Qarşıdakı iki həftə ərzində jurnalistlər əvvəlkitək sərbəst işləyə bilməyəcəklər. Bu onunla əlaqədardır ki, Nazirlər Kabineti jurnalistləri sərtləşdirilmiş karantin zamanı xidməti vəsiqə ilə hərəkət edən işçilərin sırasına daxil etməyib.
Baş nazir Əli Əsədovun imzaladığı `Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə` qərara əsasən peşə fəaliyyəti ilə bağlı evdən çıxmaq ücün jurnalistlər icaze.e-gov.az saytında qeydiyyatdan keçməlidir.
Bununla yanaşı, icaze.e-gov.az saytında qeydiyyatdan keçmək üçün möhür səlahiyyətli şəxsin müracitəi lazımdır. Bu, möhür səlahiyyətli şəxs, deyəndə yəqin ki, müəssisənin rəhbəri nəzərdə tutulur. Hazırda çoxsaylı media vasitələri sosial şəbəkələr və internet üzərindən fəaliyyət göstərir və burada `möhür səlahiyətli şəxs`dən söhbət gedə bilməz.
Daha çətin vəziyyət isə Azərbaycanda akreditə olunan xarici media nümayəndələri üçün yaranıb. Bu jurnalistlərin sərtləşdirilmiş karantin dövründə necə fəaliyyət göstərəcəkləri ilə bağlı şərtlər ümumiyyətlə müəyyən edilməyib. Çünki həmin jurnalistlərin `möhürü` yoxdur.
Media məsələləri üzrə eksperti Ələsgər Əhmədoğlu Nazirlər Kabinetinin qərarında KİV-lə bağlı bəndin konstitusiya və qanunvericiliklə ziddiyyət təşkil etdiyini bildirib.
“Fövqəladə vəziyyət elan edilməyibsə, karantin zamanı jurnalistlərin fəaliyyətini tənzimləmə hüququnu nə konstitusiya, nə də digər qanunlar Nazirlər Kabinetinə verməyib. Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub. Jurnalistlərə tövsiyəm, nə zaman onları saxlasalar yerində akt tərtib edib, məhkəməyə getsinlər. Onların fəaliyyətinə mane olanlar hüquqi məsuliyyət daşıyacaq.”
Ekspert deyir ki, burada "ölkədə müstəqil məhkəmə var?" sualı veririlə bilər.
“3-4 il çox zaman deyil, Avropa məhkəməsində Konvensiyanın 10-cu maddənin pozuntusu ilə həm mənəvi həm maddi baxımdan haqq etdiyinizi alacaqsınız.”
Əhmədoğlu jurnalistlərin fəaliyyətini nizamlayan “Kütləvi İnformasiya vasitələri haqqında” qanunun 7 və 8 madələrinə də istinad edib.
Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.
Fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.