Accessibility links

DGK koronavirus aşkarlanan şəxslə bağlı açıqlama yayıb


Dövlət Gömrük Komitəsi (DGK) İrandan gələrək Azərbaycandan tranzit keçməklə Tbilisiyə gedən və koronavirus aşkarlanan Gürcüstan vətəndaşı ilə bağlı açıqlama yayımlayıb.

Açıqlamada deyilir: "İran İslam Respublikasından Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib."

Dövlət Gömrük Komitəsi həmçinin qeyd edib ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlarda xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edildiyi bildirilib.

"Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb," DSK-nin bəyanatında qeyd edilib.

Gürcüstan Çinlə birbaşa hava nəqliyyatını dayandırıb. Habelə, Tbilisi İran vətəndaşlarının ölkəyə daxil olmasını iki həftə müddətinə qadağan edib. Bu faktdan əvvəl Gürcüstanda heç kimdə koronavirus aşkarlanmamışdı.

XS
SM
MD
LG