Accessibility links

Dəyirmi Masa: Yaxın Şərq böhranı və Türkiyə-İsrail münasibətləri


Türkiyədə və Azərbaycanda böhranla bağlı yaşanan hissləri bölüşən söhbət iştirakçıları İsrailin türk vətəndaşları ilə rəftarının hiddət doğurduğunu vurğuladılar

Mayın 31-i gecəsi İsrail kommandoları Qəzza bölgəsinə istiqamət almış humanitar yardım donanmasını saxlayarkən Mavi Marmara gəmisinin sərnişinləri ilə toqquşdular. Nəticədə azı 9 aksiya iştirakçılarının öldüyü və onlarla adamın yaralandığı deyilir. Yaxın Şərqdə baş qaldıran son böhranın mərkəzində isə bu dəfə Türkiyə dayanır. Belə ki, ölən və yaralananların böyük əksəriyyəti türklərdir. Baş verənlərin fonunda Türkiyə-İsrail münasibətləri və Yaxın Şərqdə ümumi durum beynəlxalq ekspertlər araısnda ciddi narahatlıq doğurur. Bu mövzuda diskussiya aparmaq üçün dəyirmi masa söhbətimizə Ankarada qərargahlanan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan və Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunu dəvət etdik.

Türkiyədə və Azərbaycanda böhranla bağlı yaşanan hissləri bölüşən söhbət iştirakçıları İsrailin türk vətəndaşları ilə rəftarının hiddət doğurduğunu vurğuladılar. Sinan Oğan türk ictimaiyyətinin gəmidəki türklərə atəş açılmasını, insanların qətlə yetirilməsini və yaralandıqlarını qətiyyətlə pislədiklərini söylədi. Politoloq Ərəstun Oruclu türklərin öldürülməsi ilə bağlı Azərbaycanda da bir çox adamın üzüldüyünü önə çəkdi. Onun sözlərinə görə Türkiyənin bir vaxtlar müttəfiqi olmuş İsraillə qarşıdurması bir çoxlarında məyusluq doğurur. Politoloq əlavə etdi ki, İsrail humanitar gəmi konvoyuna qeyri-qanuni olaraq beynəlxalq sularda hücum edib. Bu baxımdan İsrailin özünü-müdafiə arqumentini önə çəkməsi anlaşılan deyil. Cənab Oruclunun sözlərinə görə İsrail dövləti yaranmış situasiya ilə bağlı peşəkar və sakit qaydada ölçülər götürə bilərdi ki, bu da insan itkilərinin qarşısını almış olardı.

Türkiyənin İsraillə qarşıdurmasının köklərinə nəzər salan Sinan Oğan baş nazir Rəcəb Təyyib Ərdoğanın İslam dünyası ilə münasibətləri yaxşılaşdırmaq cəhdindən sonra münasibətlərdə dəyişiklik baş verdiyini bildirdi. O, söylədi ki, türk hökumətinin fələstinlilərin taleyinə artan diqqəti və İsrailin Qəzzada yaşayan fələstinlilərlə pisləşən rəftarı donanma böhranına yol açılmasında ciddi rol oynadı. Onun sözlərinə görə İsraildə hakimiyyət başında olan sağ cinahlı Benyamin Netanyahu hökuməti ifrat siyasət yürüdərək regionda gərginliyi artırır və müttəfiqi ilə münasibətləri pozmaqdan çəkinmir. O biri tərəfdən Rəcəb Təyyib Ərdoğan özünün sərt ritorikası ilə məsələlərin soyuq başla həllinə o qədər də yardım göstərmir.

Ərəstun Oruclu qeyd etdi ki, yaranan böhran təkcə Türkiyə-İsrail münasibətləri deyil, eləcə də Türkiyə-Qərb münasibətlərinə təsirsiz ötüşməyəcək. Belə ki, bir çox Avropalı siyasətçilər Ərdoğan hökumətinin addımlarını diqqətlə izləyir. Onların anlamında Türkiyənin hazırkı hökuməti İslam təmayüllü siyasət yürütməklə Türkiyənin xarici siyasət vektorunu başqa istiqamətə yönəldib. Politoloq güman edir ki, ilkin siyasi gərginlik aradan qalxdıqdan sonra Qərb liderləri türk cəmiyyətinin mahiyyətini soyuq başla təhlil edəcək və bu ölkənin götürdüyü siyasi kursa uyğun qərarlar verəcək.

XS
SM
MD
LG