Accessibility links

Misir seçkilərinin rəsmi nəticələri bazar günü açıqlanacaq



Misirin mərkəzi seçki komissiyası iyunun 16-17 keçirilmiş prezident seçkilərinin ikinci turudan səsvermənin rəsmi nəticələrinin bazar günü açıqlanacağını bildirib.

Keçən il prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinə gətirib çıxarmış inqilabdan sonra ölkənin gələcək siyasi kursunu müəyyən edəcək nəticələr misirlilər tərəfindən böyük səbirsizliklə gözlənilir.

Mərkəzi seçki komissiyasının rəsmi nəticələrin cümə axşamı günü elan edilməsini təxirə salması ölkənin hərbi liderlərinin Müsəlman Qardaşları ilə vəzifələrin bölüşdürülməsi ətrafında bağlı qapılar arxasında danışıqlar apardığına dair şaiyələrin yayılmasına gətirib çıxarmışdır.

Nəticələrin açıqlanmasının gecikdirilməsindən narahat olan Müsəlmaq Qardaşları qrupunun tərəfdarları Təhrir meydanına toplaşıb.

Misirlilərin böyük hissəsi əvəlki rejimdən qurtulmaq üçün son imkan kimi Müsəlman Qardaşları qrupunun namizədi Məhəmməd Morsi ətrafında birləşmiş, başqaları ölkənin islamçılar tərəfindən idarə edilməsinə yol verilməməsi və sabitliyin yaradılmasına nail olmaq üçün ən yaxşı namizəd kimi Əhməd Şəfiqə dəstək bildirmişlər.

Bazar günü nəticələrin açıqlanması Misirin uzun müddət repressiyalara məruz qalmış fundamentalist islamçı qrup tərəfindən idarə edilib-edilməyəcəyi, ya da əvvəlki siyasi parametrlərdə qalıb-qalmayacağını müəyyən edəcək. Hər bir halda yeni prezident hərbi liderlərin guclü nəzarətə görə zəif mövqedə olacaq.
XS
SM
MD
LG