Accessibility links

Hüquq müdafiəçiləri, siyasətçilər əfvi şərh edirlər [Mövqelər]


Siyasi məhbuslar
Siyasi məhbuslar

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov siyasi məhbusların problemlərinin həlli baxımından Azərbaycan prezidentinin bugünkü əfv sərəncamını mənfi qiymətləndirib.

O bildirib ki, siyasi məhbusların kiçik bir hissəsi əfv edilib.

“Bizim təşkilat 107 siyasi məhbusdan ibarət siyahı təqdim edib. Onların kiçik bir hissəsi əfv olunub. Bundan əlavə, əfv REAL Hərəkatının lideri İlqar Məmmədova və keçmiş səhiyyə naziri Əli İnsanova şamil edilməyib. Halbuki, onların barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları var.

Yunuslar da əfv edilməyib. Onlar müalicə üçün xaricə gedə bilmir. Yeganə qadın siyasi məhbus Xədicə İsmayılova həbsdə qalır”, - E.Həsənov bildirib.

Onun sözlərinə görə, əfv hüquq müdafiəçilərinin və cəmiyyətin ümidlərini doğrultmayıb.

“Biz heç olmasa 65-70 siyasi məhbusun əfv olunacağını gözləyirdik. Əfv edilənlər arasında dindarların heç biri yoxdur”, E.Həsənov qeyd edib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev hesab edir ki, istənilən əfvi, üstəlik siyasi məhbusların azad edilməsini alqışlamaq lazımdır.

“Lakin indiki əfv natamamdır. Belə ki, siyasi məhbusların ancaq 10%-i azadlığa buraxılıb. Hakimiyyət AXCP üzvlərinin heç birini əfv fərmanına daxil etməyərək ayrı-seçkiliyə yol verib.

Eyni cinayət işləri üzrə məhkum olunanların bəzisi buraxılıb, digərləri yox. Əfv edilənlər arasında hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova, REAL Hərəkatının lideri İlqar Məmmədov yoxdur. Bu əfv böyük gözləntilər fonunda çox kiçik addımdır,” O.Gülalıyev vurğulayıb.

O, həmçinin hakimiyyətin siyasi məhbusların bir hissəsini azad edərək yenilərini həbs etməsilə bağlı mənfi tendensiyanı qeyd edib. Odur ki, uzun müddət Azərbaycanda siyasi məhbusların sayı 100 nəfər səviyyəsində olub.

İnsan Hüquqları və Qanunçuluq Bürosunun rəhbəri Səidə Qocamanlı əfv fərmanını alqışlayaraq, bunu siyasi məhbus probleminin həlli yolunda böyük addım adlandırıb.

O deyib ki, 2015-ci ilin dekabrında hüquq-müdafiə təşkilatlarının Monitorinq Qrupu prezident İlham Əliyevə 23 nəfərlik siyasi məhbus siyahısını təqdim edərək onların əfv olunmasını xahiş etmişdi. Həmin siyahıdan 14 nəfər bu gün əfv olunub. Rauf Mirqədirov isə Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.

“Biz qalan məhbusların da əfv və ya Apellyasiya Məhkəməsinin qərarları vasitəsilə azad edilməsi üçün Monitorinq Qrupu və insan haqları üzrə İşçi Qrupu çərçivəsində işi davam etdirəcəyik. Ümid edirik ki, AŞPA-nin iyun sessiyasına qədər siyahıda olan digər məhbuslar da azad ediləcək”, - S.Qocamanlı vurğulayıb.

Monitorinq Qrupunun siyahısına daxil olan şəxslərdən İlqar Məmmədov, Əli Həsənov, Fərəc Kərimli, Əbdül Əbilov, İlkin Rüstəmzadə, Xədicə İsmayılova həbsdədir.

AXCP sədri Əli Kərimli imzalanan əfv sərəncamı ilə həbsdən buraxılan siyasi məhbus dostlarımızın hamısını azadlıqda salamlayır, onlara və onların ailələrinə gözaydınlığı verir..

“Təəssüf ki, bu əfv sərəncamı da ölkədə kəskin hal alan siyasi məhbus problemini həll etmədi. Xədicə İsmayıl başda olmaqla, siyasi məhbusların əksəriyyəti hələ də haqsız yerə həbsdə saxlanılır. Bu gün verilən sərəncama hüquq müdafiəçilərinin vahid siyasi məhbus siyahısında olan 97 nəfərdən yalnız 14-nün adı daxil edilib. Bu o deməkdir ki, hakimiyyət başı üzərindən Domokl qılıncı kimi asılmış sanksiyalardan çəkinib, yayınmaq istəyir, lakin bunun üçün siyasi məhbuslar problemini birdəfəlik həll etməyə siyasi iradəsi çatmır.

Təəssüf edirəm ki, hələ də onlarla siyasi məhbusumuz həbsdədir və bu bayramı da ailələrilə birgə keçirmək imkanından məhrumdur. Bununla belə, bu gün azadlığa qovuşmuş dostlarımızı bir daha təbrik edir, onların və ailələrinin sevincini bölüşdüyümü bildirirəm”, o qeyd edib.

XS
SM
MD
LG