Accessibility links

Donorlar konfransında diqqət Ukraynanın infrastruktur ehtiyaclarına yönəlib


Fransa prezidenti Emmanuel Makron və Ukraynanın Baş naziri Denis Şmihal, 13 dekabr, 2022.
Fransa prezidenti Emmanuel Makron və Ukraynanın Baş naziri Denis Şmihal, 13 dekabr, 2022.

Fransa çərşənbə axşamı beynəlxalq donorların iştirakı ilə keçirilən konfransa ev sahibliyi edib. Konfransda diqqət Ukraynaya Rusiyanın ölkənin infrastrukturuna hücumlarının öhdəsindən gəlməyə yardım etməyə yönəlib.

Görüşdə hökumət nümayəndələri, habelə şirkətlər və yardım agentlikləri iştirak edir. Məqsəd Ukaynanı Rusiyanın hücumları fonunda elektrik və enerji kimi infrastrukturu işlək vəziyyətdə saxlamaq üçün ehtiyacı olduğu maliyyə və avadanlıqlarla təmin etməkdir.

Fransa prezidenti Emmanuel Makron deyib ki, Rusiya “Ukrayna xalqını ümidsizliyə sürükləməyə çalışır” və konfransın məqsədi Ukrayna xalqına “bu qışdan çıxmağa” kömək etməkdən ibarətdir.

Ukrayna Prezidenti Volodimir Zelenski konfransa video formatda qoşulub və iştirakçılara deyib ki, ölkəsinin qoşunları üçün zirehli maşınlara ehtiyacı olduğu qədər elektrik generatorlarına da ehtiyacı var.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, Aİ Ukraynadakı xəstəxanaları elektriklə təmin etməyə yardım etmək üçün 40 və ölkə boyu başqa yerlərdə istifadə üçün 800 generator verir.

Von der Leyen bildirib ki, ölkələr Ukraynaya dəstəyini əlaqələndirmək, optimallaşdırmaq və sürətləndirmək məqsədilə birlikdə işləmək üçün əllərindən gələni etməlidirlər və Rusiyanın Ukrayna iqtisadiyyatına və əsas xidmətlərinə qarşı müharibəsinə “qətiyyətli cavab” tələb olunur.

Konfrans bazar ertəsi Böyük Yeddilər qrupunun (G-7) liderlərinin Ukraynanın hərbi və müdafiə avadanlığı ilə bağlı təcili tələblərini yerinə yetirməklə bağlı vədindən sonra keçirilir.

Ağ Ev yaydığı bəyanatında bildirib ki, Böyük Yeddilər “Rusiyanın Ukrayna şəhərlərində kritik infrastrukturu, xüsusilə enerji və su təsislərini hədəf alan davamlı qeyri-insani və qəddar hücumlarını” qınayıb.

Bəyanatda bu “fərq qoyulmadan edilən hücumlar” “müharibə cinayəti” adlandırılıb və “Putinin qanunsuz müharibəsinə şərait yaradanlar” da qınanıb.

Böyük Yeddilərin prezidenti, Almaniya kansleri Olaf Şoltz Ukraynanın maliyyə sabitliyini bərpa etmək öhdəliyini götürüb və Ukraynanın bərpasını ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra Avropaya yenidən qurulması üçün yardım etmək məqsədilə həyata keçirdiyi Marşal Planına bənzədib.

XS
SM
MD
LG