Accessibility links

Donald Trampla Nensi Pelosi arasında gərginlik artır


ABŞ prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi
ABŞ prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi

ABŞ prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi arasında Trampın keçmiş və indiki əməllərinə görə impiç olub-olmaması ilə bağlı müzakirələr səbəbilə qarşıdurma yaşanır.

Pelosi cümə axşamı bildirib ki, Tramp müxalif demokrat qanunvercilərin onu impiç etməsini istəyir, amma rəsmi impiçment prosesinin başlaması üçün əsas irəli sürülməlidir.

O deyib ki, hazırda demokratların nəzarət etdiyi Nümayəndələr Palatasında aparılan bir neçə təhqiqat “bizi impiçmentə götürə bilər”, amma hələ ki, “biz o nöqtəyə gəlməmişik”. 435 üzvlük Nümayəndələr Palatasının 36 demokrat və bir respublikaçı üzvü impiçment prosesinin başladılmasına çağırıb. Lakin Nümayəndələr Palatası Trampı impiç etsə belə, respublikaçıların nəzarət etdiyi Senat böyük ehtimalla onu vəzifədən çıxarmayacaq.

Nensi Pelosi mətbuat konfransı keçirir
Nensi Pelosi mətbuat konfransı keçirir

Ancaq Pelosi deyib ki, Trampın istədiyi “bizim onu impiç etməyimizdir”.

Onun sözlərinə görə, demokratlar Trampın maliyyə əməliyyatları, 28 aylıq prezidentliyi və Robert Müllerin Rusiyanın 2016-ci il prezident seçkilərinə müdaxiləsi habelə Trampın ədaləti əngəlləyib-əngəlləmədiyinə dair istintaqı ilə bağlı məlumatlar toplayarkən “faktlara əsaslanacaq”.

Pelosi deyib ki, o, Tramp üçün hər şeyin yaxşısını arzulasa da, düşünür ki, administrasiya rəsmiləri və ailəsi ölkənin mənfəəti üçün ona “müdaxilə etməlidir”.

Tramp buna cavab olaraq cümə axşamı Ağ Evdə keçirilən mətbuat konfransında Pelosini “dəli Nensi” adlandırıb və “mən olduqca stabil bir dahiyəm” deyib.

Pelosi daha sonra “‘olduqca stabil dahi’ özünü daha çox prezident kimi aparmağa başlayanda mən onunla infrastruktur, ticarət və digər məsələlər üzərində işləməyə məmnun olacam” deyə tvit atıb.

Daha sonra isə Tramp və Trampın şəxsi vəkili Rudi Culiani də Twitterdə Pelosinin montaj edilmiş videolarını paylaşıb.

Pelosinin Trampın impiçmenti ilə bağlı şərhləri ABŞ lideri onunla bağlı istintaq apardıqlarına görə Konqresdəki demokratlara yeni hücumlar edərək onların “heç nə etməyən partiya” adlandırandan bir neçə saat sonraya təsadüf edib.

“Altı komitə hər gün mənim əleyhimə nə isə tapmaq istəyir”, Tramp Pelosi və Senatın demokrat lideri Çak Şumerlə infrastruktur xərcləri ilə bağlı Ağ Evdə keçirilən görüşü gözlənilmədən tərk edəndən bir gün sonra Twitter-də yazıb. Pelosinin onun “ört-basdırla məşğul” olduğunu deməsindən sonra qəzəblənən Tramp demokrat lidelər təhqiqatlarını davam etdiyi təqdirdə onlarla siyasi məsələləri müzakirə etməyəcəyini söyləyib.

Donald Tramp bəyanatla çıxış edir
Donald Tramp bəyanatla çıxış edir

Demokrat qanunvericilərin Trampın qlobal biznes imperiyasına aid maliyyə əməliyyatları ilə bağlı istintaqlarından geri çəkiləcəkləri və Müller hesabatına son qoyacaqlarına dair heç bir işarə yox idi. Müller Trampın Rusiya ilə onun qalib gəlməsi üçün əməkdaşlıq etmədiyinə dair nəticəyə gəlib, lakin onun ədaləti əngəlləyib-əngəlləmədiyinə dair qərar çıxarmayıb. Bunun ardınca baş prokuror Uilyam Barr və o zaman baş prokurorun müavini olan Rod Rozenstin Trampa qarşı irəli sürülən ədalətin əngəlləmək ittihamlarının əsassız olduğuna qərar verib.

Pelosi və Şumer Trampın iclası tərk etməsini onun “hirsli” olması ilə əlaqələndirib. Şumer MSNBC-yə bildirib ki, o, bunun Tramp və onun yardımçılarının “çox pis hazırlaşdığı və infrasntruk xərclərini nə ilə ödəcəyəklərini deməyə qorxduqları üçün geri addım atmağın yolunu axtardıqları üçün baş verdiyini” düşünür.

Görüşü tərk edəndən sonra Tramp çərşənbə günü Ağ Evdə müxbirlərə “Mən ört-basdırla məşğul deyiləm” deyib.

O bildirib ki, onunla bağlı təhqiqatlar və hökümətin yürütdüyü siyasətlə bağlı danışıqlar eyni anda aparıla bilməz.

XS
SM
MD
LG