Rusiyalı alimin Azərbaycanda saxlanılmasının detalları məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Rusiya vətəndaşı olan Dmitri Çulkovun Azərbaycanda üzləşdiyi xoşagəlməz hal onun birbaşa özünün törətmiş olduğu xətanın nəticəsi olub.
Belə ki, cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan Dmitri Çulkov qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin Dmitri Çulkov polisin də qanuni tələbinə məhəl qoymayıb.
Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra Dmitri Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən 10 sutka inzibati həbs qərarı çıxarıb. Dmitri Çulkov səhvini başa düşdüyünü bildirib, hətta üzrxahlıq da edib.
Bu gün Dmitri Çulkov barəsində seçilmiş həbs qərarının müddəti başa çatır. O, ölkəsinə yola salınacaq.
Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də itkin düşməsi barədə məlumat yayıb.
RİA Novosti onun anası Olqa Çulkovaya istinadən edərək məlumat yayıb.
Onun sözlərinə görə, yanvarın 3-də oğlu birbaşa reyslə Moskvadan Gəncəyə gedib. İki gün sonra o, 50 km məsafədə, cəbhə xəttinə yaxın yerləşən (Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin şimal hissəsi) Göygölü ziyarət etməyə qərar verib. Bundan sonra onunla əlaqə kəsilib. Yanvarın 10-da o, Moskvaya qayıtmalı idi, amma bu, baş verməyib.
"Qeyri-rəsmi məlumatlara görə, o, cəbhə zonasında saxlanılıb", Olqa Çulkova bildirib.
"O, qadağan olunmuş zonaya daxil olub, burada onu tutublar", Gəncədə Çulkovun qaldığı mehmanxananın sahibi bildirib.
Mehmanxana sahibi deyib ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mehmanxanaya gəliblər, burada qalan şəxs barədə suallar veriblər və gəncin bütün əşyalarını müsadirə ediblər.
Onlar deyiblər ki, Çulkov qəsdən mühafizə olunan ərazinin hasarını aşıb və mühafizəçilərin tələblərinə tabe olmayıb.
Sonradan Olqa Çulkova bildirib ki, Dmitri ilə əlaqə saxlayıb.
"Onun zəng etməyinə icazə veriblər. Deyib ki, yemək verirlər, tezliklə buraxmağa və Moskvaya göndərməyə söz verirlər. Dəfələrlə təkrarlayıb ki, döyməyiblər", o bildirib.
Çulkovanın sözlərinə görə, Rusiya səfirliyindən də onunla əlaqə saxlayıblar və gənc üçün heç bir təhlükə olmadığına inandırıblar.
“Rusiyanın Azərbaycandakı səfirliyinə yerli hakimiyyət tərəfindən Rusiya vətəndaşının saxlanılması barədə məlumat verilib, onun tezliklə vətənə qayıtması üzrə tədbirlər görülür”, şənbə günü diplomatik nümayəndəliyin mətbuat attaşesi Denis Apaşkin RİA Novosti-yə bildirib.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi hələ Çulkovun saxlanılması ilə bağlı məlumat yaymayıb.