ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke Birləşmiş Ştatların tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq etdiyini bildirib. O bu açıqlamanı Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonunun keçmiş sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə çıxarılmış hökmlə bağlı dekabrın 30-da keçirilmiş brifinqdə sualı cavablandıran zaman verib.
“Bu konkret məsələyə dair şərhimiz yoxdur, lakin biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq edirik. Biz inanarıq ki, tərəflər prezidentlərin bu il keçirdiyi üç görüş nəticəsində yaranmış imkandan istifadə edib etibar və inamın yaradılması üçün tədbirlər görə bilər. Dövlət katibi Kerri Uelsdə prezidentləri bunu etməyə çağırıb. Onlar eyni zamanda münaqişənin dinc yolla və davamlı həllinə nail olmaq üçün real danışıqlar prosesinə daxil ola bilər. Biz inanırıq ki, regionun xalqlarının layiq olduğu məhz budur, biz vəziyyəti belə görürük”, deyə Ceff Ratke bildirib.
Dekabrın 29-da Qarabağda diversiya-casusluq fəaliyyətində ittiham edilən Dilqəm Əsgərov hakimin hükmü ilə ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar irəli sürülən ittihamları qəbul etməyərək, doğma yurdlarına yaxınlarının məzarlarını ziyarət etməyə gəldiklərini deyiblər.