məğlub etmək üçün fəal işləyib.

Bu barədə ABŞ Dövlət Departamentinin 2020-ci ildə terrorizmlə bağlı hesabatının Azərbaycan bölməsində deyilir.

Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri tarixən terror aktlarının qarşısının alınması istiqamətində əməliyyatlar həyata keçirib, terrorçuluqda şübhəli bilinən şəxsləri həbs edib.
ABŞ Dövlət Departamentinin hesabatından sitat

Sənəddə bildirilir ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri tarixən terror aktlarının qarşısının alınması istiqamətində əməliyyatlar həyata keçirib, terrorçuluqda şübhəli bilinən şəxsləri həbs edib və mühakimə edib, Azərbaycandan kənarda döyüşən terror qruplaşmalarına qoşulmaqda və ya onları maliyyələşdirməkdə şübhəli bilinən şəxsləri vətənə qayıdan kimi cinayət məsuliyyətinə cəlb edib.

Hesabatda deyilir ki, 2020-ci ildə Azərbaycanda heç bir terror hadisəsi qeydə alınmayıb. Həmçinin, 2020-ci ildə Azərbaycan terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyində heç bir əhəmiyyətli dəyişiklik etməyib.

Sənəddə bildirlir ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri ölkə ərazisində terror aktlarının aşkar edilməsi, qarşısının alınması üçün adekvat imkanlar nümayiş etdirib.

“Terrorla mübarizəyə görə məsuliyyət bir neçə dövlət qurumunun üzərinə düşür. Azərbaycanın əsas hüquq-mühafizə orqanı olan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanın daxili kəşfiyyat və terrorizmə qarşı mübarizə xidmətlərini həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə sıx əməkdaşlıq edir. Bu qurumlar terrorçu qrupların cinayət əməllərinin aşkarlanması və qarşısının alınması, beynəlxalq terrorizm və transmilli cinayətlərlə mübarizə üçün məsuliyyət daşıyır.”

Hüquq-mühafizə və təhlükəsizlik orqanları hansı fəaliyyətlərin “terrorizm” və ya “ekstremizm” kimi təsnif olunduğunu müəyyən etməkdə geniş diskretlik nümayiş etdirməkdə davam edərək, siyasi rəqibləri və dini fəalları təqib, həbs və pis fiziki rəftara məruz qoyub.
ABŞ Dövlət Departamentinin hesabatından sitat

Bununla yanaşı, hesabatda qeyd edilir ki, hüquq-mühafizə və təhlükəsizlik orqanları hansı fəaliyyətlərin “terrorizm” və ya “ekstremizm” kimi təsnif olunduğunu müəyyən etməkdə geniş diskretlik (ziddiyət-red) nümayiş etdirməkdə davam edərək, siyasi rəqibləri və dini fəalları təqib, həbs və pis fiziki rəftara məruz qoyub.

“Belə şəxslər xüsusilə Daxili İşlər Nazirliynin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə bölməsi tərəfindən fiziki zorakılığa məruz qalırlar.“

Hesabatda bildirilir ki, Prezident Əliyev 2020-ci ilin martında Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsi və onun yerində üç yeni hökumət təşkilatının yaradılması haqqında sərəncam imzalayıb: “Azərbaycan prezidentinin, xarici ölkələrin dövlət və hökumət başçılarının mühafizəsini həyata keçirən Prezidentin Mühafizə Xidməti; Kiber Fövqəladə Hallara Cavab Qrupuna və rabitə təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti; və dənizdəki neft platformalarının terrorizmdən qorunmasına cavabdeh olan Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyi yaradılıb. Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi sərhəd təhlükəsizliyini birgə idarə edir və terrorçuların Azərbaycanın quru və dəniz sərhədlərindən insanların, pul vəsaitlərinin və materialların, o cümlədən kütləvi qırğın silahlarının keçirilməsinin qarşısını alır. Baş Prokurorluq terrorizmdə, terror törətməkdə sui-qəsddə, terrorizmə yardım məqsədilə sui-qəsddə və terrorizmlə əlaqəli digər cinayətlərdə ittiham olunan şübhəlilərin cinayət məsuliyyətinə cəlb edilməsinə cavabdehdir. Azərbaycan giriş limanlarında terrorçu və cinayətkarların müşahidə siyahılarından və bioqrafik/biometrik skrininqdən istifadə edir. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri terrorizmlə bağlı məlumatları öz aralarında, regional və beynəlxalq tərəfdaşlarla paylaşır.”

Azərbaycan giriş limanlarında terrorçu və cinayətkarların müşahidə siyahılarından və bioqrafik/biometrik skrininqdən istifadə edir. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri terrorizmlə bağlı məlumatları öz aralarında, regional və beynəlxalq tərəfdaşlarla paylaşır.
ABŞ Dövlət Departamentinin hesabatından sitat

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə bölməsində deyilir ki, Azərbaycan MONEYVAL-ın üzvüdür.

“Onun FIU, Maliyyə Monitorinqi Xidməti Eqmont Qrupunun üzvüdür. Prezident Əliyev 2020-ci ildə Açıq Hökumətin təşviqinə dair 2020-22-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Planın müddəalarına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Koordinasiya Şurası yaradılıb.”

Zorakı Ekstremizmə Qarşı Mübarizə bölümündə bildirlir ki, 2020-ci ilin martında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Demokratik İslahatların İnkişafı İctimai Birliyinin idarə etdiyi www.drem.az saytını birgə maliyyələşdirib.

“Mərkəz, maarifləndirmə və maarifləndirmə yolu ilə dini radikalizm və ekstremizmlə mübarizə aparır.”

Beynəlxalq və Regional Əməkdaşlıq sahəsində Azərbaycan Avropa Şurasında, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda üzvlüyünü qoruyub saxlayıb.

“Azərbaycan Sülh Naminə Tərəfdaşlıq ölkələrindən biri kimi NATO-nun Kollektiv Təhlükəsizlik təşəbbüslərini dəstəkləyir. Azərbaycan NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirak edib, burada 120 sülhməramlı hərbçi yerləşdirib və Əfqanıstan Milli Ordusunun Etimad Fonduna töhfə verib,” hesabatda qeyd edilir.

Azərbaycan iqtidarı terrorizm və ekstremizm ittihamlarından rəqiblərinə qarşı geniş istifadə edir.
Fuad Qəhrəmanlı, AXCP Rəyasət Heyətinin üzvü

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı hesabatda terrorizm və ekstremizm ittihamlarından müxalifətə və dindarlara qarşı sui istifadə edilməsi ilə bağlı yazılanların doğru olduğunu bildirir. O, bu ittihamlarla 1998-ci, 2015-ci və 2020-ci illərdə həbs edildiyini bildirib.

“Hazırda da bu ittihamla 4,5 il azadlıqdan şərti olaraq məhrum olunmuşam. Mənə qarşı irəli sürülən ittihamlar bütün hallarda əsassız və siyasi sifarişli olub,” Qəhrəmanlı Amerikanın Səsinə deyib.

Onun fikrincə, Azərbaycan iqtidarı terrorizm və ekstremizm ittihamlarından rəqiblərinə qarşı geniş istifadə edir.

“İttihamlar məhkəmələrdə sübuta yetirilməsə də, siyasi rəqiblərə qarşı çox sərt və uzunmüddətli cəzalar çıxarılır. Terrorizm və eksremizm xüsusilə ağır ittiham olduğundan qəddar və zorakı davranışlara əsas yaradır. Həbs olunmuş insanlar amansız işgəncələrə məruz qalır. Bu baxımdan Dövlət Departamentinin hesabatında səslənən fikirlər reallığı tam əks etdirir,” o qeyd edib.

Bununla yanaşı, Azərbaycan hökuməti insanların qanun qarşısında bərabər olduğunu, siyasi iradəsinə görə vətəndaşların təqib olunmadığını bildirir. Hüquq mühafizə orqanları isə işgəncələrlə bağlı iddiaları bir qayda olaraq təkzib edir.

Təhlükəsizlik məsələləri üzrə ekspert, ləğv edilmiş Milli Təhlükəsizlk Nazirliyinin şöbə müdiri olmuş İlham İsmayıl Dövlət Departamentinin Azərbaycanda terrorizmə qarşı mübarizə ilə bağlı müsbət fikirlərinin reallığı əks etdirdiyini deyib.

Azərbaycan xüsusi xidmət orqanları terrorizmivə ekstremizmə qarşı çox effektiv iş aparır.
İlham İsmayıl, ekspert

“Azərbaycanda son illərdə terror hadisələri baş verməyib. Terrorizmə müəyyən cəhdlər olsa da, zamanında qarşısı alınıb,” ekspert Amerikanın Səsinə deyib.

İsmayılın fikrincə, Azərbaycan xüsusi xidmət orqanlarının terrorizmə qarşı mübarizədə xüsusi rolu var.

“Buna həm müxtəlif ölkələrlə əməkdaşlıq nəticəsində nail olunub, həm də xüsusi xidmət orqanları bu sahədə yaxşı ənənəyə və təcrübəyə malikdir. Azərbaycanda terrora çağırışlar olub, hətta İŞİD-in azərbaycanlı üzvləri konkret çağırışlar edib. Azərbaycanda terrorizmi ilə bağlı əməliyyat şəraitinə ciddi nəzarət edildiyinə görə bu məsələlər zamanında aşkarlanır."

O deyib ki, Azərbaycan xüsusi xidmət orqanları Azərbaycandan İŞİD-in tərkibində 950 nəfərin olduğunu bildirib.

“Həmin şəxslərin neçəsinin öldüyü, qalanlarının harada fəaliyyət göstərdiyi barədə məlumatlara malikdirlər. Həmin təşkilatlara insanların Azərbaycandan təşkilatlanmış şəkildə getməsinin qarşısı alındı, cinayət məsuliyyətinə cəlb olundular.”

Ekspert hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanları bu gün də terrorizmi və ekstremizmə qarşı çox effektiv iş aparır.

“Çünki Əfqanıstanda “Taliban inqilabı”ndan sonra müəyyən cəhdlər oldu. Amma, əməliyyat şəraiti nəzarətdə olduğuna, informasiya mənbələri çox etibarlı olduğuna görə o cəhdlərin qarşısı vaxtında alındı.”

Onun dediyinə görə, terrorizmə və ekstemizmə qarşı mübarizə Azərbaycan təhlükəsizlik orqanlarının ən vacib və xüsusi diqqət göstərdiyi sahələrdən biridir.

“Bu səbəbdən də Azərbaycanda böyük əks-səda verən terror hadisələri baş vermir,” ekspert Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG