Yeni koronavirusa yoluxma halları 1 milyonu keçib və bu virus 53.000-dən çox insanın ölümünə səbəb olub. Reuters xəbər agentliyi cümə günü ABŞ-da və Qərbi Avropada ölüm saylarının artdığını və dünya iqtisadiyyatının fəlakətli vəziyyətə düşdüyünü bildirib.
Təkcə cümə axşamı bu virusdan 6,095 nəfər ölüb ki, bu, COVID-19 xəstəliyinin yarandığı Çindəki ölüm hallarından təxminən iki dəfə çoxdur.
Rəsmi olaraq açıqlanan məlumatlara görə, İtaliyada 13,915 insan ölüb. İspaniya isə 10,935 ölüm halları ilə üçüncü yerdədir. Lakin koronavirusun yeni episentrinə Amerika Birləşmiş Ştatları çevrilib - burada heç bir ölkədə olmadığı qədər, 245 mindən çox yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 5.877-dir.
Çinin həyata keçirdiyi sərt tədbirlərdən sonra orada vəziyyət sabitləşib və ölkə şənbə günü üç dəqiqəlik sükutla "şəhidlərinin" xatirəsini anmağı planlaşdırır.
İranda epidemiya hələ də yayılır, eyni zamanda isə ölkə ənənvi düşməni hesab etdiyi ABŞ-la geosiyasi səhnədə mübahisə etməyə davam edir.
Bütün dünyadakı yoluxma hallarının yarısından çoxu Avropada qeydə alınıb və Fransa ilə İngitərə böyük çətinliklə səhiyyə xidmətlərini ayaqda tutmağa çalışırlar.
Rəsmi rəqəmlərin kifayət qədər sarsıdıcı olmağına baxmayaraq, səhiyyə üzrə mütəxəssislər və hətta bəzi hökümətlər virusa yoluxanlar barədə dəqiq məlumatlarının olmadığını etiraf edirlər. Çox vaxt az simptomları olan və ya ümumiyyətlə heç bir simptom sərgiləməyən insanlar test olunmurlar və rəsmi göstəricilərdə əks olunmurlar.