Accessibility links

Əfqan Muxtarlıya 110 manat cərimə kəsilib


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdəki jurnalist Əfqan Muxtarlı 110 manat cərimələnib. Bunu AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkil bu gün, sentyabrın 25-i Bakı İstintaq Təcridxanasında Ə.Muxtarlı ilə görüşüb.

“Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı Əfqan Muxtarlıya vergi yoxlaması aktı təqdim edib. Akt sentyabrın 20-də tərtib olunub. Aydınlaşdırdıq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı tarixdən, indiyə qədər olan dövr üzrə onun fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edib”.

Vəkilin sözlərinə görə, Ə.Muxtarlı barəsində səyyar vergi yoxlaması həmin qərar əsasında keçirilib.

“Bu barədə Ə.Muxtarlıya heç bir məlumat verilməyib. Tələbnamələr Ə.Muxtarlıya aid olmayan ünvanlara göndərilib. Bank hesab məlumatları məhkəmə qərarı olmadan çıxarılıb. Yekunda Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb”.

Vəkil deyib ki, Ə.Muxtarlı vergi yoxlamasını, əlavə vergi hesablanmasını qanunsuz hesab edir. Bununla belə, jurnalist hesablanmış əlavə vergini ödəmək niyyətindədir.

Vəkilin bu açıqlamasına Vergilər Nazirliyi və Baş Prokurorluqdan, hələlik, münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun dediyinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG