Accessibility links

Dəyirmi Masa: İranın nüvə proqramı ətrafında beynəlxalq qarşıdurma


“ATLAS” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu BMT Təhlükəsizlik Şiurasında sanksiyalar paketinin qəbul ediləcəyinə nikbin yanaşmadığını bildirdi

Bu həftənin əvvəli İranla bağlı iki mühüm hadisə ilə yadda qaldı. Rəsmi Tehran Türkiyə və Braziliya ilə imzaladığı razılığa əsasən aşağı dərəcəli uranı emal edilmək üçün Türkiyəyə göndərməyə razılıq verdi. Sazişə skeptik yanaşan Birləşmiş Ştatlar isə İranın beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadığını əsas gətirərək BMT Təhlükəsizlik Şurasında dördüncü raund sanksiyalar paketini əhatə edən qətnamə layihəsini təqdim etdi. İranın nüvə proqramı barədə diskussiya aparmaq üçün dəyirmi masa söhbətimizə politoloq Qabil Hüseynli və “ATLAS” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunu dəvət etdik.

Qabil Hüseynli BMT Təhlükəsizlik Şurasının qətnaməni yaxın zamanlarda qəbul edəcəyini ehtimal etdiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı yəqin ki, dünya qüdrətləri arasında sövdələşmələr baş verib. Lakin qətnamənin qəbuluna əngəl törədən maneələrdən biri kimi o, Türkiyənin vasitəçiliyi ilə imzalanan razılığı diqqətə yetirdi. Belə ki, ABŞ Türkiyənin təşəbbüs göstərərək heç kimlə məsləhətləşmədən Tehranla bu növ anlaşmaya gələcəyini güman etmirdi. “Müqavilənin imzlanmasına ABŞ ciddi surətdə etiraz edir,” deyə cənab Hüseynli bildirdi. Politoloqun sözlərinə görə, artıq bir çoxlarına aydındır ki, İranın uran saflaşdırmaq imkanları xeyli genişlənib və əldə olunan razılıq İranı nüvə silahlarına yiyələnmək kursundan çəkindirməyəcək.

“ATLAS” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə BMT Təhlükəsizlik Şiurasında sanksiyalar paketinin qəbul ediləcəyinə nikbin yanaşmadığını bildirdi. “Tehran sazişindən sonra artıq məndə qəti əminlik yoxdur ki, BMT Təhlükəsizlik Şurası Amerikanın istədiyi qətnaməni asanlıqla qəbul edə bilər,” deyə cənab Şahinoğlu bildirdi. Belə ki, Türkiyə və Braziliya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləridir, və onların vasitəçilik səyləri BMT Nüvə Agentliyi ilə bir müddət əvvəl razılaşdırılıb. Bundan əlavə, veto hüququna malik olan Çin də Türkiyə və Braziliyanın vasitəçilik etdiyi razılığa müsbət münasibət bildirib. Belə bir məqamda isə ABŞ-ın İrana qarşı vahid cəbhəni qoruyub saxlaya bilmək şansları zəif görünür.

Qabil Hüseynli diqqəti ona çəkdi ki, Türkiyənin hazırkı vasitəçilik təşəbbüsləri Vaşinqton tərəfindən dəstəklənməyib və İranla uran mübadiləsi haqda razılıq imzalamaqla rəsmi Ankara öz üzərinə götürdüyü missiyanın hüdudlarını aşıb. Türkiyənin aktiv təşəbbüskarlığını hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İslam təmayüllü mahiyyəti ilə izah edən edən politoloq qeyd etdi ki, Rəcəb Təyyib Ərdoğan hökuməti İranın İslamçı rəhbərliyinə müəyyən ideoloji rəğbət hissləri ilə yanaşır. Eyni zamanda AKP hökuməti Türkiyə ilə ABŞ və Avropa dövlətləri arasında məsafə yaratmağa can atır. Lakin bunu etməklə Ankara özünün Qərb dövlətləri ilə müttəfiq münasibətlərinə və Türkiyənin milli maraqlarına xələl gətirmiş olur. İranın atom bombası əldə etməsi perspektivini səciyyələndirən Elxan Şahinoğlu da belə bir nəticənin Yaxın Şərqdə arzuolunmaz fəsadlara gətirib çıxara biləcəyini və gec-tez Türkiyəni də atom bombası inkişaf etdirmək məcburiyyətində qoyacağını önə çəkdi.

XS
SM
MD
LG