ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Con Un aralarında ikinci sammitdən öncə ilk görüşlərini keçirib və şam ediblər.
İki lider arasında görüş Hanoyun köhnə hissəsindəki Sofitel Legend Metropole mehmanxasında baş tutub. İlk zirvə görüşündə olduğu kimi, bu dəfə də Şimali Koreyanın nüvəsizləşdirilməsi görüşün əsas mövzusudur.
Əsasən müzakirələr bağlı qapılar arxasında keçiriləcək, amma Tramp danışıqlara başlamazdan əvvəl Kim Cong Una görüşün "çox gözəl" olacağına və uzunmüddətli əməkdaşlığa gətirib çıxaracağına "inandığını" bildirib.
“Kim Conq Un ilə görüşmək böyük şərəfdir. Burada Vyetnamda onunla bir araya gəlmək çox böyük şərəfdir. Birinci zirvə görüşümüz çox uğurlu olub, zənnimcə, bu görüşdə də ən azı ya onun kimi, ya da ondan da yüksək nəticələr əldə olunacaq”, Donald Tramp deyib.
Bundan sonra ölkə başçıları birlikdə şam edən zaman Kim tərcüməçisi vasitəsilə ikinci görüşün uğurlu olacağını deyib, Tramp onunla razılaşıb.
“Sabah çox məşğul gün olacaq və yəqin ki, bir çox məsələlər öz həllini tapacaq. Ümid edirəm ki, bu uzun müddət üçün vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq. Bizim münasibətlərimiz xüsusi münasibətlərdir”, Donald Tramp deyib.
ABŞ Dövlət katibi Mayk Pompeo və Ağ Evin apparat rəhbəri Mik Malvani şam süfrəsi zamanı Donald Trampa qatılıb.
Şam yeməyindən bir neçə saat öncə Tramp Twitter səhifəsində sammitlə bağlı "yanlış məlumatları" adlandırdığı məlumatları rədd edərək, Şimali Koreya lideri ilə nüvəsizləşdirmə məsələsi üzərində işləyəcəyini və bunun Şimali Koreyanın iqtisadiyyatına müsbət təsiri olacağını yazıb.
ABŞ prezidenti Donald Tramp Vyetnama səfərinin ilk gününün ilk yarısında ölkə rəsmiləri ilə görüşüb. İki tərəfin imzaladığı ticarət razılaşmasına əsasən, Vyetnam ABŞ-dan milyardlarla dollar dəyərində Boeing təyyarələrini alacaq.