Accessibility links

Dövlət Departamenti: Azərbaycan rəsmilərini Leyla və Arifi humanitar əsaslarla azadlığa buraxmağa çağırırıq


Dövlət Departamenti
Dövlət Departamenti

Azərbaycan məhkəməsinin insan haqları fəalları Leyla və Arif Yunusun müvafiq olaraq səkkiz il yarım və yeddi il müddətinə azadlıqdan məhkum etmək qərarı Birləşmiş Ştatları dərindən narahat edir. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat nümayəndəsi John Kirby bildirib.

“Bu şəxslər artiq bir ildən artıq həbsxanada keçiriblər. Belə görünür ki, onlara qarşı irəli sürülən ittihamlar onların insan haqları sahəsində gördükləri iş və bölgədə gərginliyin azalmasını üçün xalqlar arası konstruktiv proqramlarda iştirakları ilə bağlıdır. Məhkəmə prosesində buraxılmış pozuntular barədə xəbərlər və məhkumların səhəti bizi narahat edir. Biz Azərbaycan rəsmilərini Leyla və Arifi humanitar əsaslarla azadlığa buraxmağa çağırırıq. Beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün vətəndaşları üçün fundamental insan haqlarının təmin olunması Azərbaycanın parlaq, firavan və sabit qələcəyi istiqamətində vacib addımdır”, o qeyd edib.

Öz növbəsində, ABŞ Dövlət Departamentinin Leyla və Arif Yunus barəsində çıxarılmış məhkəmə qərarı ilə bağlı açıqlamasına münasibət bildirən XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

"ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində 13 avqust 2015-ci ildə çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırırıq.

Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmur. Lakin qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir.

Azərbaycanda akkreditasiya olmuş xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların əməkdaşlarının da izlədiyi məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsi tam şəkildə təmin olunub. Yerli tibbi xidmətlərlə bərabər, Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın “Charite” xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi və müalicəsi altında olub.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin tərkib hissəsi kimi xalqlar arasında konstruktiv dialoqun tərəfdarı olan Azərbaycan dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların qurulmasını təklif edib. ATƏT Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ da bu barədə məlumatlıdır", o qeyd edib.

Azərbaycan Respublikasının konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması, fundamental hüquq və azadlıqlar və qanunun aliliyinin təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir.

XS
SM
MD
LG