İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramının qarşısını almaq üçün diplomatiya və sanksiyaları gözləməyəcəyini deyib. Dünən Vaşınqtonda ictimayyət qarşısında çıxış edən cənab Netanyahu İranın nüvə proqramının enerji və tibbi izotoplar üçün yaradıldığı fikrini sual altına alıb.
O deyib ki, qitələrarası balistik raketlər istehsal etmək üçün yeraltı nüvə obyektləri inşa edən ölkənin məqsədinin tibbi sahədə irəliləyişdən ibaərət olması inandırıcı deyil.
“İranın qitələrarası balistik raketi sizin yaxınlığınızdan uçan zaman siz narahat olmaya bilərsiniz. Ona görə ki, raket yalnız tibbi izotoplar daşıyır,” deyə Netanyahu bildirib.
Bazar ertəsi Ağ Evdə prezident Barak Obama cənab Netanyahunu İranın nüvə ambisiyalarına təsir göstərmək üçün sanksiyalara bir az da vaxt verməyə çağırıb. İsrail lideri ölkəsinin hüquqlarını müdafiə etmək üçün hərbi müdaxilədən istifadə etmək haqqı olduğunu bildirib.