Növbədənkənar parlament seçkilərində 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında Elman Bağırov saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin məlumatına görə, Bakının Yasamal Rayon Polis İdarəsi saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.
Müəyyən edilib ki, Elman Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub.
Deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, o, ölümlə təhdid edilib.
"Whatsappla zəng edib, məhv etməklə təhdid edirlər. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. Mənə zəng edib, təhdid edən şəxsin nömrəsini axtardıqda "Şeyx Həmzətin köməkçisi", "Bratva Rovşana", "Port Bakuda ev satır 1000 kv/m", "Vertu bahalı", bir neçə yerdə "Bentley", "Ramada Otel", "Pomoshnik Djavada", "Gəncə süd zavodu", "villa, bağ, arxitektor", "535 rəis üçün" çıxır. Şeyx Həmzəti google axtarış sistemi "çeçen kriminal avtoritet" kimi göstərir," Hacıyev facebook səhifəsində qeyd edib.