ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən məhsullara əlavə 325 milyard dollar dəyərində tarif tətbiq etməklə bağlı hədələr səsləndirib. Tramp bunu prezident Şi Tsinpinin bu ayın sonu onunla ticarət danışıqlarında iştirak etməyəcəyi halda edəcəyini bildirib.
Tramp bu ayın sonu Yaponiyanın Osaka şəhərində G-20 ölkələri liderləri toplantısında Şi ilə görüşəcəyini gözləsə də, rəsmi Pekin görüşü ictimai şəkildə təsdiq etməyib.
ABŞ prezidenti əlavə edib ki, Şi ilə görüş baş tutmasa Çindən idxal edilən məhsullara tətbiq edilmiş 200 milyard dollar dəyirində olan tariflərə əlavə tariflər tətbiq edəcək.
Dünyanın iki ən nəhəng iqtisadiyyatı arasında aylarla davam edən danışıqlar hal-hazırda dayandırılıb. Vaşinqton Pekini razılaşdırılmış şərtləri icra etməməkdə ittiham edir. Çin isə bu iddianı rədd edir.
Çinin xarici işlər naziri ticarət müharibəsini istəmədiklərini, lakin baş verəcəyi halda bundan qorxmadıqlarını deyib.