Dünya ölkələrinin hökumətləri dekabr ayından bəri 114 ölkədə təxminən 118 mindən çox insanın yoluxduğu və 4300 insanın ölümünə səbəb olan daima dəyişən yeni koronavirusu aradan qaldırmaq üçün addımlar atmağa çalışır.
Rəsmi olaraq COVID-19 kimi tanınan virus ilk dəfə özünü Çində göstərib və ölkə rəsmiləri çərşənbə günü daha 24 yeni yoluxşma halının olduğunu bildirib.
Virusun yayılmasının qarşısını almaq üçün hökumətin şəhərləri bağladığı Çində xəstələnənlərin sayı azalmağa başlasa da, hazırda digər öıkələrdə yoluxma hallarının sayı artmaqdadır.
Bu, Pekin rəsmilərinin ölkəyə gələn hər kəsin 14 günlük karantində saxlanmasına göstəriş verməsinə səbəb olub.
Ölkəyə səfər edənlərin sayı da daxil edilməklə, yoluxma halları 10 mindən çox olan İtaliya virusun mərkəzi olan Çindən sonra ikinci yerdədir. Çərşənbə günü ikinci gündür ki, İtaliya ümummilli karantin vəziyyətindədir, insanların yalnız təcili sağlıq durumu və yaxud işlə əlaqədar hərəkət etməsinə icazə verilir.
Amerika Birləşmiş Ştatlarında yoluxanların sayı 1000-i keçdiyinə görə, rəsmilərin narahatlıqları artıb.
Ölkənin qərbindəki Vaşinqton ştatının qubernatorunun 250-dən çox insanın bir yerdə toplaşmasına qadağa elan ediləcəyi gözlənilir. 100-dən çox insanın yoluxduğu bildirilən Nyu-Yorkun qubernatoru isə daha çox təcrid zonaları yaratmağa çalışır.