Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Donald Task Brüsseldə görüşüblər. Onlar Yerevanla Avropa Birliyinin münasibətlərini, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Brüsseldə keçirilən danışıqlardan sonra Donald Tusk jurnalistlərə deyib ki, Avropa İttifaqı “Ermənistanın demokratiyanın möhkəmləndirilməsi, vətəndaşları üçün daha yaxşı iqtisadi gələcək yaradılmasına doğru yolunu dəstəkləyəcək”.
O, tərəflər arasına hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının hər iki tərəfə real faydalar verməsinə çalışdıqlarını, Avropa İttifaqının Ermənistan mallarının ən böyük idxalçısı olduğunu vurğulayıb.
VİZASIZ SƏYAHƏT
Nikol Paşinyan deyib ki, o, Task ilə Ermənistan vətəndaşları üçün Avropa İttifaqına vizasız səyahət məsələsini də götür-qoy edib.
“Ermənistan vətəndaşları yaxın gələcəkdə Avropa İttifaqına vizasız səyahət etmək imkanını səbirsizliklə gözləyirlər”, Paşinyan vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Task qeyd edib ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli yönündə fəaliyyətini “tamamilə dəstəkləyir”.
“Ermənistan və Azərbaycan liderlərinin son kontaktları məni ruhlandırıb”, – Task vurğulayıb.
“AB status kvonun davamlı olmamasına inanır. Münaqişənin hərbi yolla həlli yoxdur və beynəlxalq hüquqa uyğun olaraq siyasi həllini tapmalıdır”, – o deyib.
“Əhalinin sülhə hazırlanması həllə doğru vacib addımdır və biz bunu dəstəkləməyə hazırıq”, Task bildirib.
Nikol Paşinyan deyib ki, Yerevan AB-nin Dağlıq Qarabağ münaqişəsində “davamlı balanslı mövqeyini” qiymətləndirir.
“Bu, regionumuzda sülhə və təhlükəsizliyə dəyərli töhfədir. Mən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin müstəsna olaraq sülh yoluyla həllinə tam sadiq olduğunu bir daha vurğuladım”, o bildirib.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
AzadlıqRadiosu