Accessibility links

Detroyt avtomobil şousu (VİDEO)


Ford-un 2013-cü il yeni modeli
Ford-un 2013-cü il yeni modeli

Detroyt şəhərində 2012-ci il Beynəlxalq Avtomobil Şousunun açılışı olub. Hər il keçirilən şouda yeni avtomobillər və sənayedə texnoloji yeniliklər nümayiş etdirilir. ABŞ-ın Ford, Kraysler və General Motors şirkətləri builki şouya yeni modellər çıxarıb.

Detroyt şousunda yeni avtomobil nümayiş etdirən Ford şirkətinin icraçı direktoru Alan Mulallinin mesajı belə idi: şirkətdə artım və inkişaf var. Alan Mulalli: “Biz ABŞ-dakı zavodlarda 12 min yeni iş yerinin yaradılmasına çalışırıq və bu ilin sonuna qədər bu yerlərə adam götürməyi planlaşdırırıq. Asiyada isə 3 min yeni iş yeri yaradılacaq. “

Ford son bir neçə ildə böyük gəlir əldə edərək, minlərlə insanı iş yeri ilə təmin edən avtomobil sənayesində böyük dəyişikliklər hesabına indi genişlənə bilir. 2011-ci ildə Avtomobil İşçiləri Birliyinin həmkarlar ittifaqı ilə yeni sazişə əsasən, Detroytda üç ən böyük avtomobil şirkəti olan Ford, General Motors və Kraysler ABŞ-da istehsala daha çox işçi cəlb etməlidir. Bob Kinq Avtomobil İşçiləri Birliyinin həmkarlar ittifaqının prezidentidir. O deyir: “Ölkənin özündə bu iş yerlərinin yaradılmasını və investisiya qoyuluşlarını təmin etməyimiz bütün sənaye sahəsinə müsbət təsir göstərəcək.”

Bob Kinqi bildirdiyinə görə, yeni müqavilədə ABŞ-da bağlanmış bəzi zavodların açılmasını və Amerikadan daha çox avtomobil ixracını nəzərdə tutur. “Neçə ildir dünyanın başqa yerlərinə nə avtomobil, nə də ehtiyat hissələri ixrac edilirdi. Bu üç şirkət ABŞ-dan xaricə əsas avtomobil ixracatçısı olacaq.”

Amerika avtomobil sənayesi hökumət yardımı ilə müflisləşməkdən qurtararaq istehsalı bərpa etsə də, Miçiqan universitetində iqtisadçı-alim, professor Brüs Pyetrikovski deyir ki, hələlik dövriyyə tam bərpa olmayıb və avtomobil sənayesinin yenidən tənəzzülə uğraya bilməsi təhlükəsi də hələ sovuşmayıb. “Amerikalıların çoxunun gəlirləri 2000-ci ildəki kimi deyil. Onların çoxu işsizdir, ya da avtomobil sənayesinin yaxşı vəziyyətdə olduğu illərlə müqayisədə daha az maaş alır.”

Professor Pyetrikovski deyir ki, Birləşmiş Ştatlarda son zamanlar avtomobil satışlarının artması tənəzzül dövrü maşın almaq fikrindən daşınmış alıcıların bu gün yaratdığı tələbatla izah edilir. O əlavə edir ki, Amerika avtomobil sənayesində gələcək inkişaf qarşısında daha bir maneə birbaşa Uol Stritdə vəziyyət və daşınmaz əmlak bazarında tənəzzüllə əlaqədardır. “İndi kredit almaq imkanı çox məhdudur, buna görə də amerikalılar avtomobil almaq üçün kredit götürə bilmir və bunun üçün özlərini maliyyə baxımından çətin vəziyyətə salmaq istəmir.”

Buna görə də bu il Detroyt Avtomobil Şousunda istehsalçılar daha yeni, kompakt, ucuz və benzinə qənaət edən modellər nümayiş etdirir. Avtomobil istehsalçıları hələ də qeyri-müəyyən iqtisadi şəraitdə təzə maşın almaq istəyən potensial müştəriləri cəlb etməyə çalışır.

XS
SM
MD
LG