Aprelin 30-da mədən sənayesində şəffaflığın artırılması üzrə ictimai birliklər koalisiyasının 18-ci ümumi yığıncağı açılıb.
Koalisiyanın koordinatoru Əliməmməd Nuriyev koalisiya şurasının 2014-15-ci illərdə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
O, Azərbaycan vətəndaş cəmiyyətinin fəaliyyətindəki problemlərlə əlaqədar beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə ölkənin statusunun tamhüquqlu üzvdən namizəd ölkə statusuna qədər azalması məsələsinə toxunub.
Onun sözlərinə görə, EİTİ-nin QHT-lərin fəaliyyət şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələri həll olunur. O, bir daha inandırıb ki, QHT-lərin bank hesablarına qoyulmuş həbslər götürülüb, fəalların gömrük və sərhəddə yoxlanmaları aradan qaldırılıb. QHT-lərin Vergilər Nazirliyi və Prokurorluq tərəfindən yoxlamaları başa çatıb.
Bununla belə, koalisiya üzvlərinin cinayət təqibi məsələləri hələ həllini tapmayıb. Belə ki, Oqtay Gülalıyev və onun oğullarına qarşı cinayət işi hələ də bağlanmayıb. Daha sonra Nuriyev AXCP fəalı Asif Yusiflinin taleyi ilə bağlı ümidverici bəyanat səsləndirərək, onun tezliklə əvf oluna biləcəyinə işarə edib.
Koalisiyanın perspektivlərinə toxunan Nuriyev eyni şəxslərin eyni zamanda bir neçə QHT-də iştirakının qarşısını almaq üçün nizamnamə sənədlərində dəyişikliklərə ehtiyac olduğunu qeyd edib. Həmçinin, koalisiya üzvlərinin siyasi partiyaların rəhbər orqanlarında iştirakının aradan qaldırılması nəzərdə tutulur.
Koalisiya Şurasının üzvü Qubad İbadoğlu da hökumət və neft şirkətləri ilə bir qrupda iştirak edən koalisiya üzvlərinin statusunun və maliyyə mənbələrinin müəyyən edilməsinin tərəfdarı olduğunu bildirib.
İbadoğlu qeyd edib ki, yalnız QHT-ləri problemlərinin real olaraq aradan qaldırılması Azərbaycanın EİTİ-də tamhüquqlu üzv statusunu bərpa etməyə imkan verəcək.
Ümumi yığıncaq zamanı nizamnaməyə dəyişikliklərin müzakirəsi və qəbulu, onun strategiyasının müəyyən edilməsi, rəhbər orqanların seçilməsi nəzərdə tutulur.
Hazırda koalisiyanın 138 üzvü var, bunun 128-i QHT, 10-u fiziki şəxsdir. Açılış mərasimində salamlama nitqi ilə Azərbaycanın EİTİ-dəki koordinatoru, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ABŞ səfiri Robert Sekuta, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi səfir Malena Mard, Dünya Bankının, EİTİ-nin, QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri iştirak edib.