“AzadlıqRadiosunun ofisində axtarış və ardınca ofisin bağlanması Azərbaycanda azad media və ifadə azadlığına növbəti kəskin hücum dalğasıdır”. Bu barədə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Miyatoviçin AzadlıqRadiosuna olan basğılarla bağlı dekabrın 29-da yaydığı bəyanatında deyilir.
O Azərbaycan hakimiyyətini ölkədə media azadlığına basqıları dayandırmağı çağırıb.
Sənəddə bildirilir ki, dekabrın 26-da prokurorluq radionun ofisində axtarış aparıb, sənədləri, avadanlıqları götürüb, ofisin qapılarını möhürləyib. Bunun ardınca radionun əməkdaşları saxlanılaraq ifadə vermək üçün istintaqa aparılıb. Onlar dindirildikdən sonra azad buraxılıb.
“AzadlıqRadiosunda aparılan axtarış son aylar ölkədə azad mediaya qarşı olduqca narahatlıq doğuran basqılardan sonra baş verir. Bundan əvvəl Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Media Azadlığı İnstitutu, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının (İREX) ofisi bağlanıb, dekabrın əvvəlində isə AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl istintaq dövründə həbs edilib.
2014-cü ildə Azərbaycanda media azadlığı kəskin pisləşib. Ondan çox media təmsilçisi hazırda həbsdədir.
Azərbaycan hakimiyyəti AzadlıqRadiosunun fəaliyyətini davam etdirməsinə imkan verməli, ölkədə tənqidi səslərin də mövcudluğunu təmin etməlidir”, Dunya Miyatoviç qeyd edib.