Fevralın 6-da Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin ümumi sayı 40 mini keçib. Zəlzələ nəticəsində minlərlə binanı dağıdıb, və ya yaşayış üçün yararsız hala düşüb. Stanford Universitetinin inşaat və ətraf mühit mühəndisliyi professoru Eduardo Miranda Amerikanın Səsinə müsahibədə dağıntıların miqyasının arxasındakı mümkün səbəblərdən, Türkiyənin gələcək zəlzələlərə hazırlanmasının yollarından və bu zəlzələdən çıxarmalı olduğu dərslərdən danışıb.
Amerikanın Səsi: Fevralın 6-da Türkiyədə 7,8 bal gücündə dağıdıcı zəlzələ, ondan cəmi 9 saat sonra isə 7,5 bal gücündə daha bir zəlzələ baş verib. Bu zəlzələlər Turkiyə və Suriyada 40 000-dən çox insanın həyatına son qoyub. Yerli ekspertlərin fikrincə, ilkin təkandan sonra 2000-dən çox yeraltı təkan baş verib və onlar hələ də davam edir. İkinci 7,5 bal gücündə olan zəlzələ bir afterşok mu idi, yoxsa ayrıca bir zəlzələmi idi və belə bir hadisənin baş vermə ehtimalı nədir?
Eduardo Miranda: Bu, ayrı bir zəlzələ idi. Böyük bir zəlzələdən sonra çox sayda afterşokların olması normaldır, amma onlar eyni qırılma xətti üzərində baş verir. Burada isə böyük bil zəlzələ oldu, doquz saat sonra isə başqa bir qırılma xətti üzərində bənzər başqa bir zəlzələ oldu. Ona görə də, buna ayrı bir zəlzələ deyirik. Və onların hər biri də yüzlərlə afterşoka səbəb olur. Bu isə nisbətən nadir rast gəlinən bir haldır.
Eyni yerdə iki ayrı zəlzələlər olur. Məsələn ABŞ-da 2019-cu ildə 4 iyulda zəlzələ oldu, ardından 5 iyulda yaxınlıqda bir başqa zəlzələ oldu. Amma indiki, son 100 ildə bizim bildiyimiz ard-arda baş verən ən böyük zəlzələlərdir.
Amerikanın Səsi: Rəsmi məlumatlara görə, təxminən 8 min bina çöküb və ya sökülməlidir. Bölgədən gələn videolarda bəzi binaların tamamilə dağıldığını, bəzilərində isə heç bir görünən zərər əlaməti olmadığı göstərilir. Hətta bir illik tikililər belə tamamilə dağıdılıb, minlərlə insan həyatını itirib. Ölkədə bir çoxları binaların müasir tikinti standartlarına uyğun tikilmədiyini və bu binaları lazımi qaydada yoxlamayan hakimiyyət orqanları tərəfindən səhlənkarlığın olduğunu iddia edir. Sizin məsələyə münasibətiniz nədir?
Eduardo Miranda: Əvvəla, hər bir quruluşun fərqli davranış sərgiləməsi normaldır. Mən 40 ildir zəlzələ mühəndisliyi sahəsindəyəm və bütün ölkələrdə, bütün zəlzələlərdə buna şahid olmuşam. Birincisi, binalar illər boyu inşa edilir və bizim zəlzələ mühəndisliyi ilə bağlı biliklərimiz illər boyu dəyişib. Biz zəlzələlərlə bağlı daha çox şey öyrənəndə, köhnə binaları yeni qaydalara riayət etməyə məcbur etmirik. Ümumilikdə, hətta Birləşmiş Ştatlarda, Yaponiya kimi ölkələrdə köhnə binaların yeni yexnologiya ilə inşa edilən yeni binalardan daha pis vəziyyətdə olacağı gözlənilir. Bununla belə, təəssüf ki, Türkiyədə xüsusilə də 1991-ci ildən bəri bilirik ki, başqa ölkələrdə olduğu kimi qanunlara (kodekslərə) ciddi şəkildə riayət olunmur. Xüsusilə də tipik beşmərtəbəli binalarla bəzi problemlər var. 1999-cu il zəlzələsində binalar zəif performans sərgilədi və təxminən 17 min insan öldü. Və biz bilirik ki, həmin ərazidə və İstanbula yaxın yerlərdə çox şey öyrənildi və təkmilləşdirmə oldu. Amma təəssüf ki, Türkiyənin bu bölgəsində eyni səviyyədə öyrənmə və təkmilləşdirmə olmadı.
Tələfat sayı bir neçə amilin birləşməsindən asılıdır. Birincisi, daha öncə qeyd etdiyimiz kimi, iki çox şiddətli zəlzələnin və onların hər birinin çox şiddətli yeraltı təkana səbəb olmasıdır ki, bunlar bizim zəlzələləri qeyd etməyə başladığımız son 120 ildə ən güclü yeratlı təkanlar arasındadır. İkincisi isə Türkiyədə mövcud olduğunu bildiyimiz zəif inşaat praktikasıdır. Bir digər böyük amil isə ilk zəlzələnin baş verdiyi saatdır ki, bu, yerli vaxtla gecə saat 4-də oldu və insanların çoxu evlərində idi. Bu da təəssüf ki, ölənlərin sayının çox yüksək olmasına gətirib çıxardı.
Amerikanın Səsi: Türkiyədə baş verən zəlzələdən bəri çoxları onu dünyanın ən aktiv seysmik bölgələrindən birində yerləşən və çoxlu zəlzələlərin olduğu başqa bir ölkə olan Yaponiya ilə müqayisə edir. Yaponiyada çoxlu hündürmərtəbəli binalar var, lakin zəlzələlər zamanı onlara belə dağıdıcı ziyan dəymir. Buf ərqi necə izah edərdiniz? Yaponiyada binaları zəlzələyə davamlı edən nədir?
Eduardo Miranda: Yaponiya zəlzələ mühəndisliyi sahəsində, bəlkə də, dünyanın ən qabaqcıl ölkəsidir. Və buna səbəb təkcə onların zəngin ölkə olması deyil, həm də illər boyu təsirinə məruz qaldıqları zəlzələlər tarixçəsidir. Yaponiyada zəlzələlər Türkiyədən daha tez-tez baş verir. Və bu da Yaponiyaya daima xatırlatma edir. Və onlar iqtisadi gücləri sayəsində zəlzələdən qorunmağa daha çox sərmaye qoyurlar.
Türkiyədə isə xüsusilə də həm şimaldakı Şimali Anadolu qırılma xətti və cənubda bu, Şərqi Anadolu qırılma xəttinin çox böyük təhlükə yaradacağını bildirdik. Və biz Şimali Anadolu qırılma xətti ilə bağlı bunu 30-ci illərdən bəri bilirik. Orada çox sayda zəlzələlər olub və biz bilirik ki, onlar qərbə doğru irəliləyir və İstanbula yaxınlaşır. Ona görə də, biz uzun müddətdir böyük bir zəlzələ gözləyirdik. Baxmayraq ki, çox sayda hazırlıq görülüb, minlərlə bina gücləndirilməlidir. Onların hamısını gücləndirmək böyük bir işdir. Və bu iş əsasən yeni tikintilərdə aparılıb, və çox məhdud sayda mövud bina gücləndirilib.
Amerikanın Səsi: Mütəxəssislər gələcəkdə Türkiyədə daha bir böyük zəlzələ olacağını proqnozlaşdırır və xəbərdarlıq edirlər ki, belə bir zəlzələ xüsusilə İstanbulda daha dağıdıcı nəticələrə səbəb ola bilər. Bəziləri İsntabulda və ölkənin digər bölgələrində binaların güclü zəlzələlərə tab gətirə bilib-bilməyəcəyinin yoxlanılmasını və gücləndirilməsini istəyib. Bu mümkündür mü və bunun üçün nə qədər vaxt tələb olunur?
Eduardo Miranda: Bu 20 il öncə başlayıb. Və məsələn seismik cihazlara sərmayə qoyulub. Çox sayda yeni xəstəxanalar seismik izolyasiya yolu ilə güclənsdirilib ki, bu, onların hətta ən güclü zəlzələ zamanı belə ayaqda qalmalarını təmin edən yeni texnologiyadır. Ancaq gücləndirilməli olan binaların sayı çoxdur. Bunun üçün asanlıqla 50 milyard dollar sərmaye tələb oluna bilər və bu, nisbətən yavaş həyata keçirilib. Yəni, baxmayraq ki, vəziyyət yaxşılaşıb, bu, kifayət deyil. Təxminlərə görə, fevralın 6-da baş verən zəlzələyə yaxın gücdə bir zəlzələ İstanbula yaxın bir yerdə olsa, yarım milyon ilə bir milyona qədər insan həyatını itirə bilər.
Amerikanın Səsi: Türkiyə hökuməti bu faciədən hansı dərslər çıxarmalıdır?
Eduardo Miranda: Məncə burdan çıxarılmalı olan ən böyük dərs odur ki, binaların gücləndirilməsi məsələsinə ciddi yanaşmaq lazımdır. Bu iki mərhələləli bir yanaşmadır. Birincisi, gücləndirilməli olan binaları müəyyən etmək, ikincisi isə bunu həyata keçirməkdir. Məsələn Birləşmiş Ştatlarda bu, məcburi mandatlarla həyata keçirilir. Bu mandat bina sahiblərini binanın quruluşunu dəyərləndirmək üçün struktur mühəndislərini işə götürməyə məcbur edir. Bu, adətən müəyyən bir zaman ərzində olmalıdır, və, misal üçün, onlara qiymətləndirmə prosesini tamamlamaları üçün beş il verilir. Ancaq əgər bu proses başlamasa, onlara cərimələr tətbiq olunur. Təhlükəli və xüsusilə də çökmə riski olanlara isə əlavə zaman, məsələn 5 və ya 10 il verilir ki, onlar ya sökülsün ya da gücləndirilsin. Amma bu qaydaları həyata keçirmək həm siyasi, həm də iqtisadi cəhətdən mürəkkəbdir, çünki, birincisi mövcud binalarla bağlı nəyinsə edilməsini məcbur edən qanun problemi var. Yəni, bu, hüquqi baxmdan çətindir, amma edilə bilər. Eyni zamanda isə siyasi baxımdan da çətindir, çünki əksər insanlar bu cür tapşırıq almaq, siyasətçilər isə bəzən bu cür çətin qərarlar vermək istəmirlər.