Accessibility links

Dövlət Departamentinin insan haqları hesabatına münasibətlər – “divar kağızı” və ya “sanksiya tətbiq edilsin”


ABŞ Dövlət Departamentinin insan hüquqları hesabatı
ABŞ Dövlət Departamentinin insan hüquqları hesabatı

Səyavuş Novruzov, Cəmil Həsənli və Xədicə İsmayılovanın Amerikanın Səsinə müsahibələri

Martın 13-də ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Hesabatı təqdim edən dövlət katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını vurğulayıb.

Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində baş verən hüquq pozuntuları təsvir edilib. Azərbaycanda arbitrar qətllərin və işgəncə halları ilə bağlı məlumatlar geniş yer alıb.

"Azərbaycan hökuməti insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır - cəzasızlıq problem olaraq qalır," hesabatın Azərbyacana aid hissəsində qeyd edilir.

Hesabatda çoxsaylı faktlara istinad edilir.

Azərbaycanda Dövlət Departamentinin hesabatına münasibətlər müxtəlifdir.

İqtridar hesabatın reallığı əks etdirmədiyini, müxalifət və hüquq müdafiəçiləri reallığı əks etdirdiyini bildirir.

Siyavuş Novruzov: “Dövlət Departamentinin hesabatı divar kağızıdır”

Siyavuş Novruzov
Siyavuş Novruzov

İqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatı heç bir fakta, araşdırmaya söykənmir.

“Dövlət Departamenti köhnə materialları belə dəyişdirmədən dərc edib. Yəni Əli Kərimlinin, Milli Şuranın bəzi üzvlərinin yazdıqlarının nöqtə-vergülünü belə dəyişmədən hesabata daxil ediblər. İstinad etdikləri mənbə nədir? Ailə üzvlərinin dediyinə görə bu, belə olub. Ailə üzvləri deyəcək ki, mənim ailə üzvüm filan cinayəti törətmişdi, ona görə cinayət məsuliyyətinə cəlb olunub? Doğrudan da gülüş doğuran bir məsələdir. İkincisi insanları toka vermək, ayaqlarının altına dubinka ilə, belə deyək də, vurmaq, nə bilim, nə... Orada olubsan, iştirak edibsən, görübsən? Hansı əsasla yazıbsan?” , o sual edir.

Siyavuş Novruzov: “Dövlət Departamentinin hesabatı divar kağızıdır”
please wait

No media source currently available

0:00 0:09:47 0:00

İcra katibinin müavini hesab edir ki, Dövlət Departamenti hər bir insanın verdiyi informasiyaya əsaslanmamalıdır.

“Böyük bir dövlətin, aparıcı bir dövlətin Dövlət Departamenti tərəfindən bazar, çayxana, küçə söhbətləri dövlət sənədi səviyyəsinə çıxmamalıdır. Burada fundamental araşdırma olmalıdır.”

O, hesabatı həm də birtərəfli hesab edir.

“Bəs, niyə Azərbaycanın bütün hüquqlardan məhrum olunmuş bir milyon qaçqınları haqqında bir kəlmə işlədilmir. Yaxud bizim Kəlbəcərli həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə (Hər iki şəxs 2014-cü il iyulun 11-də ermənilərin nəzarətində olan Azərbaycanın Kəlbəcər rayonunda tutulub, uzun müddətə həbsə məhkum edilib -red) ermənilər tərəfindən hər cür işgəncə verilir, qeyri-qanuni məhkəmə qurulub, hesabatda onlar barədə bir kəlmə belə işlədilməyib. Qələndər Muxtarlını (söhbət Mehman Qələndərovdan gedir. Blogerin 1 saylı Bakı İstintaq Təcridxanasında 2017-ci il aprelin 28-də müəmmalı şəraitdə intihar etdiyi bildirilir-red), Gözəl Bayramlını (AXCP sədrinin müavini, 2017-ci il mayın 25-də həbs edilib-red) axtarıb tapa bilirlər, amma Dilqəmlə Şahbazı tapa bilmirlər,” o qeyd edib.

İnsanları toka vermək, ayaqlarının altına dubinka ilə vurmaq, nə bilim, nə... Orada olubsan, iştirak edibsən, görübsən? Hansı əsasla yazıbsan?
Siyavuş Novruzov, YAP icra katibinin müavini

Novruzov hesab edir ki, belə hesabatların yayılmasında xüsusi maraqlar var.

“Çünki Azərbaycanın apardığı müstəqil siyasət, cənab prezident tərəfindən qəbul olunan qərarlar, sərəncamlar, bu yaxınlarda olacaq əfv sərəncamı bunlara sərf etmir. Bunlar istəyir ki, Azərbaycan dövləti bunların diqtəsi ilə durub-otursun, filan ölkəyə qarşı bunu elə, filan ölkəyə qarşı onu elə. Azərbaycan müstəqil ölkədir, öz xalqının maraqlarını qoruyaraq siyasət aparır.”

O, Azərbaycanda internet və media azadlığının olduğunu deyib.

“Azərbaycanda iyirmidən çox internet televiziyası fəaliyyət göstərir. Bu gün xaricdə oturub youtube, digər beynəlxalq internet resursları vasitəsi ilə Azərbaycana qarşı söyüş, böhtan kampaniyası aparılır. Bunun başında da Dövlət Departamentində oturanlar durur. Bunlar onların maliyyəsi, öyrətməsi nəticəsində baş verir.”

Siyavuş Novruzov Dövlət Departamentinin hesabatını `divar kağızı` hesab etdiyini deyib.

“Bu hesabatın heç bir hüquqi əsası yoxdur. Mən də deyirəm Kennedini kim öldürüb? Getsinlər tapsınlar. Kennedini öldürəni niyə indiyədək tapa bilmirlər? Və yaxud 70-dən çox jurnalist öldürülüb. Quantanamoda edilən işgəncəyə görə, ABŞ hərbçilərindən, həbsxana rəhbərlərindən kimlər məsuliyyətə cəlb edilib? Bir-ikisinin adını açıqlasınlar”, o bildirib.

YAP icra katibinin müavini əfv sərəncamı, siyasi məhbus kimi tanınan şəxslərin əfv olunub-olunmayacağı ilə bağlı sualın cavabında deyib ki, əfv sərəncamı bir qrup insana sərf etmir.

Əfvlə bağlı müraciətlərə baxılıb və bunlardan 400 nəfər insanın azadlığa buraxılması ilə əlaqədar sənədlər hazırlanıb.
Siyavuş Novruzov, YAP icra katibinin müavini

“Əfv sərəncamı olanda xaricdə oturan bir qrup şəxsə, erməni lobbisinə xidmət edən insanlara və Azərbaycanda Milli Şura adlanan quruma, Əli Kərimlinin dəstəsinə sərf etmir. Bunlar bu və ya digər şəkildə çalışır ki, o insanların heç biri azadlığa buraxılmasın. Bunlar da onların adından istifadə edib qrant alsınlar, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilsin.”

O, eyni zamanda bildirib ki, əfvlə bağlı müraciətlər olub.

“Artıq bunlar (Milli Şura nəzərdə tutulur-red) çıxış edirlər ki, biz mitinq elədik əfv sərəncamı olacaq. Halbuki əfvlə bağlı mindən artıq müraciət daxil olub. Müraciətlərə baxılıb və bunlardan 400 nəfər insanın azadlığa buraxılması ilə əlaqədar sənədlər hazırlanıb. İndi nə qədər olacaq, kimlər olacaq, onu əfv komissiyası müəyyənləşdirir.”

Novruzovun fikrincə, bunlar (Milli Şura nəzərdə tutulur-red) azadlığa çıxan insanlarla bağlı ilgilənmir.

“Məsələn, İlqar Məmmədov. Orada (həbsdə-red) olanda onun adını daha çox hallandırırdılar, nəinki indi. İndi artıq onunla rəqabətə giriblər, çirkli rəqabət aparırlar. Halbuki orada olanda onun plakatlarını boyunlarından asıb, mitinqlərdə çıxış edirdilər.”

O deyib ki, kimin cinayəti ictimai təhlükəli deyilsə, əfvə uyğun gəlirsə, ailəsi və ya hüquq müdafiə təşkilatları tərəfindən müraciət edilibsə, törətdiyi əməldən peşman olması barədə etirafı varsa, o şəxslərlə bağlı müraciətə baxılır və müvafiq qərar qəbul ediləcək.

Xədicə İsmayılova: “ABŞ faktların BMT-də araşdırılması istiqamətində addım atmalıdır”

Xədicə ismayıl aclıq edir
Xədicə ismayıl aclıq edir

Siyasi məhbusların vahid siyahısını hazırlayan işçi qrupunun üzvü Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində bildirib ki, hesabat ölkədə insan haqları sahəsində pozuntuları kifayət qədər əks etdirir.

Xədicə İsmayılova: “ABŞ faktların BMT-də araşdırılması istiqamətində addım atmalıdır”
please wait

No media source currently available

0:00 0:01:49 0:00

“Hesabat ölkədə sistemetik olaraq insan haqlarının pozulması ilə bağlı məlumat verir. Əlbəttə ki, misallar və insan haqları pozuntularının miqyası orada əks olunduğundan daha böyükdür. Amma bu dəfə daha çox sayda və daha çox növdə insan haqları pozuntusuna yer ayırılıb. Bu təqdirəlayiq haldır ki, diplomatik nümayəndəlik bu halları müşahidə etməyə vaxt tapıb və bunları əks etdirib.”

Azərbaycanda son üç ildə xüsusi xidmət orqanlarının, hüquq mühafizə orqanlarının xüsusi əməliyyat apardığı zaman insanların heç bir səbəb olmadan öldürülməsi ənənə halını alıb və bu halların miqyası olduqca ciddi naratlıq doğurur.
Xədicə İsmayılova, hüquq müdafiəçisi

O hesab edir ki, hesabatın bir çox yerində, xüsusilə qadınlara qarşı zorakılıqla, qadın hüquqları ilə bağlı hissələrində boşluqlar var. Növbəti illərdə o boşluqlar üzərində dayanmağa dəyər.

İsmayılova bildirib ki, hüquq mühafizə orqanlarının apardığı əməliyyatlar zamanı insanların heç bir səbəb göstərilmədən, izahat verilmədən öldürülməsi, istintaq altında olan insanların öldürülməsi faktlarının hesabatda əksini tapması təqdirəlayiq haldır. Onun fikrincə, bu halların beynəlxalq səviyyədə araşdırılmasına ehtiyac var.

“Bu faktlar hesabatda əks olunduğundan daha geniş və daha miqyaslıdır. Amma yaxşı olardı ki, Dövlət Departamenti bunun ardınca BMT-dəki missiyasını hərəkətə gətirsin və BMT-də bu faktların araşdırılması, Azərbaycan hökumətindən hesabat tələb olunması ilə bağlı addımlar atılsın. Çünki Azərbaycanda artıq son üç ildə xüsusi xidmət orqanlarının, hüquq mühafizə orqanlarının xüsusi əməliyyat apardığı zaman insanların heç bir səbəb olmadan öldürülməsi ənənə halını alıb və bu halların miqyası olduqca ciddi narahatlıq doğurur,” o qeyd edib.

Cəmil Həsənli: “İnsan haqlarını acınacaqlı duruma salanlara sanksiya tətbiq olunmalıdır”

Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində bildirib ki, ABŞ Dövlət Departamentinin hesabatı reallığı əks etdirir.

“Hesabat nəinki reallığı əks etdirir, hətta mən deyərdim ki, Azərbaycanda vəziyyət hesabatda təqdim olunduğundan daha ağırdır. Əlbəttə hesabatı hazırlıyanlar əldə edə bildiyi faktlar əsasında hesabatı təqdim edib. Amma kifayət qədər ciddi məsələlər hesabatda əks olunub. Birinci onu qeyd etmək lazımdır ki, o illik hesabatın nə az, nə çox, düz 40 səhifəsi Azərbaycanla bağlıdır.”

Cəmil Həsənli: “İnsan haqlarını acınacaqlı duruma salanlara sankiya tətbiq olunmalıdır”
please wait

No media source currently available

0:00 0:05:06 0:00

Həsənlinin fikrincə, hesabat yeni açılqanıb, onun öyrənilməsinə, diqqətlə araşdırılmasına böyük ehtiyac var.

“Ancaq bununla bərabər mən deməliyəm ki, əsas faktların böyük bir hissəsi hesabatda əks olunub. İstər siyasi məhbuslarla bağlı, istər istintaq altında olan insanlara işgəncə verilməsi ilə bağlı, istər polis orqanlarının konstitusion nəzarətdən çıxması və faktiki olaraq vətəndaşlara saxta cinayət işi quraşdırılması ilə bağlı hesabatda diqqət çəkən bir çox məqamlar var.”

Milli Şura sədri Azərbacana qarşı sanksiya tətbiqinin vaxtının çatdığını da istisna etmir.

“Məncə onun vaxtıdır ki, hesabatda Azərbaycan vətəndaşlarına qarşı bu əməlləri törədənlərə ABŞ tərərfindən sanksiyalar tətbiq olunsun. Çünki istər Daxili İşlər Nazirlyinin, istər Baş Prokurorluğunun vəzifəli şəxsləri, məhkəmə orqanları insan haqqlarının pozulmasında bu qədər ağır əməllər törədiblər. Bu əməllərin qarşısında kimsə cavab verməlidir. Bu hesabatda da qeyd olunur ki, Azərbaycan hakimiyyəti işgəncə törədən vəzifəli şəxsləri sorğulamır. Nəinki sorğulamır gərək orada bir əlavə qeyd olunaydı ki, onların vəzifələri yüksəldilir. Əlavə imtiyazlar verilir.”

Azərbaycan hakimiyyətindən tələb etmək lazmdır ki, niyə ölkəni bu formada rüsvay edirlər.
Cəmil Həsənli, Milli Şuranın sədri

O deyib ki, Azərbayacan istintaq orqanları o qədər konstititusion nəzarətdən çıxıb ki, hətta görüntü üçün də nə isə etməyə ehtiyac duymurlar.

“Hər hansı insident olmadan adama qarşı saxta cinayət işi açıblar. Mətbuat susdurulub. Azad mətbuat boğulub, jurnalistlər təqib olunur. Sərbəst toplaşmaq azadlığına riayət olunmur. Bilirsiniz ki, artıq 3 dəfə Milli Şuranın müraciətinə heç bir ağlabatan əsas göstərilmədən rədd cavabı verilib. Burada hakimiyyət orqanları sərbəst toplaşmaq azadlığı ilə bağlı öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobud şəkildə pozub. Mən hesab edirəm ki, bu hesabat təqdirəlayiqdir."

Həsənli hesabatı Azərbaycan dilinə tərcümə edib və yaymağı lazım bilir.

“Onun ətrafında müzakirə keçirmək lazımdır. Azərbaycan hakimiyyətindən tələb etmək lazmdır ki, niyə ölkəni bu formada rüsvay edirlər? Niyə ölkəni belə aşağılayıcı duruma salırlar? Dövlət Departamentinin hesabatından görsənir ki, Azərbaycanda insan haqqları necə acınacaqlı duruma düşüb. Bunun bilavasitə səbəbkarı, bu həddə gətirən şəxsən İlham Əliyevin özüdür. Ona görə də insan haqqlarını belə acınacaqlı duruma saldığına görə İlham Əliyevə və ölkədə insan haqlarının vəziyyətinin belə acınacaqlı durumda məsuliyyəti olan bütün vəzifəli şəxslərə sanksiyalar tətbiq edilməlidir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG