Azərbaycanlıların hazırkı Ermənistan dövlətinin ərazisindən tam deportasiyasından 28 il ötür.
Son deportasiya zamanı Ermənistanda 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlıları öz yurdlarından qovulub.
1988-ci ilin soyuq noyabr-dekabr aylarında Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiya edilib.
Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı qaldırdığı və istintaqı yarımçıq qalmış cinayət işinin materialılıarında deyilir ki, Ermənistan tərəfindən həyata keçirilən deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır.
Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir.
Erməni müəllif Zaren Karkadyanın Yerevanda nəşr olunmuş "Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə" kitabında yazılır:
"1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2.000-də azərbaycanlılar yaşayıb”, müəllif qeyd edib.
Deportasiyaya məruz qalmış azərbaycanlıların böyük əksəriyyəti hazırki Azərbaycan Respublikasının ərazisində məskunlaşıb.